Avropa

AK Parti necə qələbə qazandı; gərginlik bitəcəkmi?

Pinterest LinkedIn Tumblr

 

Araz Aslanlı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araştırmalar Mərkəzinin (QAFSAM – https://www.qafsam.org) Sədri

 

Martın 30-da Türkiyədə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. Parlament və prezident seçkiləri ilə müqayisədə daha az əhəmiyyətli kimi görünsə də bu seçkilər əvvəlki yerli seçkilərdən bəzi məqamlara görə xüsusilə seçilirdi.

 

Əvvəla onu qeyd edək ki, hakim Ədalət və İnkişaf Partiyasının (tərəfdarları bu partiyanın adını qısaca “AK Parti”, müxalifləri isə “AKP” kimi qeyd edirlər) 11 ildən artıq müddətdir davam edən iqtidarı müxalifətdə belə bir düşüncə yaradıb ki, onlar istənilən seçkini (ya da referendumu) iqtidar üçün “etimad səsverməsinə” çevirərək və bu “etimad səsverməsi”ndə hakim partiyanın səslərində cüzi də olsa azalmaya nail olaraq “xalqın əslində bu iqtidardan bezdiyini” sübut edə bilərlər. Yəni sanki müxalif partiyalar konkret olaraq seçkidə qələbə çalmaq hədəfindən daha çox iqtidarın səslərinin azalması hədəfinə yönəliblər.

 

Müxaliflər bu seçki öncəsi kampaniyalarda, AK Partinin liderlərində uzun müddətli iqtidardan qaynaqlanan yorğunluğu xüsusi vurğulayırdılar. Buna hakim partiyanı təmsil edən namizədlərin uzun müddətdir bələdiyyə sədri olması (məsələn Ankarada eyni şəxs 20 ildir, İstanbulda isə namizəd 10 ildir, amma partiya 20 ildir hakimiyyətdədir və s.) ya da digər vəzifələrdə uzun müddət işləməsi (İzmir namizədi Binali Yıldırım) də daxildir.

 

Bu seçkiləri əhəmiyyətli edən ən vacib amil kimi, çox güman ki, məhz “17 dekabrda başlayan əməliyyat” (“17 Aralık operasyonu”) qeyd oluna bilər. İqtidarın yüksək vəzifəli şəxslərini və onların ailə üzvlərini (eləcə də Baş Nazir Recep Tayyib Erdoğanın oğlu Bilal Erdoğanı) hədəf seçən əməliyyat Türkiyə gündəmində bomba effekti yaratmaqla yanaşı bu seçkiləri həm iqtidar, həm də müxalifət baxımından “ölüm-qalım” mübarizəsinə çevrilmişdi. Hakim partiyaya yönəlmiş korrupsiya iddiaları, internetdə yayınlanan və dövlət rəsmilərinə aid oluduğu iddia edilən telefon danışıqları Türkiyə siyasi tarixində görülməmiş bir mənzərə yaratmışdı.

 

Prosesləri daha da mürəkkəbləşdirən məqamlardan biri Fetullah Gülen qrupu ilə Erdoğan arasındakı mübarizənin gərginləşməsi və açıq müharibəyə çevrilməsi idi. Bu məqam seçki atmosferini “müharibə atmosferinə” çevirmişdi.

 

PKK terroru ilə mübarizədə metod dəyişikliyi və “Kürd problemi”nin həlli ilə bağlı proseslər də seçkinin əhəmiyyətini artırmışdı. Hakim partiyanın bəzən ardıcıl kimi görünməsə də həyata keçirməyə çalışdığı “həll prosesi”nin (“çözüm süreci”) geniş kütlələr üzərindəki və xüsusilə də Kürdlərin daha sıx yaşadığı bölgələrdəki təsiri maraq doğururdu.

 

Seçkidə AK Parti İzmir və Antalya kimi Cümhuriyət Xalq Partiyasının (CHP) qalası kimi qiymətləndirilən şəhərləri almaq üçün ciddi səy göstərirdi. CHP isə İzmiri qorumaq, İstanbul və Ankara kimi həm çox əhəmiyyətli, həm də 20 il əvvəl uduzduğu şəhərlərdə AK Partini məğlub etmək istəyirdi. Bu məqsədlə İstanbul və Ankarada sadəcə “CHP sosial bazası”na deyil, daha geniş kütlələrə xitab edə biləcək namizədlər seçilmişdi.

 

Seçki öncəsi gərgin atmosfer seçki gününə də təsir etdi. Müxtəlif şəhərlərdəki hadisələrdə 8 nəfər öldü, 18 nəfər isə yaralandı. Bəzi şəhərlərdə saxtakarlıqla bağlı iddialar ortaya atıldı və siyasi qruplar arasında qarşıdurma baş verdi. Xüsusilə səslərin sayılması zamanı çox sayıdakı şəhərdə işıqların sönməsi narazılığa səbəb oldu. Protokolların tərtib olunması, partiyaların aldıqları səslərin yazılması və s. məsələlərdə “səhvlərə” yol verildiyi iddia edildi. Bu iddiaların bir hissəsinin əlaqədar orqanlar tərəfindən araşdırılması nəticəsində bəzi şəhərlərdə seçkilərin nəticələri dəyişdi. CHP-nin Ankara və İstanbulda seçki protokollarındakı uyğunsuzluqların aradan qaldırılması və səslərin yenidən sayılması tələbi hələ ki, qəbul edilməyib.

 

İlkin nəticələrə görə AK Parti Tükiyə üzrə təxminən 43.31 (keçən yerli seçkilərdə 38.8), CHP 25.59 (keçən yerli seçkilərdə 23.1), MHP 17.63 (keçən yerli seçkilərdə 16.1) səs toplamışdır. AK Parti İstanbulda böyük üstünlüklə, Ankarada isə çox cüzi fərqlə qələbə (mübahisələr davam edir) çalmışdır. İzmirdə də CHP böyük üstünlüklə qələbə çalmışdır. Antalyada və Hatayda isə mübahisələr davam edir.

 

Əsas üç partiyanın səslərinin artırmasının başlıca səbəbi, 2009-cu ildəki seçkilərdə ciddi səs toplayan Saadet Partisi (2009-cu il seçkilərində 5,2 %, 2014-cü il seçkilərində isə 2,77%), Demokrat Parti (2009-cu il seçkilərində 3,7, 2014-cü il seçkilərində 0,72% ), Demokratik Sol Parti (2009-cu il seçkilərində 2,8, 2014-cü il seçkilərində 0,33%), Büyük Birlik Partisi (2009-cu il seçkilərində 2,2%, 2014-cu il seçkilərində isə 1,58%), Anavatan Partisi (2009-cu il seçkilərində 0,8%, 2014-cu il seçkilərində iştirak etmədi) kimi partiyaların səslərinin azalmasıdır. Belə ki, bu partiyalardan xüsusilə Demokrat Partinin və Saadet Partisinin sədrləri AK Partiyə sədr müavini kimi dəvət edildi və hakim partiyanın sosial bazasına xitab edən o iki partiyanın ciddi alternativə çevrilməsinin qarşısı alındı. Potensial rəqiblər arasında yer alan və kifayət qədər xarizmatik lider olan Büyük Birlik Partisinin sədri Muhsin Yazıcıoğlu isə şübhəli vertolyot qəzasında öldü. Anavatan Partisi (ANAP) da müxtəlif siyasi oyunlarla demək olar ki, bitirildi. Bu amillər son gərginliklər və ciddi iddialar fonunda hakim partiyadan səslərin başqa partiyalara getməsinin qarşısını aldı.

 

AK Partinin mövqelərini qorumasının əsas səbəblərindən biri də uzun müddətdir hakimiyyətdə olmasına baxmayaraq “təcrübəli” görüntüsünü “yorğun” görüntüsündən önə çıxarmasıdır. Digər tərəfdən uzun müddətdir hakimyyətdə olmalarına baxmayaraq bu partiyanın namizədləri seçki kampaniyalarında digər namizədlərlə müqayisədə daha çox yeni layihələrlə çıxış edirdilər. Cəmiyyətdəki ümumi düşüncəyə görə AK Partili bələdiyyə rəhbərləri digər partiyalardan olanlarla müqayisədə daha yaxşı işləyirlər. Bu da hakim partiyanı seçkilərdə daha üstün vəziyyətə gətirirdi. Hakim partiyanın namizədlərini seçərkən də xalqın rəyini daha çox nəzərə aldığı (bu məqsədlə seçkidən öncəki aylarda dəfələrlə rəy sorğuları keçirilir) və daha yüksək şanslı şəxsləri namizəd kimi irəli sürdüyü bildirilir.

 

Maraqlı məqamlardan biri də youtube, tvitter kimi sosial şəbəkələrlə bağlı qərarların hakim partiyanın səslərinə təsiri ilə bağlı idi. AK Partinin sosial bazasının bir hissəsi üçün sosial şəbəkələr çox əhəmiyyətli deyil, geri qalanı da həm seçki öncəsi proses, həm də “milli maraqlar” baxımından sosial şəbəkələrin bağlanmasını dəstəklədilər. Hətta bir qismi bu cür addımları “Erdoğan hakimiyyətinin gücünün qarşısında heç kimin dayana bilməyəcəyi” kimi qiymətləndirdilər. Digər tərəfdən bu cür şəbəkələrdən daha çox hakim partiyanın əleyhində istifadə olunurdu və onların bağlanması AK Partinin səslərini qorumasına cüzi də olsa kömək etdi.

 

Tükiyədəki seçicilərin ideoloji baxışları nəzərə alındıqda CHP-nin elə də zəif nəticə göstərmədiyini demək mümkündür (çünkü, bu ölkədə sol ideoloji baza o qədər də böyük deyil). Yuxarı da da qeyd olunduğu kimi hətta Ankara, İstanbul kimi bəzi şəhərlərdə digər ideoloji bazalara da xitab edən namizədlər sayəsində potensialından daha yüksək səs aldı. Amma bu yeni strategiya ilə bağlı partiyada vahid anlayışın olmaması (bunun qabarıq şəkildə nümayiş olunması), bəzi şəhər və rayonlarda namizəd seçimi ilə bağlı ciddi narazılıqların baş verməsi və namizədlərinin əsasən ciddi layihələrlə çıxış etməməsi CHP-nin seçkini daha da uğurla başa vurmasına mane oldu.

 

Milliyetçi Hareket Partisi (MHP) bu seçkilərdə səslərini artırsa da AK Partidən başqa ciddi sağ təmayüllü partiyanın mövcud olmaması fonunda potensialından zəif nəticə göstərdiyi düşünülür. Xüsusilə Türkiyənin üç ölkə (Azərbaycan, İran və Ermənistan) ilə həmsərhəd tək vilayəti olan Iğdırda seçki strategiyasında yol verilən səhvlər “MHP-nin qalalarından” hesab olunan bu vilayətdə növbəti dəfə məğlubiyyətə səbəb oldu.

 

Əsasən Kürdlərə xitab edən Barış və Demokrasi Partiyası (BDP) ilə Halkların Demokrasi Partisi (HDP) bu seçkilərdə əvvəlki seçkilərlə müqayisədə səslərini bir qədər artırıblar. Mardində müstəqil namizəd kimi iştirak edən Ahmet Türk (siyasi qadağaya görə pariya adından iştirak edə bilmir, BDP-nin keçmiş həmsədridir) ilə bir yerdə götürsək Iğdırdan Mardinə qədər Tükiyə-İran və Türkiyə-İraq sərhəddi olan ərazinin hamısı, bundan əlavə isə Türkiyə-Suriya sərhəddinin bir hissəsi tam şəkildə BDP-nin nəzarətinə keçir. Həm də nəzərə almaq lazımdır ki, BDP indiyə qədər Ankarada millət vəkili kimi fəaliyyət göstərən əsas simalarını bələdiyyələrdə namizəd göstərmişdi. Bu da növbəti mərhələdə atılacaq addımlara bir qədər aydınlıq gətirilməsinə kömək edir.

 

Ümumilikdə götürdükdə korrupsiya ittihamları və Fetullah Gülen qrupu ilə sərt mübarizə fonunda AK Partinin seçkilərdə ciddi uğur qazandığını qeyd etmək mümkündür. Amma bu nəticə, seçkilərdən sonra Baş Nazir Erdoğanın çıxışındakı nüanslar, qarşıda Türkiyəni “Gezi parkı” hadisələrinin ildönümünün və prezident seçkisinin gözləməsi qardaş ölkəni daha da gərgin bir mərhələnin gözlədiyini deməyə əsas verir.

 

Qeyd: Bu yazı Türküstan qəzetinin 6 aprel 2014-cü il tarixli sayı üçün 4 aprel 2014-cü il tarixdə yazılıb.

Araz Aslanlı