Hərbi-təhükəsizlik

ABŞ-ın Müdafiə naziri İsraildə: mövzu yenə İrandır

Pinterest LinkedIn Tumblr

 ABŞ-ın Müdafiə naziri Çak Heygel aprelin 22-də İsrailə səfər edib. Müdafiə naziri Heygel elə həmin gün burada İsrailin Müdafiə naziri Moşe Yalon və prezident Şimon Perezlə, aprelin 23-də isə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərq regionunda baş verənlər, xüsusi olaraq isə Suriyadakı proseslər və İranın nüvə proqramı müzakirə edilib.

 

Heygel İsrailə bölgədə hava üstünlüyünü təmin edəcək xüsusi silah satış müqaviləsinin imzalanması prosesində sona gəlindiyini açıqlayıb. O, əlavə edib ki, bu silah satışında ABŞ-ın əsas məqsədi İsrailin hava üstünlüyünün mütləqliyini təmin etməkdir. Təxminən 10 milyard dollarlıq bu hərbi müqavilənin İsrailə Boeing V-22 daşıma vertolyotları, KC-135 havada yanacaq doldurma təyyarəsi, döyüş təyyarələri üçün yüksək səviyyəli radar sistemləri və antiradiasiya raketlərinin satışını nəzərdə tutduğu təxmin edilir.

 

İsrailin Müdafiə naziri ilə görüşdən sonra keçirilən mətbuat konfransında Heygel bir jurnalistin İsrailə, İrana hərbi müdaxilə mövzusunda nəyi tövsiyə edərsiniz? sualına İsrail suveren bir dövlətdir. Hər suveren dövlətin özünü müdafiə etmək hüququ vardır. İran mövzusunda hərbi variant hər zaman masadadır şəklində cavab verib. Heygel Netanyahu ilə görüşündən öncəki mətbuat konfransında da İran movzusuna toxunub və ABŞ-ın İsrailə dəstəyini təkrarlayıb. Bu dəstəyə görə ABŞ-a təşəkkür edən Netanyahu da İranın nüvə silah əldə etmə təşəbbüsünün İsrail üçün qəbul edilməz olduğunu vurğulayıb və Obamadan sitat gətirib: “İsrail hər cür təhdidə qarşı özünü müdafiə etmək hüququna malikdir”.

 

Göründüyü kimi, İranın nüvə problemi ilə bağlı olaraq bir yandan bu ölkəyə qarşı sanksiyalar sərtləşdirilir, digər yandan isə hərbi variantın masa üstündə olduğu mütəmadi vurğulanaraq bu ölkənin üstündə psixoloji təzyiq vasitəsi kimi saxlanılır. Xüsusilə Türkiyə-İran münasibətlərinin pisləşməsi fonunda Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmağa başlaması bu istiqamətdə İran üçün əlavə narahatlıq yaradır. ABŞ-ın Xarici İşlər naziri Jon Kerrinin Türkiyə və İsrailə arxa-arxaya həyata keçirdiyi son səfərlərdən sonra Çak Heygelin səfəri də bu mənada xüsusi əhəmiyyət daşıyır.

 

www.araztm.az

 

 

Araz Aslanlı