Avropa

S-300 müəmması

Pinterest LinkedIn Tumblr

Dr. Nazim Cəfərsoy

 

Son günlərdə beynəlxalq gündəmin ən aktual mövzularından birini Rusiyadan Suriyaya S-300 raketlərinin satışı məsələsi təşkil edir. Bu məsələ ilə bağlı maraqlı və onsuz da gərgin olan  bölgədə  vəziyyəti daha da pisləşdirici xarakterli müxtəlif məlumatlar yayılır.

 

Öncə, 26 mayda İngiltərənin “Sandey Tayms” qəzeti  bu mövzu ilə bağlı maraqlı bir iddia ortaya atıb. Qəzet İsrailin Baş naziri Binyamin Netanyahunun  14 may tarixli Rusiya səfəri zamanı perzident Putinlə gizli bir razılaşma əldə edildiyini iddia edib. Bir Rus yetkiliyə istinadən verilən xəbərdə, Rusiyanın Suriyaya S-300 satmayacağı, bunun əvəzində  isə İsrailiin Suriyanı bombalamayacağına dair söz verdiyi bildirilirdi. Ancaq bu məlumat həm İsrail, həm də Rusiya rəsmiləri tərəfindən yalanlandı.

 

Ümumiyyətlə isə Rusiyanın Suriyaya S-300 raket kompleksi satacağına dair xəbərlər və bu xəbərlərə reaksiyalar, eləcə də müxtəlif tərəflərin məsələyə dair mövqelərini ortaya qoymaları  May ayında xüsusən Netanyahunun səfərindən sonra daha da güclənərək davam edib. 17 Mayda Pentaqon S-300 raketlərinin risk təşkil etdiyini, ancaq prosesləri müəyyənləşdirici amil olmadığını bildirib. 23 Mayda isə ABŞ Dövlət Katibi Con Kerri S-300 sistemlərini Yaxın Şərqdə sabitliyi pozucu amil kimi qiymətləndirib. Buna cavab olaraq Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov “tam əksinə, bu raket sistemlərinin Suriyaya xarici müdaxilə tərəfdarlarına qarşı bir sabitlik amili olduğunu” vurğulayıb. O, sistemlərin Suriyaya verilib velimədiyinə dair  isə şərh verməyib.  Eyni gün İsrailin Müdafiə naziri Moşe Yaalon, Suriyaya S-300-lərin verilməsi halında nə edəcəklərini bildiklərini bəyan edərək, dolaylı olaraq Suriyanı vurmaqla hədələyib. ABŞ isə Rusiyanin Suriyaya S-300 sistemini təhvil verməsinin xəta olacağını bildirib. Bir gün sonra İsrailin baş naziri hökumət üzvlıərinə S-300 mövzusu ilə bağlı danışmağı qadağan edib.

 

Ayın 30-da isə bu prosesə Suriya perzidenti Bəşar Əsad da qoşulub. O, Hizbullah televiziyası “Əl-manar”a müsahibəsində Rusiya ilə hərbi əməkdaşlığın əvvəlki qaydada davam etdirildiyini bildirib. Televiziya Əsadın açıqlamalarını “artıq ilk S-300 sistemlərini aldıq” olaraq versə də, Suriya rəsmiləri bu xəbəri dolaylı olaraq yalanlayan açıqlamalar veriblər. İsrail kəşfiyatı “Mossad”a yaxın debka.com  saytı isə Rusiyadan 29 mayda böyük bir hərbi təyyarənin Suriyaya uçduğunu, yükünün “humanitar yardım” olduğunun bəyan edidliyini vurğulayarq, şübhəli bir  məqamdan bəhs edib, ancaq hələlik Əsadın sözlərini sübut edən konkret faktın olmadığını bildirib. Bu arada ABŞ-dan verilən son açıqlamada S-300 raketlərinin Suriyaya verilməsinin Cenevrə-2 müzakirələrinin keçirilməsinə mane olmadığı bəyan edilib.

 

Rusiyanın Suriyaya S-300 verilməsi məsələsiylə bağlı iki əsas iddia gündəmə gəlib. Bunlardan birincisi “Rusiya İsrail ilə S-300 raketləri mövzusunda razılaşdı mı?” iddiasıdır. Rusiyanın qlobal iddiaları və bu çərçivədə Yaxın Şərqə və xüsusiylə də Suriya məsələsinə verdiyi önəm nəzər alındığı zaman aydın olur ki, Moskva ilə Təl-Əviv arasında belə bir razılaşma, ancaq Moskva ilə Vaşinqton arasında Suriya məsələsinə dair konkret razılaşma olduğu təqdirdə mümkündür. Bu istiqamətdə Rusiya ilə ABŞ arasında 2-ci Cenevre konfransı prosesi mövcudddur, ancaq bu məsələ hələ tam yekunlaşmayıb, dolayısıyla indilik Rusiya ilə İsrail arasında müəyyən bazarlıqların getdiyini təxmin etmək olar, ancaq razılaşma hələlik yoxdur. Elə Rusiya və İsrail rəsmilərinin məsajları da  belə bir bazarlığın getdiyini göstərəcək şəkildədir.                   

 

Proseslərin gündəmə gətirdyi ikinci məqam “Rusiyanın Suriyaya S-300-lərin ilk partiyasını təqdim edib etmədiyi”dir. Əsada istinadən verilən bəzi xəbərlərə baxmayaraq Moskovanın bu sistemləri təslim etmədiyi daha güclü bir ehtimaldır. Rusiya bu barədə xəbərləri yalanlanmayaraq, ABŞ-la Suriyaya dair davam edən bazarlıqlarda daha güclü mövqedə olmağa çalışır. ABŞ-ın bu prosesdə rolu və Netanyahunun nazirlərinə S-300 bardə danışmağı qadağan etməsi də Lavrov ilə Kerri arasında telefon danışıqları və ikili görüşlərlə davam edən müzakirələrdə S-300 mövzusunun da danışıldığını isbatı sayıla bilər. Əgər müzakirələr müsbət nəticələnsə, ki bu mövzuda Rusiya və ABŞ-dan müsbət siqnallar gəlməkdədir, o zaman 1995-də Al Qor-Çernomirdin razılaşması və 2010-cu ildəki embarqo sonrası Obama-Medvedev razılaşması ilə İrana S-300  satmaqdan vazkeçən Moskvanın Suriyada  qarşı da oxşar addım atması istisna deyil.

 

Nəticə kimi qeyd etmək mümkündür ki, Rusiya ilə İsrailin Suriyaya S-300 raketi satışının dayandırılmasına dair tam razılıq əldə etmələri ehtimalı çox zəifdir. Belə bir razılaşmanın baş tutması üçün Rusiya ilə ABŞ arasında Suriya məsələsindəki müzakirələrin nəticəsi əhəmiyyətli olacaqdır. Bu çərçivədə eyni zamanda Rusiyanın Suriyaya S-300 raketlərini təslim etmədiyi, bu prosesin də ABŞ-la aparılan müzakirələrin nəticəsindən birbaşa asılı olacağını qeyd etmək mümkündür.   

 

 

www.araztm.az

 

Araz Aslanlı