Amerika

Nəticəsiz nüvə müzakirələri: vaxt kimin əleyhinə işləyir?

Pinterest LinkedIn Tumblr

 

 

Araz Aslanlı

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) Sədri

 

 

“5+1” qrupu ilə İran arasında keçirilən nüvə müzakirələrinin növbəti mərhələsi rəsmi açıqlamalara görə nəticəsiz başa çatıb. Bəs bu nəticəsizlik hara qədər davam edə bilər və vaxt kimin əleyhinə işləyir?

 

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniyadan ibarət olan “5 +1” qrupu ilə İran arasında 6-7 aprel 2013-cü il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən nüvə müzakirələri nəticəsiz başa çatıb. Bu dəfəki toplantıda hətta növbəti toplantının keçirilməsi ilə bağlı qərar belə qəbul edilməyib. Amma qapılar tamamən də bağlanmayıb. “5+1” adından müzakirələri aparan əsas şəxs olan Avropa Birliyinin (AB) Xarici Əlaqələr Üzrə Nümayəndəsi Ketrin Eştonun və müxtəlif ölkələrin nümayəndlərinin açıqlamalarından belə görünür ki, tərəflər danışıqların davam etdirilməsində maraqlıdırlar. Ketrin Eşton tərəflərin gəlinən vəziyyəti öz paytaxtlarında müzakirə etmək istədiklərini bildirib. O, əlavə edib ki, İranın müzakirələrdə iştirakı hələlik daha çox görüntü xarakteri daşıyır və bu ölkə mahiyyətlə bağlı gözləntiləri yerinə gətirmir. Bu səbəbdən də tərəflər mövqe baxımından hələ də çox əks mövqelərdə qalmağa davam edirlər.

 

Almatıda 26-27 fevral tarixlərində və 6-7 aprel tarixlərində keçirilən müzakirələrlə bağlı “Qərb cəbhəsində” müsbət fikirlər də var. Məsələn, ABŞ diplomatları uzun danışıqlar prosesində ilk dəfə əsl mövzuların müzakirə olunmağa başladığını bildirirlər. Məhz buna görə iyun ayında İranda keçiriləcək prezident seçkilərindən öncə müzakirələrin növbəti turunun keçirilməsi də arzulanır. Amma ABŞ diplomatları da İranın əsas təkliflərə (ki, tərəflər bu təklifləri kifayət qədər balanslı hesab edirdilər) cavab verməməsini mənfi hal kimi qiymətləndirirlər.

 

Öz növbəsində İranın danışıqlardakı nümayəndəsi Səid Cəlili danışıqlardan sonra mətbuata açıqlamasında qarşı tərəfə yeni təkliflər təqdim etdiklərini, “6-lar”ın bu təkliflərə hazır olmadığını və qərar vermək üçün vaxt istədiyini bildirib. Aprelin 9-da mətbuat konfransı keçirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst də “iradə və sədaqət göstərmək növbəsinin “5+1” ölkələrində olduğunu” iddia edib.

 

Qeyd edək ki, İranın son addımı “6-lar” tərəfindən oyunun qaydalarını dəyişdirməyə çalışmaq kimi qiymətləndirilib.  Hətta adətən İranı müdafiə edən Rusiyanın Xarci islər nazirinin müavini Sergey Ryabkov İranı “əvvəlki təkliflərə qaneedici cavablar verməməklə” və “yeni təklif irəli sürərək suallara cavab verməkdən yayınmaqla” ittiham edib.

 

Digər tərəfdən İran rəsmiləri Almatı müzakirələrindən sonra Qərbə hədə qorxu da gəliblər. Məsələn İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ələddin Burucerdi aprelin 8-də İranın Əl-Aləm televiziya kanalında çıxış edərək Qərb ölkələrini “nüvə silahlarının azaldılması və İranın nüvə fəaliyyəti hüququnun rəsmən tanınması mövzularında məsuliyyətlərini yerinə gətirmədikləri təqdirdə”, İranın Nüvə Silahların Məhdudlaşdırılması Müqaviləsi (NPT) üzvlüyündən çıxmasıyla hədələyib. (Burucerdi açıqlamalarının başqa hissəsində İranın Qərb dövlətlərinin məsələni növbəti dəfə BMT TŞ gündəliyinə daşıması və bu qurum səviyyəsində yeni sanksiya qərarlarının qəbulu ehtimalından da möhkəm narahatlıq keçirdiyini də vurğulayıb).

 

İranda Milli nüvə günü kimi qeyd olunan fevralın 10-da İran Atom Enerjisi Qurumunun rəhbəri Firudin Abbasi İranın öz reaktorları üçün uranı 20 % zənginlşdirdiyini və ehtiyac duyduğu müddətcə də bu fəaliyyətini davam etdirəcəyini bildirib. Abbasi fevralın 9-da İRİB-2 televiziya kanalına müsahibəsində isə İranın 16 atom elektrik stansiyası qurmağa hazırlaşdığnı da iddia edib. Bu iddianın ciddiliyi və İranin bunu etməyə imkanlarının olub olmaması bir kənara qoyulsa bilə, maraqlıdır ki, kifayət qədər çox enerjidaşıyıcıya (neft və təbii qaz ehtiyatlarına) malik olan və onsuz da heç istehsal etdiyinin çoxunu ixrac edə bilməyən İranın bu qədər atom elektrik stansiyasına ehtiyacının səbəbi nədir? Digər tərəfdən əksər əraziləri zəlzələ bölgəsi olan İranda bu qədər atom elektrik stansiyası harada tikiləcəkdir? İran bu qədər sərt sanksiyalara məruz qaldığı bir mərhələdə AES inşası üçün lazımı elmi-texniki dəstəyi hardan alacaqdır və maksimum təhükəsizliyi necə təmin edəcəkdir? Yeri gəlmişkən aprelin 9-da Buşehrdə baş vermiş zəlzələ də İranda AES-lərin inşasının riskiylə bağlı sualları bir daha gündəmə gətirmişdir.

 

Digər tərəfdən danışıqların növbəti dəfə nəticəsiz başa çatması İranda valyutanın növbəti dəfə bahalaşmasına səbəb olub. Belə ki, aprelin 6-da Tehran valyuta bazarında 35 250 riala satılan 1 ABŞ dolları aprelin 7-də 36 500 riala (1400 rial daha baha) satılıb. Xatırladaq ki, son mərhələdəki sanksiyalara qədər 1 ABŞ dollarının qiyməti təxminən elə bu aradakı fərq qədər (1 Dollar =1500 rial) idi. Maraqlıdır ki, bu mərhələdə dollara olan tələbatda xüsusi artış baş verməyib. Məhz bu səbəbə görə mütəxəssislər İran bazarının psixoloji məqamdan həddindən artıq dərəcədə asılı olduğunu qeyd edirlər. Nüvə müzakirələrindəki uğursuzluq avtomatik olaraq bazara təsir edə bilir. Bu gedişat seçki öncəsi İranda sosial-iqtisadi durumun ağırlaşmasına səbəb ola bilər.

 

Xatırladaq ki, Almatıdakı ilk görüşdə “6-lar” İrana təklif etmişdilər ki, uranı 20% zənginləşdirməklə bağlı proqramını 6 ay müddətinə dayandırsın. Bunun əvəzində İrana tətbiq olunan sanksiyaların müəyyən dərəcədə yumşaldılması nəzərdə tutulur. “6-lar” hesab edirlər ki, qarşılıqlı etimadın müəyyənləşdirilməsi üçün bu mərhələ vacibdir. İran isə ona tətbiq edilən sanksiyaların tamamən aradan qaldırılmasını tələb edir. Bu ölkə qarşılıqlı etimad üçün əsas addımın özünə tətbiq olunan sanksiyaların tam qaldırılması olduğunu iddia edir.

 

Nüvə danışıqlarının bu şəkildə davam etməsi görünüşə görə hər iki tərəfi, amma xüsusilə ABŞ başda olmaqla Qərb dövlətlərini qane etmir. Danışıqların son mərhələsində Türkiyə və İsrail də daxil olmaqla bölgədə səfərdə olan ABŞ-ın Xarici işlər naziri Con Keri müzakirələrin sonsuza qədər davam edə bilməyəcəyinə dair növbəti dəfə xəbərdarlıq etdi. Xatırladaq ki, Astanada 2013-cü ilin fevralında keçirilən danışıqlardan sonra da ABŞ rəsmiləri nətisəzlik barədə sərt bəyanatlar vermişdilər. Martın 4-də ABŞ-İsrail İctimai Münasibətlər Komitəsinin illik konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Co Bayden ölkəsinin İsrailin təhlükəsizliyini qorumaq üçün lazım olan bütün addımları atacağını elan etmiş və bir daha təkrarlamışdı ki, “ABŞ və İsrail, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün ortaq maraqlara malikdirlər”. Bayden, iki  məqamı xüsusi vurğulamışdı. O qeyd etdmişdi ki, problemin diplomatik yolla həllinin müddəti başa çatmaq üzrədir. Baydenin vurğuladığı ikinci vacib məqam isə Obama hakimiyyətinin İranla bağlı hərbi varianta mövqeyini ortaya qoyurdu: “Obama hakimiyyəti bütün digər variantlar uğursuz olduğu təqdirdə hərbi yola müraciət etmək barədə verdiyi sözə əməl edəcək və bu barədə deyilən sözlər əsla blef deyil.”

 

ABŞ Xarici işlər naziri Con Kerri də Martın əvvlində Yaxın Şəırq bölgəsinə səfəri çərçivəsində Səudiyyə Ərəbistanında keçirdiyi görüşlərdən sonra verdiyi açıqlamada İranın nüvə proqramı ilə bağlı problemin həlli üçün diplomatik həll variantının sonsuza qədər davam etməyəcəyini bildirmişdi. Kerri qeyd etdmşdi ki, Yaxın və Orta Şərqdəki nüvə yarışı, bölgədəki radikal qrupların “təhlükəli” silahlara sahib olmaları ilə nəticələnə bilər ki, bu da ABŞ üçün qəbul edilməzdir. Obamanın İsrailə son (martın 21-dəki) səfərində də bu məqama diqqət çəkildi: “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və bunun üçün bütün vasitələrdən istifadə edə bilərik!”.

 

Öz növbəsində İsrail rəsmiləri İrana qarşı nəticə alacaq konkret və daha sərt addımlar atılmasının zəruri olduğunu irəli sürüblər. İsrailin Baş naziri Benyamin Netanyahu da növbəti dəfə ölkəsinin özünü müdafiə etmək üçün heç kimdən yardım gözləməyəcəyini, İsrailin zəruri hesab etdiyi addımları yeri gəldiyi zaman təkbaşına da olsa atacağını iddia edib.

 

Onu da əlavə edək ki, İsrailin İranın nüvə proqramı ilə bağlı tənqidləri Türkiyə rəhbərliyi başda olmaqla xeyli sayıdakı qüvvə tərəfindən tərəfindən ironiya ilə qarşılanır. Türkiyə, özü nüvə silahına malik olan və nüvə silahının məhdudlaşdırılmasına dair müqaviləyə də qoşulmayan İsrailin bu mövqeyini ədalətsiz hesab edir.

 

Bəs İranın nüvə proqramı ətrafında yaranmış problemin aqibəti necə olacaq?

İranın nüvə silahından “nələrinsə əvəzinə” vaz keçməyə qərar verdiyinə dair ehtimalın yüksək olduğu düşünülür. İranın Ali Dini Rəhbəri Xameneinin nüvə silahının “haram” olması barədə fikirlərinin də bu mövqeyə zəmin hazırlamaq məqsədiylə ortaya atıldığı güman edilir. İndi əsas məsələ bu addımın zamanı və əvəzində alınacaqlar məsələsidir. Bəzi müşahidəçilər İranın seçkilərə qədər, bəziləri isə seçkilərdən sonra yeni təkliflərlə çıxış edə biləcəyini iddia edirlər. Məsələn, ABŞ-da yayınlanan “Wall Street Journalda aprelin 2-də dərc olunan bir materialda iddia olunub ki, Ayətullah Əli Xamaneinin seçkilər ərəfəsində Qərblə gərginliyi azaltmaq məqsədi ilə nüvə fəaliyyətində bir sıra məhdudiyyətlərin tətbiqinə icazə verməsi gözlənilir. Jurnalda verilmiş təhlildə o da qeyd olunur ki, Xamenei İsrail və ABŞ-a meydan oxumaqla daxildəki mövqeyini möhkəmləndirməyə nail olmağı bacarıb. Qərb ölkələri ilə gərginliyi azaltmaqla isə o, Tehranla başqa ölkələr arasında münasibətlərin normal inkişafına da nail ola bilərdi.

 

Bütün hallarda nüvə müzakirələrin nəticəsiz davam etməsi istər birbaşa İran, istərsə də ümumilikdə bölgəylə bağlı gərginliyin getdikcə artmasına, hərbi əməliyyatlar ehtimalının yüksəlməsinə, İranın sadəcə Qərb dövlətləri ilə deyil, eləcə də qonşuları ilə münasibətlərinin hər gün daha da pisləşməsinə səbəb olur. Adətən nəticəsiz müzakirələrin bütün tərəfləri itirirlər. Çünkü daha faydalı istiqamətlərə cəlb edə biləcəkləri resurslarını danışıqlarla həll edilə bilməyən məsələyə yönləndirmək məcburiyyətində qalırlar. Amma nəticəsizliyin İran daxilində yaratdığı nəticələr şübhəsiz ki, daha ağırdır: iqtisadi və sosial problemlərə, tibbi ləvazimat, dərman çatışmazlığı kimi məqamlar da əlavə olunub. Milli hüquqlar, insan hüquqları və demokratiya ilə bağlı problemlərinə sosial-iqtisadi böhranını da əlavə edən İran 2009-cu ildə yaşadığı “rejim silkələnməsindən” sonra ciddi rejimdaxili problemlər də yaşadı. İndi bu ölkə nüvə probleminin ona getdikcə daha baha başa gəlməsindən qaynaqlanan yükü daşıya bilmir. Ümumilikdə isə nüvə problemi ətrafında yaranmış gərginliyin (tərəflərdən kim nə qədər günahkar olur olsun, fərqi yoxdur) cəzasını daha çox sadə İran vətəndaşları çəkir və mümkün hərbi müdaxilə (zəif ehtimal da olsa) senarisində onlara bölgə xalqları da qoşulacaq.

 

Araz Aslanlı