Avropa

Dağlıq Qarabağ problemi: ikili standartlar və yaxud sonun başlanğıcı nə zamandır?

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 

25 il bundan əvvəl başlayan Dağlıq Qarabağ problemi hələ də həll edilməmişdir. 1988-ci ildə Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin separat fəaliyyəti 1990-ci ilin sonundan etibarən silahlı qarşıdurmaya çevrilmiş, 1994-cü ilin may ayında atəşkəs müqaviləsi imzalanana qədər Ermənmistan ordusu keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və ətrafındakı yeddi rayonu işğal etmişdir. Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk qrubu həmsədr ölkələrinin (Rusiya, ABŞ və Fransa) vasitəçilik missiyası da istənilən qədər effektli olmamış, Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün 20 ildən çoxdur davam edən sülh danışıqları hələ də nəticə verməmişdir. Nəticənin əldə olunmamasında ən ciddi səbələrdən biri də, Minsk qrupu həmsədr ölkələrin vasitəçilik missiyalarına uyğun olmayaraq siyasi olaraq Ermənistanı dəstəkləmələri, hərbi yardımlar etmələri və qondarma “DQR”-yə birbaşa maliyyə vəsaiti ayrımalarıdır.

 

Son zamanlarda beynəlxalq hüquqda ciddi korroziyaların yaşandığı məlumdur. Belə ki, adətən beynəlxalq hüququn subyektləri müstəqil dövlətlər, beynəlxalq təşkilatlar olsalar da, artıq müstəqil dövlətlərin əyalətləri də özlərini beynəlxalq hüququn subyektləri kimi qələmə verməyə cəhd edir, mərkəzi və yaxud federal hökumətin icazəsi olmadan xarici siyasət və təhlükəsizlik məsələləri ilə bağlı bəyanatlar verir, sənədlər qəbul edirlər. Bir neçə gün bundan əvvəl ABŞ-ın Luiziana ştatı qondarma “DQR”-nin “müstəqilliyini” tanıyan qətnamə qəbul etmişdir. Daha əvvəl də Massaçustes, Kaliforniya ştatının Fresno dairəsi, Men ştatı, Ros-Aylend şatatı da belə bir qətnamə (bəyanat) qəbul etmişdir. Əlbəttə bu ştatların belə qətnamələr (bəyanatlar) qəbul etməsi qondarma rejimlə siyasi və iqtisadi əlaqələrin qurulması demək olmasa da, Azərbaycan və ABŞ arasındakı münasibətlərə kölgə salır. Bu qətnamələr (bəyanatlar) Ermənistanın və qondarma “DQR”in psixolojik olaraq üstün mövqe əldə etmələrinə birbaşa olmasa da dolayısıyla kömək edir və sülh danışıqlarını dolaşığa salır. Vasitəçi dövlətlər problemə tərəf olan dövlətlərin ictimai rəyini sülh danışıqlarına hazırlamağa dəvət edərkən, bu cür qətnamə və bəyanatlar qəbul edərək erməni ictimaiyyətini və diasporunun daha da uzlaşmaz mövqedə durmalarına imkan verirlər.

 

Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirərkən belə deyib: “ABŞ-ın xarici siyasəti statlar səviyyəsində deyil, federal hökumət tərəfindən həyata keçirilir. Bu qətnamə (bəyanat) erməni diasporu tərəfindən süni şəkildə şişiridilmişdir. Bu onu göstərir ki, erməni diasporu məsələnin sülh yolu ilə həll edilməsi prosesinə və ümumən regionun gələcəyinə ziyan vurmağa çalışır.”

 

Avropa Şurası Parlament Asambleyasının (AŞPA) Daimi komitəsinin 30-31 may 2013-cü il tarixdə İrəvanda keçirilən iclasında “Dağlıq Qarabağ”la bağlı “Biz kömək etməyə hazırıq” adlı  bəyannamə qəbul edilmişdir. Bəyannamənin məzmunundan bəlli olur ki, tərəflər sülh danışıqlarına dəvət edilir, problemin ATƏT Minsk qrupu vasitəçiliyi ilə Madrid prinsipləri çərçivəsində həll edilməsinin və parlament diplomatiyasının vacibliyi vurğulanır, Avropa Şurasının Nazirlər Komitəsi sərdliyinin Ermənistana, daha sonra isə Azərbaycana verilməsi şansından istifadə edərək problemin həllinə daha ciddi yanaşmaları qeyd edilir. İkinci dünya müharibəsi zamanı Fransa və Almaniya arasında yaşanan problemin həlli nümunə göstərilərək, Azərbaycan və Ermənistan arasındakı problemin də həll edilməsinin mümkünlüyü qeyd edilir.  Bəyanatda ifadə edilən müddəalar yerinə yetirilməsi məcburi olan siyasi mahiyyət daşımasa da, AŞPA Daimi komitəsi regionda keçirdiyi iclasında regionun problemlərini də müzakirə edərək proseslərdən kənarda qalmadığını göstərmək istəmişdir.

 

AŞPA Daimi komitəsinin Dağlıq Qarabağla bağlı “Biz kömək etməyə hazırıq” adlı bəyannamə qəbul etməsi də olduqca düşündürücüdür. Avropa İttifaqı, AŞPA, məsələylə uzaqdan yaxından əlaqəsi olan heç bir dövlət və yaxud beynəlxalq təşkilat Abxaziya və Cənubi Osetiya ilə bağlı verdikləri bəyanmatlarda Gürcüstanın ərazi bütövlüyünü tanıdıqları kimi Azərbaycanın da ərazi bütövlüyünü tanıdıqlarını bir mənalı şəkildə dilə gətirməmişlərdir. Bu günün reallığında Azərbaycana “Biz kömək etməyə hazırıq” bəyannaməsi deyil, “Biz mane olmamağa hazırıq” bəyannaməsinin qəbul edilməsi daha çox işə yarayacaqdır.

 

Minsk qrupu həmsədr ölkələri, Avropa İttifaqı və AŞPA Azərbaycan torpaqlarının Ermənistan işğalından azad edilməsi üçün “sülh göyərçini” rolunu oynamağa davam edərkən, Ermənistanın sürətlə silahlandığını və regionun təhlükəsizliyini ciddi şəkildə təhdit etdiyini görmək istəmirlər. Belə ki, Ermənistan Müdafiə nazirliyi məlumat verib ki, Rusiya istehsalı olan bir neçə “İskəndər-M” raket kompleksi ölkəyə gətirilib. Daha əvvəl Ermənistanın Rusiyadan bu raket kompleksini aldığı haqda məlumatlar verilsə də, bu informasiya təsdiq edilməmişdi. Rəsmi verilən bu bəyanat onu göstərir ki, artıq raket kompleksi Ermənistana gətirilib. Bu raket kompleksinin hədəfi vurma qabiliyyəti təxminən 300 km-dir. “İskəndər-M” raket kompleksi keçdiyimiz illərdə Azərbaycanın Rusiyadan aldığı “S-300” raket kompleksinin fəaliyyət və hədəf sahəsini daraltmaq və kiçiltmək qabiliyyətinə sahibdir. Rusiya Azərbaycan və Ermənistan arasındakı münaqişədən məharətlə istifadə edərək Azərbaycana satdığı raket kompleksinə qarşı dura biləcək silahları Ermənistana satır və yaxud əksini edir. Minsk qrupu çərçivəsində vasitəçilik missiyasını həyata keçirən Rusiyanın Ermənistan ilə bu cür  sövdələşməsi qəbul edilməzdir.

 

 

 

 

 

 

Dr.Hatəm Cabbarlı