Avropa

Ermənistan Rusiyanın Cənubi Qafqazı Qarabağ probleminin əsirinə çevirmə siyasətinə kömək edir

Pinterest LinkedIn Tumblr


 

Rusiya İrəvan yaxınlığındakı Erebuni aerodromunda vertolyot eskadrilyasından ibarət hərbi bazanın yerləşdirilməsi üçün Ermənistana müqavilə imzalamağı təklif edib. Rusiya tərəfinin təklifinə görə, müqavilə bu ölkənin vertolyot eskadrilyasının uzunmüddətli əsasda Erebuni aerodromunda yerləşdirilməsini, habelə yeni bazanın fəaliyyət istiqamətlərini müəyyən etməlidir. Xatırladaq ki, Rusiya hələ ötən ildən Erebuni aeroportunda öz vertolyot eskadrilyasını yerləşdirib. Lakin həmin qüvvələr Ermənistandakı 102-ci hərbi bazanın tərkibində idi. İndi isə Erebuni aerodromunda ayrıca Rusiya hərbi hava bazasının yaradılmasından söhbət gedir. Bildirək ki, Rusiyanın vertolyot eskdardilyası Mi-24P, Mi-8MT, Mi-8CMB tipli vertolyotlardan ibarət olacaq. Artıq aerodromda hər vertolyot üçün ayrıca meydança yaradılıb, yerüstü texniki vasitələr müəyyən edilib. Ermənistan hökuməti Erebuni aerodromunda Rusiya hərbi bazasının yaradılmasına ilkin razılıq verib və tərəflərin yaxın vaxtlarda rəsmi müqavilə imzalaması gözlənilir.

Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov bildirdi ki, bu, Rusiyanın Ermənistana təklif etdiyi bir variantdır: Böyük ehtimalla Ermənistan buna razılıq verəcək. Çünki, Ermənistan bu günə qədər rusların bir sözünü yerə salmayıb. Sözsüz ki, Azərbaycan mütləq bu məsələyə münasibət bildirməlidir. Ola bilsin, ruslar desin ki, bu, sırf ikitərəfli münasibətlərdən doğan addımdır. Amma bu, daha çox regionla bağlı olan məsələ olduğuna görə Azərbaycanın Xarici Işlər və Müdafizə nazirlikləri dərhal münasibət bildirməlidirlər. Əvvəla, Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. İkincisi, Rusiyanın bu addımı faktiki olaraq, bölgədə vəziyyətin bir qədər də gərginləşməsinə gətirib çıxara bilər. İstərdim ki, rəsmilərimiz buna mütləq münasibət bildirsinlər. Biz regionda vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq əlavə amillərin olmasına imkan verməməliyik”.

Ekspert əlavə etdi ki, vertolyot eskadrilyası sıradan adi bir qoşun növü deyil: Vertolyot eskadrilyası yüzlərlə hərbi texnikanın, müasir avadanlıqların olması deməkdir. Onlardan istifadə bizim üçün müəyyən problemlər yarada bilər”.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Araz Aslanlı bildirdi ki, Rusiya Hərbi Hava Qüvvələrlərinin Ermənistanda yerləşdirilməsinin bir neçə səbəbi var: Bunlardan birincisi, Rusiyanın keçmiş SSRİ ilə bağlı iddialarının ciddiliyini, Putinin bu iddiaları təkzib etməyə çalışmasının əslində, reaksiyaları azaltmaq istəyindən qaynaqlandığını, narahatlıq üçün əsasların kifayət qədər olduğunu bir daha göstərir. Digər tərəfdən, əraziləri Ermənistan işğalı altında olan Azərbaycan həm hərbi, iqtisadi və s. imkanlarını Ermənistan ilə müqayisədə daha çox artırır, həm də ümumi beynəlxalq vəziyyəti öz lehinə daha çox dəyişə bilir. Ermənistan da bütün bunlar qarşısında qorxuya düşərək Rusiyaya daha da yaxınlaşmağı xilas yolu kimi görür. Biz artıq neçənci dəfədir şahidi oluruq ki, Ermənistan rəhbərliyi, Rusiya ilə imzalanan və Ermənistanın müstəqilliyini məhdudlaşdıran sənədləri öz ictimaiyyətinə uğur və xilas kimi təqdim edir. Bütün bunlar Ermənistanın müstəqilliyini daha da itirməsinə səbəb olur. Bu, Ermənistanın imicini daha da pisləşdirir. Amma təəsüf ki, Rusiya amili Ermənistanda gücləndiyi üçün Qarabağ probleminin həllinə də kömək etmir. Baş verənlərin əsas səbəblərindən biri də məhz Qarabağ problemidir. Ermənistanın Azərbaycan qarşsısında zaman-zaman həyəcanlanaraq Rusiyaya daha çox sığınma ehtiyacı hiss etməsi Qarabağ problemindən qaynaqlanır. Amma Ermənistan vəziyyətdən düzgün nəticə çıxarmaq əvəzinə özünü daha da pis vəziyyətə salır. Bu, Ermənistanın Türkiyə ilə bağlı siyasətində də belədir. Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı olaraq əsassız, beynəlxalq hüquqa və normal qonşuluq münasibətlərinə və imkanlarına uyğun gəlməyən hədələr səsləndirir. İşğalçı siyasət aparmağa çalışır, sonra da özünü təhlükədə gördüyü üçün müstəqilliyini itirmə bahasına Rusiyaya bağlanır. Rusiyanın orada ikinci hərbi baza yaratmasına imkan verməklə Ermənistan özünü Qarabağ probleminin əsirinə çevirir. Beləcə, Rusiyanın bütövlükdə Cənubi Qafqazın Qarabağ probleminin əsirinə çevirmə siyasətinə kömək edir. Halbuki, Ermənistan öz qonşuları ilə normal münasibətlər çərçivəsində yaşamaq yolunu seçsə, həm bölgədə uzunmüdətli sülh və rifah təminat altına alınmış olar, həm də Ermənistan müstəqil dövlətə çevrilə bilər. Eləcə Azərbaycan rəhbərliyinin də qeyd etdyi kimi, Ermənistan regional layihələrdə iştirak edərək iqtisadi cəhətdən inkişaf edə bilər. Amma görünür ki, Ermənistanda hələ bu barədə düşünənlər çox azdır. Bu isə ən çox status-kvodan istifadə edən erməni hakimiyyətinin və Rusiyanın işinə yarayır”.

Mübariz BAYRAMOV

 

http://www.movqe.az/v5/33924.html 

Mübariz Bayramov