Hərbi-təhükəsizlik

Ermənistanın enerji problemi: perspektivi dəyərləndirmək, yoxsa “bataqlıq” siyasətinə davam etmək?

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, siyasi elmlər doktoru

 

Sovet İttifaqının dağılmasından sonra Ermənistan iqtisadiyyatın bütün sahələrində ciddi problemlərlə qarşılaşmışdır. Bu problemlərin ən əhəmiyyətlisi isə enerji sektoru ilə bağlı olmuşdur. Ermənistan enerji problemini hələ həll edə bilmədiyi üçün dolayısıyla iqtisadiyyatın digər sahələrində yaşadığı problemləri də həll edə bilməmişdir.

 

Müstəqilliyini elan etdikdən sonra Ermənistan təbii qaz ehtiyacını bütövlükdə Rusiyadan qarşılamışdır. Ancaq bu zaman bəzi problemlərlə də qarşılaşmışdır. Təbii qaz boru xəttinin texniki olaraq özünü doğrultmaması və vaxtaşırı müxtəlif qəzaların yaşanması bir sıra çətinlikləri də bərabərində gətirmişdir. Xüsusilə son illərdə Rusiyanın Ermənistana sattığı təbii qazın qiymətini artırması Ermənistanın enerji problemini xroniki hala çevirmişdir.

 

Ermənistanda Metsamor atom elektrik stansiyası (Ermənisanın elektrik istehlakının 40%-ni qarşılayır), Razdan su elektrik stansiyası (2012-ci ildə rekonstruksiyadan sonra 480 Mvt eklektrik istehsal edilmişdir) və digər mənbələr olsa da, əlbəttə bu, təbii qazın yerini doldura bilmir. Bu gün Ermənistan əsasən iki mənbədən – Rusiya və İrandan qaz idxal edir. İrandan idxal etdiyi qaz onun təlabatını tam ödəmir və əsasən sənayedə; Rusiyadan idxal etdiyi qaz isə sənayedə və evlərdə  istifadə edilir.

 

Ermənistanın İrandan ildə 2.5 milyard metr3 təbii qaz idxal edə biləcək texniki göstəricilərə sahib olsa da, 2012-ci ildə 488 milyon metr3 təbii qaz idxal edib. İdxal etdiyi bu təbii qaz İrəvan istilik elektrik stansiyalarında istehlak edilərək elektrik enerjisi alınır və təkrar İrana (1 metr3 təbii qaz yerinə 3 kVt/saat enerji, qeyd edək ki, 1 metr3 təbii qazdan 5kVt/saat elektrik enerjisi əldə edilir) ixrac edilir.

 

Ermənistan Enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan və məsələ ilə bağlı mövqeyini bildirən digər rəsmi şəxslər İran qazının Rusiya qazından bahalı olduğunu bildirsə də, bir neçə gün bundan əvvəl İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi İran qazının bahalı olmadığını bildirmişdir. Bu barədə tərəflərin bir-birilərini təkzib edən bəyanatları hələ də davam edir. Rəisi bəyanatında əslində Ermənistana sattıqları təbii qazın əvəzinə aldıqları elektrik enerjisinə ehtiyaclarının olmadığını, bunu iki ölkə arasındakı strateji əməkdaşlıq xəttinə uyğun olaraq davam etdirdiklərini qeyd etmişdir.

 

2013-cü ilin may ayında Rusiya Ermənistana satacağı təbii qazın qiymətini aratıracağını bildirmişdi. Bu xəbərdən sonra Ermənistan ictimai rəyində Rusiyaya qarşı reaksiyalar artmış, etiraz mitinqləri təşkil edilmişdir. Qeyd edək ki, Rusiya təbii qazını Ermənistan sərhəddinə qədər “Qazprom eksport” şirkəti gətirir. Sərhəddə təbii qazı  “ArmRosqazprom” şirkəti alır və pərakəndə satışı ilə məşğul olur. “Qazprom” 2012-ci ildə Ermənistana 1.7 milyar metr3 qaz satmışdır. “ArmRosqazprom” şirkəti 1997-ci ildə qurulmuşdur və sərhəddən aldığı təbii qazın ölkə daxilində pərakəndə daşınması, satışı, qaz anbarlarının qorunması və istehlak xidmətləri ilə məşğuldur. 31 mart 2006-cı ildə “Qazprom” şirkəti ilə Ermənistan hökuməti arasında “Qazprom”un 25 il müddətinə Ermənistan Respublikası ərazisində təbii qaz enerji layihələrində iştirak etmək hüququnu tənzimləyən müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə görə “Qazprom”un “ArmRosqazprom” şirkətində payı 80%-ə qədər artılmışdır. Bu müqavilənin şərtlərinə görə Razdan su elektrik stansiyasının 5-ci blokunun inşaatı da “Qazprom” şirkətinə həvalə edilmişdir.

 

Bir neçə gündür Ermənistan hökuməti və “Qazprom” şirkəti arasında keçirilən danışıqlarda “ArmRosqazprom” şirkətinin səhmlərinin hamısının (100%) “Qazprom” şirkəti tərəfindən alınması məsələsi müzakirə edilir. Bu müzakirənin Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətinin qaldırılmasından sonra gündəmə gətirilməsi də düşündürücüdür. Məsələ ilə bağlı razılaşma əldə edilərsə, “Qazprom” şirkəti Ermənistanın enerji sənayesinə tamamilə nəzarət edəcəkdir.

 

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artıracağını bildirdikdən sonra Ermənistan hökuməti ikinci böyük su elektrik stansiyası olan Vorotan kaskad stansiyasını satışa çıxarmaq istəyir. Bu stansiyasının satışı ilə bağlı Nyu-Yorkda fəaliyyət göstərən “ContourGlobal” enerji şirkəti maraqlanır. Enerji və təbii sərvətlər naziri Movsisyan məsələnin hələlik müzakirə edildiyini və konkret bir qərara gəlinmədiyini bildirmişdir. Vorotan kaskad su elektrik stansiyası Tatev, Şamb və Spandaryan su elektrik stansiyalarını özündə birləşdirir və illik elektrik istehsal gücü 1.16 milyard kVt/saatdır.

 

7 iyun 2013-cü ildə Ermənistanın İctimai xidmətlər komissiyası təbii qaz istehlakında yeni qiymətləri açıqlamışdır. Buna görə hər 1000 metr3 təbii qaz 10 min metr3-ə qədər təbii qaz istehlak edən müəssisələrə hər 156 min drama (təxminən 370 dollar, bahalaşma 18.2%), 10 min metr3-dən çox təbii qaz istehlak edən müəssisələrə isə 277 dollara (bahalaşma 14%) satılacaqdır. Ermənistan sərhəddinə qədər gələn hər 1000 kub metr təbii qazın qiyməti hələlik 277 dollardır. Hökumət ölkədaxili satışlarda 30%-ə qədər subsidiya ödəyir.

 

Ermənistanın enerji sahəsində belə bir xaotik vəziyyət yaşadığı zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Prezidenti Rövnəq Abdullayev Ermənistan istərsə Azərbaycan ucuz qiymətə təbii qaz ala biləcəyini bildirdi. Bu bəyanat Azərbaycan və Ermənistan mətbuatında müxtəlif aspektlərdən müzakirə olundu. Amma Ermənistan dövlət rəsmiləri bununla bağlı mövqe bildirmədilər. Şübhəsiz ki, Ermənistan işğal etdiyi Azərbayca torpaqlarından geri çəkilərsə, Azərbaycanın sahib olduğu enerji ehtiyatlarından və həyata keçirdiyi tranzit layihələrdən istifadə edə bilər. Bununla həm regionda uzunmüddətli sülh yaranar, həm də Ermənistan iqtisadiyyatını inkişaf etdirmək üçün yeni fürsət əldə edər. Amma, hələ ki, Ermənistandan bu barədə səs gəlmir.  

 

Dr.Hatəm Cabbarlı