Hərbi-təhükəsizlik

Ermənistan: seçkilərdən sonra…

Pinterest LinkedIn Tumblr

    

Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

Ermənistanda bu ilin 18 fevralında keçirilən prezident seçkilərinin nəticələrinə görə ikinci olan Miras Partiyasının lideri Raffi Hovannesyan seçkilərin nəticələrinə etiraz edərək mart ayında etiraz mitinqi və nümayişlər təşkil etməyə başladı. Hovannesyan bu nümayiş və mitinqlərin heç bir nəticə verməyəcəyini bilsə də, seçiciləri qarşısında imicini qorumaq və ictimai-siyasi həyatda onsuz da boş olan yeri doldurmağa uğursuz cəhdlər etdi. Bu müddətdə Prezident Serj Sərkisyan ilə də görüşən Hovannesyan görüşün nəticələrindən məmnun qalmadığını müxtəlif yollarla dilə gətirdi. Daha sonra erməni mətbuatında Hovannesyan və partiyasından bəzilərinin hökumətdə təmsil edilmə imkan və fürsəti haqqında müxtəlif fikirlər səsləndirildi. Hovannesyan bir neçə nazirlikdə və dövlət komitələrində təmsil olunmalarını istəsə də, hakim Ermənistan Respublika Partiyası belə bir məsələnin müzakirə mövzusu olmadığını bildirərək məsələyə nöqtə qoydu.

Hovannesyanın Sərkisyanın and içmə mərasiminin olacağı 9 apreldə böyük etiraz nümayişi təşkil edəcəyi təxmin edilsə də, təşkil edilən nümayiş gözlənildiyi kimi böyük olmadı və səs gətirmədi. Nümayişdə bəzi insanların yaralanaması və həbs edilməsi də etiraz dalğasının güclənməsinə səbəb olmadı. Hovannesyan Sərkisyanı Prezident olaraq qəbul etmədiyini bildirdi və saxtakarlıqla seçilmiş Sərkisyanın and içmə mərasimində iştirak etdiyi üçün Ermənistanın dini lideri Qareqini istefa verməyə dəvət etdi.

Ermənistan və Azərbaycan mətbuatında verilən informasiyalarda Hovannesyanın liderliyində təşkil edilən eiraz mitinq və nümayişləri sanki ölkədə ciddi dəyişikliklərə səbəb olacaqmış kimi dəyərləndirilsə də, xüsusilə iqtisadiyyatda ciddi problemlərin olmasına baxmayaraq Sərkisyan hələlik ölkəyə nəzarət edə bilir. Ancaq onu da vurğulamaq lazımdır ki, önümüzdəki beş ildə Sərkisyan üçün daxili və xarici siyasətdə müxtəlif problemlər ortaya çıxa bilər.

6 may 2012-ci ildə keçirilən Parlament seçkilərinin nəticələrinə görə Ermənistan Respublika Partiyasının tək başına qurduğu hökumət legitim olmaqdan çox uzaqdır. Xarici siyasətdə, xüsusilə də Rusiya istiqamətində müəyyən problemlərin olacağı ehtimal edilir.

Dağlıq Qarabağ məsələsinin həll edilməməsi Ermənistan qarşısında ciddi problemdir. Bu problemin həll edilməməsi Ermənistanın iqtisadi inkişafına, bölgə və beynəlxalq əhəmiyyətli layihələrdə işitirak etməsinə imkan vermir. Ermənistan hələlik əsasən Rusiyanın və Avropa dövlətlərinin siyasi və maliyyə dəstəyi ilə müstəqilliyini qoruyub saxlamağa çalışsa da, bu vəziyyət sonsuza qədər davam edə bilməz. Avropada yaşanan iqtisadi böhranın dərinləşməsi, Rusiyanın verdiyi dəstək müqabilində Ermənistanda daha da güclənməsi və təzyiqlərini artırması ölkənin müstəqil inkişaf etməsinə mane olmaqdadır.

Rusiya son zamanlarda Ermənistanın Gömrük Birliyinə və Avrasiya Birliyinə üzv olması üçün təzyiqlərini artırmaqdadır. Rusiyanın liderliyindəki bu iki təşkilatla Ermənistanın əməkdaşlığını genişləndirməsi təbii ki, Avropa İttifaqı ilə münasibətlərində problem yaradacaqdır. Sərkisyan 11 mart 2013-cü ildə Rusiyaya səfər etdiyi gün İngiltərə Xarici İşlər Nazirinin müavini Saymon Freyzer verdiyi bəyanatda Ermənistanın Avropa ilə inteqrasiyası və Rusiya ilə iqtisadi münasibətlərinin bir-biri ilə təzad təşkil etmədiyini, ancaq Ermənistanın Gömrük Birliyinə üzv olmasının onun Avropa Birliyi ilə azad ticarət zonası haqqında əməkdaşlığında problemlərə səbəb olacağını vurğulamışdır. Əlbəttə, bu bəyanatın Sərkisyanın Rusiyanı ziyarət etdiyi gün verilməsi təsadüfi deyildir.

Ermənistan istəsə də, hələlik Rusiyanın təsir dairəsindən uzaqlaşmaq imkana malik deyildir. Ölkədəki bütün strateji sənaye müəssisələrinin nəzarət paketi Rusiyanın əlindədir. Ermənistan enerji sahəsində tamamilə Rusiyadan asılı vəziyyətdədir. Ermənistan istehlak etdiyi təbii qazın böyük bir hissəsini, Metsamor atom elektrik stansiyasının fəaliyyəti üçün ehtiyac duyduğu saflaşdırılmış uranın isə hamısını Rusiyadan alır. Rusiyada təxminən 2 milyona yaxın erməninin yaşadığı ehtimal edilir. Bu miqrantların ölkələrinə göndərdiyi pulun illik həcminin bir milyard dollardan çox olduğu təxmin edilir.

Ermənistanda Rusiyanın 102 hərbi bazası yerləşdirilmişdir. Bu bazanın olması belə Ermənistanın Rusiya qarşısında manevr etmə imkanlarını olduqca məhdudlaşdırır. Ermənistanın xarici və iqtisadi siyasət perspektivi qarşısında Rusiya ciddi bir əngəldir. Rusiyanın təzyiqlərini azaltmadan və mövqelərini zəiflətmədən Ermənistanın bu sahələrdə dövlət mənafelərini qoruyacaq siyasət həyata keçirməsi mümkün deyildir.

Bütün bu vəziyyət Sərkisyan üçün önümüzdəki beş il heç də yaxşı perspektiv vəd etmir. Rusiya və Avropa Birliyi arasında tarazlığı saxlamaq hər gün bir az daha çətinləşir. Xarici borcun həndəsi silsilə üzrə artması, işsizlik, köç, ölkənin onsuz da az olan maliyyə vsaitlərinin silahlanmaya xərclənməsi qarşıdakı illərdə daha sərt şəkildə dövlətin qarşısında duran problemlər olacaqdır.

Dr.Hatəm Cabbarlı