Hərbi-təhükəsizlik

Azərbaycanın müstəqillik günü hansı gündür?

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı, QAFSAM-ın Sədri

Azərbaycanın müstəqillik günü hansı tarixdir? Bu sualın cavabı rəsmi olaraq bəllidir: 18 Oktyabr 1991-ci il. Amma əslində belədirmi?

 

Bu sual məni mütəmadi olaraq narahat edib. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş və müstəqilliyini bərpa etmə prosesində bir neçə vacib qərar qəbul etmiş bir dövlət məhz hansı günü dövlət müstəqilliyi günü kimi qeyd etməlidir: 25 May tarixini, 28 May tarixini, 30 Avqust tarixini, 23 Sentyabr tarixini, 18 Oktyabr tarixini, yoxsa  29 Dekabr tarixini…

 

İlk dəfə təxminən 10 il əvvəl Türkiyə mətbuatında yayınlanmış bir məqaləmdə bu suala da cavab tapmağa çalışmış və 30 Avqust tarixinin qəbul edilməli olduğunu qeyd etmişdim. Səbəblərini belə izah edə bilərəm.

 

Tarixi ardıcıllıqla getsək, 28 May Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu gündür və əslində özünü AXC-nin varisi elan etmiş dövlətin müstəqillik günü kimi məhz bu tarixi qeyd etməsi düzgün olardı. Amma cümhuriyyət (respublika) dəyərlərinə, şərqdə və İslam dünyasında ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda qurulmasının vurğulanmasına diqqət çəkməsi baxımından bəlkə də o günü elə hazırda olduğu kimi (“Respublika günü”) saxlamaq da olar.

 

23 Sentyabr 1989-cu il  tarixdə Azərbaycan parlamenti (Respublika Ali Soveti) “Azərbaycan SSR-nin suverenliyi haqqında” Konstitusiya Qanununu, 25 May 1991-ci il tarixdə isə “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul edib. Hər iki sənəd incələndiyi zaman məlum olur ki, bu sənədlərin heç birini müstəqilliyi tam bərpa etməyi nəzərdə tutan sənəd kimi qəbul etmək mümkün deyildir.

 

30 Avqust 1991-ci il tarixdə Azərbaycan Respublikasının Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul edilib. Bu sənədin adı da, mahiyyəti də göstərir ki, müstəqilliyin bərpası tarixi məhz 30 Avqust olmalıdır. Belə ki, sənəddə açıq şəkildə qeyd olunur ki, “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək…, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək…, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərəkAzərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa  olunduğunu elan edir.”

Göründüyü kimi 30 avqust tarixli qərarda müstəqilliyin bərpa olunduğu və beynəlxalq aləm tərəfindən tanınma hədəfi açıqca elan edilir. Faktlar bununla yekunlaşmır. Azərbaycan parlamentinin elə həmin gün qəbul etdiyi başqa bir qərarda isə Azərbaycanın artıq müstəqilliyini elan etmiş bəzi dövlətləri tanıdığı bildirilib və onlara da Azərbaycanın müstəqilliyini tanımaqla bağlı çağrış edilib. Azərbaycan Respublikası Ali Sovetinin Bəyanatına (30 avqust 1991-ci il tarixli və 181-XII saylı) nəzər salaq:

“Azərbaycan Respublikasının Ali Soveti SSR İttifaqının suveren respublikalarının öz müqəddəratını və dövlət quruluşunu kənardan müdaxilə olmadan sərbəst təyin etmək, onların siyasi, iqtisadi, sosial və mədəni inkişafını öz arzusu ilə həyata keçirmək hüququnu təsdiq edərək öz müstəqilliyini elan etmiş Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikalarının bu bəyannamələrinə tərəfdar olduğunu bildirir və onların müstəqilliyini tanıyır.

Azərbaycan Respublikası Ali Soveti respublikalarımız arasında səmərəli iqtisadi və mədəni əlaqələrin uzun illər toplanmış təcrübəsini, bu respublikaların dost xalqlarına rəğbət hissini əsas tutaraq Azərbaycanla müstəqil Latviya, Litva, Estoniya, Moldova, Gürcüstan, Ukrayna və Belarusiya respublikaları arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirir.

Ali Sovet öz dövlət müstəqilliyini elan etmiş respublikaları müstəqil Azərbaycan Respublikasını tanımağa və onunla hərtərəfli əlaqələr yaratmağa çağırır. Müstəqil Azərbaycan Respublikası indiyədək SSRİ-nin tərkibində olan bütün respublikalarla bir-birinin suverenliyini tanımaq, qarşılıqlı hörmət və bir-birinin işlərinə qarışmamaq şərti ilə iqtisadi əlaqələri bərpa etmək və özünün bütün öhdəliklərini ardıcıl surətdə yerinə yetirmək əzmində olduğunu və bu istiqamətdə danışıqlar aparmağa hazır olduğunu bildirir.”

 

Bu ifadələr də kifayət qədər açıqdır və ancaq tam müstəqliiyini elan etmiş bir dövlətin rəsmi qurumunun qərarında yer ala bilərdi.

 

İndi isə Azərbaycan parlamentinin 18 oktyabr tarixli qərarına nəzər salaq. 18 Oktyabr 1991-ci il tarixdə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktını qəbul etmiş və bu Akt daha sonra ümumxalq referendumu ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının “Giriş” hissəsində bildirilir ki, “1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi…. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu…

Bunun ardınca Azərbaycan 1806-1828-ci illərdə olduğu kimi yenidən Rusiya tərəfindən ilhaq edildi. Bütün bunlara baxmayaraq Azərbaycan xalqı dövlət müstəqilliyi uğrunda mübarizəni davam etdirirdi…

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə də bu mübarizənin yekunu olmuşdur.”

 

Buradan çox aydın görünür ki, hətta 1991-ci il oktyabrın 18-də bu çox dəyərli sənədi (Konstitusiya Aktını) qəbul edənlər özləri də 30 Avqust 1991-ci il tarixli Bəyannaməni müstəqillik mübarizəsinin yekunu və müstəqilliyin elan edildiyi sənəd kimi qiymətləndiriblər.

 

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktının “Giriş” hissəsinin son cümləsi də məhz belə bitir: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq və Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq bu Konstitusiya Aktını qəbul edir və müstəqil Azərbaycan Respublikasının dövlət quruluşunun, siyasi və iqtisadi quruluşunun əsaslarını təsis edir.”

 

Göründüyü kimi 18 Oktyabr tarixli sənəddə söhbət müstəqilliyin elanından yox, məhz elan olunmuş müstəqil dövlətin əsaslarının müəyyənləşdirilməsindən gedir.

 

15 Noyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi üzrə Azərbaycan Respublikası referendumunun keçirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinin qərarı qəbul edildi. Qərarın 1-ci maddəsi belə idi:   

“Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” 1991-ci il Oktyabrın 18-də Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq qərara alır:

1. 1991-ci il Dekabrın 29-da Azərbaycan Respublikasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə referendum keçirilsin.”

 

1991-ci il Dekabrın 29-da 18 Oktyabr tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ümumxalq səsverməsinə çıxarıldı və təsdiq edildi. Bu baxımdan Azərbaycan xalqının ümumxalq səsverməsi ilə müstəqilliyini elan etdiyi tarix kimi 29 Dekabr tarixi də ən az 18 Oktyabr tarixi qədər dəyərlidir. Ancaq 30 Avqustda müstəqilliyin bərpası haqqında parlament tərəfindən qərar qəbul olunduğu və 18 Oktyabr tarixli qərarda da 30 Avqust tarixli sənəd müstəqilliyin bərpa edildiyi sənəd kimi qəbul edildiyi üçün nəticə dəyişmir.

 

Problemlərdən biri də budur ki, keçmiş Sovet respublikalarındakı siyasi proseslər ilə bağlı tədqiqat aparan bəzi mütəxəssislər Azərbaycanın əslində müstəqilliyini elan etməkdə o qədər də həvəsli olmadığını iddia edərək Azərbaycanın imicini mənfi göstərməyə çalışırlar. Bu fikirlərini əsaslandırmaq üçün də hansı şəraitdə keçirildiyi məlum olan və nəticələrinin saxta olduğu heç kimdə şübhə doğurmayan 1991-ci il 17 mart tarixli “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun” nəticələrindən (rəsmi nəticələrə görə Azərbaycan ərazisində referendumda iştirak edənlər SSRİ-nin saxlanılmasının lehinə səs vermişdilər) və müstəqillik günü amilindən istifadə edirlər. Onların fikrincə Azərbaycan müstəqilliyini 18 Oktyabr 1991-ci il tarixdə, dolayısıyla keçmiş SSRİ dövlətlərinin əksəriyyətindən gec elan etmişdir (Ermənistan 21 sentyabr 1991; Gürcüstan 26 May 1918; Belarus 3 İyul 1944; Ukrayna 24 Avqust 1991; Moldova 27 Avqust 1991; Qırğızıstan 31 Avqust 1991; Litva dövlətinin bərpası günü 16 Fevral 1918, müstəqilliyin bərpası günü 11 Mart 1990; Estoniya müsqətillik günü 24 fevral 1918, müstəqilliyin bərpası günü 20 Avqust 1991; Latviya  Respublikasının elanı günü 18 noyabr 1918, müstəqilliyin bərpası günü 4 May 1990; Özbəkistan 1 Sentyabr 1991; Tacikistan 9 sentyabr 1991; Türkmənistan 27 Oktyabr 1991; Qazaxıstan 16 dekabr 1991). Amma əksəriyyətimizə də məlum olduğu kimi bu belə deyil və Azərbaycan müstəqillik hərəkatı ən güclü olan respublikalardan biri idi.

 

Yekun olaraq, müstəqillik günü kimi vacib bir mövzunun mübahisə mövzusu olması bəlkə də xoş bir hal deyil. Amma nə edək ki, biz belə bir hal ilə qarşı-qarşıyayıq. 28 May tarixini respublika günü kimi qeyd etməyə qərar vermiş olan Azərbaycanın müstəqillik günü məhz 30 Avqust tarixi olmalıdır. Çünkü 30 Avqust 1991-ci il tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Bəyannamə sənədin adı, mahiyyəti və bu qərarı qəbul edənlərin niyyətləri baxımından məhz müstəqilliyn mütləq bərpası sənədidir. Hazırda rəsmi olaraq müstəqillik günü olan 18 oktyabrda qəbul edilən sənəd özü də həm mahiyyəti, həm də 30 Avqust 1991-ci il tarixlisənədə etdiyi istinad ilə müstəqilliyin bərpasının 30 Avqustda reallaşdırıldığını təsdiq edir.

 

 

Araz Aslanlı