Aprelin 11-də Rusiya Dumasına Orta Asya və Qafqaz ölkələrinə viza tətbiq edilməsinə dair ərizə təqdim edilib. Rusiyanın 20 regonundan 100 min nəfərin imzaladığı ərizədə adı qeyd edilən ölkələrin vətəndaşlarına Rusiyaya gəliş rejiminin sərtləşdirilməsi tələb edilir. İmza kampaniyasını qeydiyyata alınmamış “Yeni Dalğa” partiyası həyata keçirib. Partiyanın sədri Valeriy Solovyev bu imzaların 3 həftə içərisində toplandığını və bu tələbin bir kütləvi tələbat nəticəsində ortaya çıxdığını bilririb. O, imza kampaniyasının irqçi yanaşmanın nümunəsi olması iddialarını rədd edib və bu kampaniyanı iqtisadi və sosial motivlərlə izah edib. “Yeni Dalğa”nın rəhbəri keyfiyyətsiz əmək qüvvəsinin ölkəyə kütləvi axınının Rusiyada əmək bazarına ciddi zərər vurmaqla yanaşı, cinayətkarlığı ciddi şəkildə yüksəltiyini də iddia edib.
Xatırladaq ki, SSRİ dövründə və xüsusilə də bu ittifaqın dağılmasından sonra Rusiya post sovet coğrafiyasındakı yeni müstəqil dövlətlərin vətəndaşlarının əsas iş axtarış mərkəzlərindən olub. Rusiya isə bu əmək qüvvəsini özünün bəzi iqdisadi sahələrdəki problemlərinin həlli üçün fürsət kimi qiymətləndirməklə yanaşı, yeni müstəqil dövlətlər üzərində təsirinin davam etdirilməsi üçün münasib təzyiq vasitəsi kimi görüb.
Son illərdə isə Kreml rəhbərliyi post sovet məkanından gələn işçi qüvvəsi məsələsinə xüsusi diqqət göstərməyə başlayıb. Belə ki, 2012-ci ilin dekabrında prezident Vladimir Putin Dumadakı hesabat xarakterli çıxışında bu işci qüvvəsinin Rusiyada miqrasiya ilə baglı yaratdığı problemlərdən danışıb. 2013-cü ilin yanvar ayının sonunda isə Rusiya Milli Demokratiya Partiyası Moskvada vətəndaş qanununun liberallaşrdılmasının əleyhinə və Orta Asiya və Qafqaz ölkələrinə viza tətbiq edilməsi lehinə piket keçirib və imza kampaniyasına başlayıb. Bu proses Dumadakı Milli Məsələlər Komitəsi sədrinin birinci müavini kommunist Valeri Raşkinin açıqlamaları və Kommunist partiyasının deputat fraksiyasının bu istiqamatdəki düzəliş təklifi ilə dəstəklənib. Mart ayında Rusya Xarici İşlər nazirinin xüsusi məsələlər üzrə səfiri Ənvər Əzimov ilə Moskva meri Sergey Sobyanin də bu viza məsələsini dəstəkləyən bəzi bəyanatlar veriblər.
100 min imzanın toplanması Rusiyanın bu məsələnin həlli ilə bağlı mövqeyində yeni bir vəziyyət yarada bilər. Belə ki, 4 martda prezident Putin 100 min imza toplayan vətəndaş təkliflərinin federal səviyyədə qanunlaşması üçün müzakirəyə çıxarılmasına imkan verən qanunu təsdiqləyib. Elə “Yeni Dalğa” da ilk olaraq 6 martda bu imzaları Kremlə təqdim edib. Həm prezident, həm də Duma miqrasiya məsələsi ilə bağlı hələlik mövqe bildirməyib.
Düzdür, bu cür təkliflər rəsmi Moskvanın post sovet məkanında inteqrasiyanı gücləndirmə cəhdləri ilə ziddiyyət təşkil edir. Ancaq bu proses və yuxarıda nümunələrini verdiyimiz bəyanatlar rəsmi Moskvaya iki baxımdan müəyyən imkanlar yaradır. Əvvəla, Kreml rəhbərliyi viza məsələsində mövqeyini sərtləşdirmə işarələri verərək ölkədəki miqrasiya problemlərini müəyyən dərəcədə həll etməyə çalışmaqdadır. İkinci, Rusiya viza silahı ilə MDB məkanındakı inteqrasiya cəhdlərinə qarşı çıxan ölkələrin müqavimətini qırmaq imkanı əldə etməkdədir.
www.araztm.az