Hərbi-təhükəsizlik

Elmar Məmmədyarovun Fələstinə və İsrailə səfəri: reallıqlar və perspektivlər

Pinterest LinkedIn Tumblr

Azərbaycan müstəqilliyini elan etdikdən sonra onun xarici siyasətinin əsas istiqamətini müstəqilliyin və təhlkəsizliyin təminat altına alınması, Ermənistanın işğalına məruz qaldığı üçün bunlarla yanaşı olaraq həm də ərazi bütövlüyünün təmin edilməsi təşkil etmişdir. Bu məqsədlərlə Azərbaycan beynəlxalq aləmə mümkün qədər daha çox inteqrasiya olmağa çalışmış, xüsusilə 1994-cü ildən etibarən həyata keçirməyə başladığı “balanslaşdırılmış xarici siyasət” kursunu kiçik dəyişikliklərlə birlikdə bu günə qədər davam etdirmişdir. 

 

Bu çərçivədə Yaxın Şərq dövlətləri ilə münasibətlər qurulması və mövcud münasibətlərin genişləndirilməsi Azərbaycan xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan bir yandan Ərəb dövlətləri ilə münasibətləri yaxşı səviyyədə saxlamağa, digər tərəfdən İsrail ilə münasibətlərini də müəyyən ardıcıllıqla inkişaf etdirməyə çalışmışdır. Bu çərçivədə Azərbaycan daxilində antisemitizmə dövlət səviyyəsində çox sərt reaksiya göstərildiyi, İranın etirazlarına və hədələrinə rəğmən İsrail ilə normal münasibətlər qurulduğu kimi, Fələsətin probleminin həllində də “ikidövlətlilik” modeli açıq şəkildə müdafiə olunmuşdur (Azərbaycan rəsmi şəkildə, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını dəstəklədiyini elan etmişdir). İsrailin Azərbaycan ilə münasibətlərə ciddi önəm verməsinə və ciddi fəallığına baxmayaraq Azərbaycan bu ölkədə səfirlik açmamış, digər tərəfdən Fələstinin Azərbaycandakı səfirliyi isə Azərbaycan dövlətinin maddi-texniki dəstəyi ilə Fələstin prezidenti Mahmud Abbasın Azərbaycana rəsmi səfəri zamanı, 29 iyun 2012-ci il tarixdə açılmışdır. Son illərdə həm İsrail, həm də Fələstin rəsmiləri (prezidentlər də daxil olmaqla) Azərbaycana səfər etmişdir.

 

Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin 21 aprelində regiona səfəri də bu baxımdan əhəmiyyətlidir. Məmmədyarov Yaxın Şərq ölkələrindən Fələstin və İsraili ziyarət etmişdir. 21 apreldə Fələstinə gedən Məmmədyarov Fələstinin Xarici işlər naziri Riad al-Maliki və Fələstinin Baş naziri Salam Fayad ilə görüşlər keçirmişdir. Məmmədyarovun Fələsinə səfər etməsi son illərdə inkişaf xətti götürən Azərbaycan-Fələstin münasibətlərinin iqtisadi, siyasi, humanitar sahələrdə və beynəlxalq təşkilatlar nəzdində daha da inkişaf etdirilməsi üçün ciddi əhəmiyyət daşıyır.

 

Fələstin rəsmiləri ilə keçirilən görüşdə Elmar Məmmədyarov Azərbaycanın regionda sülhün təmin edilməsinə tərəfdar olduğunu, Azərbaycanın Fələstinə dəstəyini davam etdirəcəyini ifadə etmişdir. Məmmədyarov eyni zamanda müstəqil və tam hüquqlu dövlət olması üçün Fələsinin beynəlxalq aləmdəki bütün təşəbbüslərini dəstəkləyəcəyini qeyd etmişdir ki, bu fikir Fələstin səfərinin əsas süjet xəttini təşkil edir.

 

Region mətbuatında Məmmədyarovun Yaxın Şərq ölkələri olan Fələstin və İsrailə səfəri barədə müxtəlif informasiyalar dərc olunsa da, diqqət mərkəzində daha çox Məmmədyarovun İsrail səfəri durmuşdur. Belə ki, Azərbaycandan ilk dəfə olaraq Xarici işlər naziri səviyyəsində İsrailə rəsmi səfər həyata keçirilmişdir. Bu səfərlə bağlı region mətbuatında müxtəlif fikirlər səslənir. Bəzi mənbələrdə Məmmədyarovun İsrailə səfəri, xüsusilə son zamanlarda Rusiya və İranın Azərbaycana təzyiqlərinin artdığı bir ərəfəyə rast gəlməsi səbəbinə görə bu amillərlə əlaqələndirilir. Hətta Qərb mənbələrindən birində iddia edilir ki, Məmmədyarov özü də İsraildəki görüşləri zamanı Azərbaycanın çətin vəziyyətini məhz onun “İran və Rusiya ilə qonşu olması ilə” izah etmişdir.

   

Elmar Məmmədyarov İsrailə səfəri çərçivəsində aprelin 22-də bu ölkənin sabiq Xarici işlər naziri, hazırda İsrail Knessetinin Xarici Əlaqələr Komitəsinin sədri olan Aviqdor Liberman və prezident Şimon Peres ilə, aprelin 23-də Baş nazir Benyamin Netanyahu və Knessetin sədri Yuli-Yoel Edelstein ilə, aprelin 24-də isə İsrailin Müdafiə Naziri Moşe (Buqi) Yaalon ilə görüşlər keçirmişdir. Xatırladaq ki, Məmmədyarov bu il fevralın 2-də Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrailin o vaxtkı Müdafiə Naziri Ehud Barakla da görüşmüşdü. Məmmədyarovun İsrail rəsmiləri ilə keçirdiyi görüşlərdə siyasi, iqtisadi, sosial, enerji sahələrindəki münasibətlər, Fələstin məsələsi və iki ölkə arasında maraq kəsb edən digər məsələlər müzakirə mövzusu olmuşdur. XİN mətbuat xidmətinin məlumatına görə, görüşlərdə İsrail rəsmiləri Azərbaycanın tolerant ölkə və İsrailin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğulamışdır. Nazir Məmmədyarovu müşayiət edən Azərbaycanın yəhudi təşkilatlarının nümayəndələri də yəhudilərin Azərbaycanda tarixən birgə yaşadıqlarını bildirib və ölkədəki tolerantlıqdan söz açıblar.

 

Qeyd edək ki, İsrail Azərbaycan Respublikasının dövlət müstəqilliyini bir çox dövlətdən öncə, 25 dekabr 1991-ci il tarixində tanımışdır. İki ölkə arasındakı diplomatik münasibətlər 6 aprel 1992-ci il tarixində qurulmuşdur. İki ölkə arasındakı ikitərəfli münasibətlərdə və beynəlxalq təşkilatlar nəzdində əməkdaşlıq imkanları olduqca genişdir. İsrail “normal münasibətlərə malik olduğu Müsəlman dövlət” ehtiyacını Azərbaycan ilə təmin etməyə çalışır. Bundan əlavə Azərbaycandan neft idxal edir. Digər tərəfdən isə İranın bu məsələdki həddindən artıq həssaslığından da istifadə edərək Azərbaycan ilə münasibətlərini İran üzərində təzyiq vasitəsinə çevirir.

 

Azərbaycan isə İsrail ilə münasibətlərindən hərbi və təhlükəsizlik sahəsindəki ehtiyaclarını ödəmək üçün faydalanmağa çalışır. Azərbaycan üçün bu iki sahənin, şimal və cənubdan hiss etdiyi təhlükə və ərazilərinin işğala məruz qalması fonunda, nə qədər əhəmiyyətli olduğu kifayət qədər aydındır. Azərbaycan ərazilərini işğaldan azad etmək üçün ehtiyac duyduğu yüksək hərbi texnologiyanı da İsraildən daha asanlıqla əldə edə bilir. Təsadüfi deyildir ki, son illərdə əməkdaşlığın bu istiqaməti daha çox diqqət çəkmişdir. Qlobal əhəmiyyətli enerji layihələri, Qarabağ problemi və s. məqsədlər üçün xaricdəki Yəhudi lobbisinin dəstəyi də Azərbaycan üçün böyük əhəmiyyət daşıyır.    

 

Bəzi təhlilçilər Azərbaycan və İsrail arasında tək problemin Knessetin qondarma erməni soyqırımını müxtəlif vaxtlarda müzakirə etməsi olduğunu vurğulayırlar. Hətta Erməni mənbələrində Məmmədyarovun İsrail səfəri zamanı (23 apreldə) Knessetdə qondarma erməni soyqırımı ilə bağlı qərar qəbul ediləcəyi iddia edilsə də bu reallaşmamışdır. Ancaq yenə də Knesset, Meretz Partiyasından olan millət vəkili Zehava Gal-Onun təşəbbüsü ilə Erməni iddialarını mzakirə etmiş və bir qanun təklifi hazırlanması üçün xüsusi komitə yaratmışdır.

 

Xatırladaq ki, hətta Türkiyə-İsrail münasibətlərinin ən pis olduğu dövrdə də bu məsələ İsrail parlamentinin gündəliyinə gətirildiyi halda, İsrail Xarici İşlər Nazirliyi məsələnin Azərbaycan tərəfindən də etirazla qarşılandığını irəli sürərək parlamentdə qərarın qəbul olunmasının əleyhində çıxış etmişdi. Şübhəsiz ki, bu məsələ Azərbaycan üçün də əhəmiyyətlidir. Belə ki, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal etmişdir və qondarma erməni soyqırımı mövzusunda Ermənistanın beynəlxalq aləmdə mövqeyinin güclənməsi, eləcə də bu mövzunun işğal amilini kölgədə saxlaması Azərbaycan üçün arzu olunmazdır. Eyni zamanda Azərbaycan bu məsələdəki narahatçılığını İsrailə bildirməklə, dolayısı ilə Türkiyəyə də dəstək verməkdədir. İsrail hökuməti isə həm Azərbaycanın etirazını ciddi qəbul edir, həm də Türkiyə ilə “laxlayan körpüləri uçurmaq istəmir”. Bu səbəbdən də son illərdə Knessetin qondarma erməni soyqırımını müzakirə çıxarmasına qarşılıq hökumət bu məsələ barəsində daha təmkinli davranır və qondarma erməni soyqırımının tanınmaması istiqamətində çalışır. 

 

 Məmmədyarovun son səfəri zamanı İsrail rəsmiləri “İran” məsələsinə də diqqət çəkmişdir. Məsələn, İsrail prezidenti Peres Elmar Məmmədyarovla görüşdə, “Azərbaycan unikal coğrafi məkanda yerləşir və həmin regionda başlıca əhəmiyyət kəsb edən ölkədir”, “İranla sərhəddə yerləşən Azərbaycan müharibə və terrora qarşı aydın mövqe qoyması ilə fərqlənir. Məhz Azərbaycan İranın yaxın və orta şərqə təsirinin qarşısının alınmasında başlıca rol oynayır”, kimi ifadələr işlətmişdir.

 

İranın Azərbaycan-İsrail münasibətləri ilə bağlı həssaslığı aydın olduğu halda Peresin Azərbaycan Xarici İşlər Nazirini qəbul edərkən belə bir bəyanat verməsi maraq doğurur. Bununla Peres ya İranın mövqeyinin ümumiyyətlə diqqətə alınmadığını nümayiş etdirməyə və dolayısıyla İsrail-Azərbaycan münasibətlərindəki cüzi də olsa mövcud olan İran pərdəsini darmadağın etməyə çalışır, ya da İsrail üçün Azərbaycan-İran münasibətlərinin növbəti dəfə gərginləşməsi hədəfi mövcuddur. Bəzi xarici kütləvi informasiya vasitələrində İsrailin Azərbaycanda çox sayıda hərbi hava limanını icarəyə götürdüyünə dair əsassız iddiaların belə İranda yaratdığı reaksiya nəzərə alınarsa, Peresin bu bəyanatından sonra İran tərəfdən bənzər reaksiyanın təkrarlanacağını gözləmək mümkündür.

 

Digər tərəfdən Azərbaycanın İsrail ilə münasibətlərinə İranın yanaşmasının məntiqi əsaları olmadığı da ortadadır. Çünkü Azərbaycan rəsmiləri dəfələrlə, Azərbaycanın istər regiondakı və istərsə də regiondan kənardakı dövlətlərlə mnasibətlərinin heç bir qonşusuna qarşı olmadığını və Azərbaycan ərazilərindən heç bir qonşu dövlətə qarşı istifadə olunmasına icazə verilməyəcəyini çox açıq şəkildə bəyan ediblər. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında xarici dövlətlərin Azərbaycanda hərbi mövcudluğu  qadağan olunur və s. Amma İran bu dəfə də Azərbaycanın xarici siyasətinə qısqanclıqla yanaşır və bu ölkənin rəsmi (eləcə də qeyri-rəsmi) kütləvi informasiya vasitələrində Məmmədyarovun İsrailə səfəri ilə bağlı sərt materiallar dərc olunur. Məslən Tehran radiosu “Azərbaycan dövlətinin müsəlman xalqı irqçi İsrail rejimi ilə əlaqələrinin genişlənməsi ilə müxalif olduğun halda İlham Əliyev hökuməti bu qeyri-legitim rejimlə münasibətləri yaxşılaşdırmaq uğrunda təşəbbüslər edir. Bu elə bir haldadır ki, irqçi İsrail rejimi hər il, Azərbaycanı əmin-amansız bir ölkə kimi elan edərək, beynəlxalq səviyyədə bu müsəlman ölkəyə qarşı anlaşılmazlıqları alovlandırır. Bunlara baxmayaraq Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri aprelin 21-də baş tutub”. -deyə bildirib. Tehran radiosu İsrailin Azərbaycanı “əmin amansız bir ölkə kimi tanıdığını” bildirsə də, bu iddianın arxasında İran mənşəli terrorçu fəaliyyətlərin İsrailin Azərbaycandakı səfirliyi və əməkdaşlarına qarşı törətmək istədikləri terror aktlarının durduğunu etiraf etmir əlbəttə. İran mətbuatı Məmmədyarovun Holokost abidəsinə getməsindən və “yəhudi kipası” taxmasından da xüsusi tənqid materialı kimi istifadə edib.

 

İranın Azərbaycana qarşı təzyiqlərini artırmasının səbəbi nüvə texnologiyası əldə etmək üçün təşəbbüslərinə ABŞ, İsrail və Avropanın qarşı çıxmasıdır. ABŞ və İsrail bir neçə ildir İrana qarşı hərbi əməliyyatların istisna edilmədiyi barədə mütəmadi olaraq bəyanatlar verməkdədir. İranın əsas narahatlığı belə bir şəraitdə Azerbaycanın anti-İran koalisiyasında yer alması ehtimalıdır. Azərbaycan rəsmiləri dəfələrlə belə bir koalisiyada yer almayacaqlarını bildirsə də, İran hökuməti region və dünya mətbuatında Azərbaycan-İsrail münasibətləri barədə çıxan təsdiq edilməmiş informasiyalara görə Azərbaycan ilə münasibətləri gərginləşdirmək yolunu seçir.

 

Yuxarıda da qeyd etdiyimiz nüanslara İsrail ilə İran arasında hələ hansısa bir müharibənin başlamadığını (ehtimal mövcud olsa belə) və İsrailin İran ərazilərini işğal etmədiyini, İsrailin İrana zərbə endirmək istəyərkən Azərbaycandan necə istifadə edəcəyinin çox qaranlıq olduğunu (İsrailin Azərbaycan ilə birbaşa sərhəddi yoxdur; Azərbaycan coğrafi olaraq İran ilə İsrail arasında yox, tam əks mövqedə yerləşir və İsrail Azərbaycana gəlmək üçün hava sahəsindən istifadə edəcəyi dövlətlərin ərazisindən elə birbaşa İrana zərbə endirə bilər) da əlavə etmək lazımdır. Halbuki, İran Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ilə kifayət qədər yaxşı münasibətlərə malikdir. Ermənistan rəsmiləri də dəfələrlə çətin məqamlarda məhz İranın Ermənistan üçün nəfəslik rolunu oynadığnı bildiriblər. Sadəcə bu amilə görə belə, yəni Müsəlman dövlət olduğunu iddia edən İran özlərinin də qeyd etdiyi kimi onlarla nəinki eyni dini həm də eyni məzhəbi (Şiə) paylaşan dövlət olan Azərbaycan torpaqlarının Xristian Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını görməməzlikdən gələrək bu ölkə ilə münasibətlərini daha da genişləndirirsə, İran ilə gərginlik yaşasa da onun torpaqlarını işğal etməmiş olan İsrail ilə münasibətlər qurmaq və genişləndirmək də Azərbaycanın təbii hüququ kimi qəbul olunmalıdır.

 

Ümumiləşdirəcək olsaq, Elmar Məmmədyarovun son səfəri Azərbaycanın həm ümumən xarici siyasətinin, həm də xüsusi olaraq Yaxın Şərq siyasətinin təbii nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan bu səfər ilə balansı gözləmək şərti ilə həm Fələstin, həm də İsrail tərəfi ilə münasibətləri daha da inkişaf etdirməyə çalışmışdır. Səfərin Türkiyə-İsrail münasibətlərində gərginliyin aradan qaldırımasıyla bağlı addımlara paralel olaraq həyata keçirilməsi də Azərbaycanın xarici siyasətdə bu məqamı da nəzərə aldığının göstəricisidir. İsrail-Azərbaycan münasibətləri baxımından (ən azı İsrail üçün) vacib məqamlardan biri olan Azərbaycanın İsraildə səfirlik açması məsələsinin Azərbaycanın “xüsusi həssaslıqlarına” görə yaxın mərhələdə baş tutması ehtimalı zəifdir. 

 

Araz Aslanlı