Hərbi-təhükəsizlik

Dağlıq Qarabağ problemi: müzakirələrin yeni mərhələsi nələr vəd edir?

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 

Bir neçə gündür Dağlıq Qarabağ problemi barəsində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri bir-birilərinə zidd açıqlamalar verərək, məsələni “ərəb saçına” döndəriblər. Nazirlər verdikləri bəyanatlarda problemdəki status-kvonun dəyişməsinin vacibliyini vurğulasalar da, bunun necə olacağı haqqında fikirlər haçalanır. Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov danışıqlar masasından müzakirələrdə çətinliklər yaradan amilləri “təmizləməyin” vacibliyindən, Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan Azerbaycanın 6 prinsipi qəbul etmədiyindən (bu altı prinsipin nələr olduğu açıqlanmır), Rusiya xarici işlər naziri Serqey Lavrov isə daha çox geosiyasətdən danışır. Lavrovun bəyanatında “Status-kvo sadəcə Azərbaycan ərazilərinin geri verilməməsi məsələsi deyildir, eyni zamanda Ermənistanın iqtisadi blokadası problemidir. Buna görə də burada kimsəni status-kvonun qəbul edilməz olduğuna inandırmağa ehtiyac yoxdur.” deməsi olduqca maraqlıdır.

 

İngiltərə və həmsədr ölkələr də bu təşəbbüsləri dəstəkləyən bəyanatlar verirlər. Lavrovun verdiyi bəyanatdan bəlli olur ki, Rusiya son zamanlarda regionda və beynəlxalq aləmdə cərəyan edən siyasi və təhlükəsizlik məsələlərinə görə Ermənisdanda yerləşən 102-ci hərbi bazanın təchizat məsələsində ciddi çətinliklər yaşandığı üçün Qarabağ probleminin həll edilməsində əvvəlki illərə görə daha çox maraqlıdır. Qarabağ problemi həll edilərsə, Rusiya bununla üç müsbət nəticə əldə etmiş ola bilər.

 

-Azərbaycan ilə münasibətlərini qaydaya sala və bu ölkədəki son 20 ildəki korlanmış imici müsbət mənada dəyişə bilər;

-Ermənistanın qarşılaşdığı iqtisadi problemləri, ö cümlədən enerji qıtlığı Azərbaycanın enerji ehtiyatları hesabına həll edilə bilər;

-Ermənistandakı 102-ci hərbi bazasının təchizat problemi bir dəfəlik həll oluna bilər.

 

Rusiya tərəfləri ümumi razılığa gətirə bilsə, regiondakı ən ciddi və kövrək sturktura sahib olan problem əhəmiyyətli dərəcədə həll edilə bilər, bu isə nəticədə Azerbaycan və Ermənistan arasında ilkin iqtisadi və siyasi münasibətlərin qurulması, bu dövlətlərdə və ümumən regioda siyasi və hərbi sabitliyinin təmin edilməsinə, iqtisadi münasibətlərin inkişaf etməsinə səbəb ola bilər.

 

Ancaq bu proseslər Azərbaycan və Rusiya arasındakı münasibətlərdə “şimal küləyinin” əsdiyi bir dövrə təsadüf edir. Rusiyanın Şimalı Qafqazdakı iddia etdiyi kimi separatizmə qarşı antiterror əməliyyatlarını gücləndirməsi və davam etdirməsi düşündürücüdür. Vasitəçi dövlət olan Rusiya öz ərazisində müstəqilliyini elan etməyən amma separat fəaliyyət göstərən silahlı qruplaşmalara qarşı ordu gücündən və ağır silahlardan istifadə edərək sabitliyi qorumağa çalışırkən, Azərbaycanın işğal edilmiş torpaqlarını geri alması üçün antiterror əməliyyatlarına başlamasına imkan verməməsi və hər vəchlə buna əngəl olması, Ermənistanı siyasi və hərbi olaraq dəstəkləməsi olduqca düşündürücüdür və Rusiyanın vasitəçilik missiyası ilə tərs mütənasibdir.

 

Dağlıq Qarabağ probleminin həll edilməsində birbaşa olmasa da, dolayısıyla təsir edən bir digər məsələ də, Ermənistanın son zamanlarda Avropa Birliyi ilə münasibətlərini ön plana çıxarması səbəbi ilə Rusiyanın bu ölkəyə satdığı təbii qazın qiymətini yenidən artırmasıdır. Rusiya Avrasiya Birliyində iştirak etməsi üçün təzyiqlərinin artırdığı bir zamanda Ermənistan paralel olaraq Avropa Birliyi ilə münasibətləri inkişaf etdirməyə cəhd edir. Avropa İttifaqı Ermənistan ilə imzaladığı Assosiasiya və sərbəst ticarət müqaviləsinin bu ilin noyabr ayında tam təsdiq edilməsini gözləyir. Ermənistan bu müqaviləni tam təsdiq edərsə, Rusiyanın daha ciddi təzyiqləri ilə qarşı-qarşıya qala bilər. Ermənistan hökuməti buna görə olduqca çətin vəziyyətə düşümüşdür. Ermənistan elə bilir ki, Rusiya onun təhlükəsizliyini qoruyur. Əslində isə Rusiya Ermənistanın deyil, özünün regiondakı geosiyasi maraqlarını Ermənistandakı siyasi və hərbi mövcudiyyəti ilə qorumağa çalışır. Belə ki, Ermənistanın Avropa İttifaqı ilə münasibətlərini canlandırmağa çalışdığı bir ərəfədə Rusiyanın “müttəfiqinə” gərəkdiyində  “qaz çomağını” göstərməsi təsadüfi deyildir.

 

23-24 may 2013-cü ildə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin nümayəndələrindən (Rusiya-İqor Popov, ABŞ,-Yen Kelli, Fransa-Jak For) və ATƏT Sədrinin şəxsi nümayəndəsindən (Andjey Kaspşik) ibarət olan heyətin regiona səfəri, Azərbaycan və Ermənistan Prezidentləri ilə görüşmələri son günlərdə problemə tərəf olan ölkələr arasında müzakirələrdə yeni bir səhifənin açılmasına səbəb ola bilər. Həmsədrlər, hər iki ölkənin Prezidentləri ilə görüşlərində problemin həll edilməsinin vacibliyini vurğulayaraq Prezidentlərin il ərzində görüşmələri üçün xarici işlər nazirləri səviyyəsində bəzi məqamlarda razılığa gəlmənin əhəmiyyətini vurğulayıblar. Əlbəttə son günlərdə Dağlıq Qarabağ problemi ilə gündəmin “isinməsi” Minsk grupunun vasitəçiliyinin nəticəsi deyil, tərəflərin mövzuya yeni müstəvidə yanaşmalarıdır. Həmsədr ölkələr ciddi bir nəticə almaq üçün Prezidentlərin görüşünün təşkil olunmasına cəhd göstərir. İl ərzində Azerbaycan və Ermənistan Prezidentlərinin görüşlərinin baş tutması birbaşa xarici işlər nazirlərinin müəyyən məsələlər üzrə razılığa gəlmələrinə bağlıdır. Ancaq xarici işlər nazirlərinin bir-birilərini problemin mahiyyətinə hakim olmamaqla ittiham etməsi, hələlik xarici işlər nazirləri səviyyəsində belə olsa, hər hansı məsələdə razılığa gəlmə ehtimalının zəif olduğunu göstərir.

 

Ermənistan hökumət rəsmiləri İrandan alınan təbii qazın Rusiyadan alınan təbii qazdan baha başa gəldiyini deyirlər. Önümüzdəki aylarda və illərdə Ermənistanın ciddi enerji problemi yaşayacağı və bu səbəblə daxili ictimai-siyasi vəziyyətdə sabitliyi təmin edə bilməmə ehtimalı onun Azərbaycanın enerji mənbələrindən istifadə etməsi üçün Qarabağ problemində daha konstruktiv mövqe tutacağı ehtimalını doğurur. Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini artırması, Ermənistan-Rusiya münasibətlərini zədələyəcək əsas foktordur. Bu Ermənistan rəsmilərinin regionun siyasi, sosial, təhlükəsizlik gerçəklikliklərini görməsinə imkan verə bilər.  

 

 

Dr.Hatəm Cabbarlı