Avropa

Rusiya-Türkiyə münasibətlərində enerji amili və Azərbaycan

Pinterest LinkedIn Tumblr

Enerjinin beynəlxalq münasibətlərdəki strateji önəmi Rusiya prezidenti Vladimir Putinin dekabrın əvvəlindəki Ankara səfəri zamanı Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra verdiyi mesajlarla bir daha gündəmə gəldi.

Ümumilikdə iki ölkə arasındakı münasibətlərdə enerji amilini təhlil edərkən aşağıdakı əsas məqamları xüsusi ilə qeyd etmək vacibdir.

Birincisi, soyuq müharibədən sonra Rusiya-Türkiyə münasibətlərində həm qlobal sistemin dəyişən xarakteri, həm regional, həm də daxili şərtlərin təsiri ilə mahiyyət dəyişikliyi baş verməkdədir. Bu dəyişim prosesini, müəyyən mərhələlər istisna olmaqla, tarixən kəskin rəqabət xarakteri daşıyan münasibətlərin çoxistiqamətli intensiv əməkdaşlığa çevrilməsi kimi qiymətləndirmək olar. Soyuq müharibədən sonra Rusiya və Türkiyənin xarici siyasətlərində ortaya çıxan yeni strateji konsepsiyalar iki ölkə arasındakı əməkdaşlıq prosesinin önəmini gücləndirmişdir. Belə ki, Rusiya baxımından qlobal mənada çoxqütblü beynəlxalq sistemin təmin edilməsi və bu çərçivədə regional müstəvidə Avrasiyada Qərb təsirinin gücləndirməsinə mane olunması üçün Türkiyənin mövqeyi mühüm əhəmiyyət kəsb etməkdədir. Xüsusən son dövrlərdə “soyuq müharibə” ritorikasını tamamilə tərk edərək “360 dərəcə xarici siyasət” kursu tətbiq etməyə başlayan Türkiyə üçün isə Rusiya mühüm qlobal və regional əməkdaş rolunu oynamaqdadır. 1991-ci ildən 2000-ci illərin əvvəlinə qədərki dövrdə, tarixi rəqabətin yaratdığı “qarşılıqlı inamsızlıq sindromu”nu əsasən ortadan qaldıran Rusiya ilə Türkiyə arasındakı münasibətlərin xarakteri qlobal güc mübarizəsinin taleyini müəyyənləşdirəcək önəmdəki bölgələrdən olan Avrasiyadakı tarazlığa büyük təsir göstərəcək amillərdən biridir. Son dövrlərdə baş verən Gürcüstan, Suriya və Ukrayna hadisələri kimi ciddi ziddiyyətlərin təsir etməsinə baxmayaraq xarakterini dəyişdirmədiyi Rusiya-Tükiyə münasibətləri üçün qlobal sistemdə getdikcə kəskinləşən enerji rəqabəti isə ciddi bir imtahan sayılmaqdadır.

 

İkincisi, enerjinin iqtisadi və strateji önəmi həm Rusiyanın, həm də Türkiyənin strateji konsepsiyalarında bu amilə xüsusi önəm verilməsi zərurəti yaratmaqdadır. Rusiya baxımından, enerji amili həm öz iqtisadi tranformasiyasını maliyyələşdirmək, həm də geosiyasi maraqlarını həyata keçirmək baxımından strateji önəm daşımaqdadır. Xüsusilə Vladimir Putinin iqtidara gəlməsi ilə Rusiyanın qlobal və regional maraqlarının həyata keçirmədə enerji amili əsas strateji vasitələrinin başında gəlməyə başlamışdır. “Enerji supergücü” olma strategiyası kimi xarakterizə edilən bu yanaşma, qlobal önəmdə enerji ehtiyatlarına malik olan Rusiyanın dünyanın bütün bölgələrindəki enerji ehtiyatlarına təsir gücünün əldə edilməsində və bu ehtiyatların özünə sərfəli şərtlərdə beynəlxalq bazarlara çıxardılmasında mümkün qədər fəal olmanı şərtləndirməkdədir. Bu çərçivədə Rusiyanın xüsusən Avrasiyadakı enerji ehtiyatları üzərində nəzarəti davam etdirməsi və hətta bunu tam monopoliyaya çevirməsi ən mühüm hədəf kimi ortaya çıxmaqdadır. Digər tərəfdən, Türkiyə də artan iqtisadi ehtiyacları və soyuq müharibə sonrasında “yeni strateji missiya” axtarışlarında olması səbəbilə enerji amilinə xüsusi önəm verməkdədir. Türkiyə Rusiyadan fərqli olaraq neft və təbii qaz kimi enerji ehtiyatları baxımından çox kasıb ölkədir. Bu da Türkiyəni getdikcə artan öz daxili tələbatını qarşılamaq və beynəlxalq  sistemdəki strateji önəmini daha da artırmaq üçün qlobal əhəmiyyətli enerji tranzit ölkəsi və mərkəzi olma stratejisini güdməsini şərtləndirir. Bu strategiya isə Türkiyənin ətrafındakı enerji ehtiyatı bol olan ölkələrlə xüsusi diqqət göstərərək öz enerji təminatının müxtəlifliyini təmin etmə və müxtəlif istiqamətli enerji kəmərlərinin tranzit ölkəsi olması hədəfini həyata keçirməsində fəal olması mənasını daşıyır.  

 

Üçüncüsü, enerji amilinin Rusiya-Türkiyə münasibətlərində gündəmə gəlməsi yeni bir məqam deyil. Bu məsələnin tarixini bundan 30 il əvvəl, yəni 1984-cü ildə imzalanan SSRİ-Türkiyə Respublikası təbii qaz müqaviləsi ilə başlatmaq olar. Bu kontekstdə tərəflər arasında enerji məsələsinə dair kifayət qədər təcrübənin olduğunu və bu təcrübənin soyuq müharibə reallığında başladığını və sınaqdan çıxdığını demək olar. Qeyd edilən tarixi təcrübənin Rusiya-Türkiyə münasibətləri də enerji amilinin təbii qaz, neft və nüvə cəhətlərini əhatə edən yeni layihələrə müəyyən mənada bünövrə təşkil etdiyini də qeyd etmək vacibdir.

 

Dördüncüsü, Rusiya-Türkiyə münasibətlərində enerji mövzusu həm əməkdaşlıq, həm də rəqabət xarakteri daşımaqdadır. Bu münasibətlərdə əməkdaşlıq motivini dəstəkləyən nümunələr 1984 tarixli SSRİ-Türkiyə qaz və 1997 tarixli Mavi Axım kəməri müqavilələridir. Bundan əlavə Cənub Axını layihəsi və bəzən gündəmə gələn, ancaq Türkiyə-İsrail münasibətlərinin pisləşməsi ilə hazırda o qədər də aktual olmayan “Mavi Axın-2” layihəsi bu sıradan sayıla bilər. Rusiya ilə Türkiyə enerji əməkdaşlığının ən mühüm nümunələrindən biri kimi artıq inşa edilməyə başlanan Akkuyu Atom Elektrik Stansiyasını da unutmaq olmaz. İki ölkə arasında enerji rəqabətinin ən mühüm nümunələri isə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri və TANAP enerji layihələridir. Rusiyanın İranın nüvə proqramına verdiyi dəstəyinin də eyni zamanda bölgə tarazlığında Türkiyə əleyhinə şərtlər yaradan bir enerji layihəsi olduğunu da xüsusi qeyd etmək lazımdır. 

 

Son 20 il iki ölkə baxımından da rəqabətin və əməkdaşlığın müsbət və mənfi tərəflərini ortaya qoyan bəzi nəticələrlə yadda qaldı. Enerji məsələsində xüsusən Qərblə kəskin mübarizə içində olan Rusiya üçün mühüm bölgə gücü və tranzit ölkə Türkiyənin bu məsələdəki mövqeyinin önəmi keçən dövrdə açıqca ortaya çıxdı. Belə ki, Qərbin Türkiyə ilə qurduğu ittifaq Rusiyanın kəskin müqavimətinə baxmayaraq Avrasiyadakı Rus enerji təkəlinə (inhisarına) böyük zərbə vuran Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin həyata keçməsini təmin etdi. Rusiya bu təcrübəni diqqətə alaraq növbəti Qərb-Türkiyə əməkdaşlığının onun Avropa qaz bazarındakı ciddi üstünlüyünə və Xəzər hövzəsində artan təsirinə böyük zərbə vuracaq başda “Nabucco” olmaq yeni layihələrin həyata keçməsini istəmir və bu çərçivədə Türkiyə ilə enerji əməkdaşlığına maraq göstərir. Putinin “Cənub Axını” layihəsini Türkiyə üzərindən həyata keçirmə təklifi və enerji əməkdaşlığını gücləndirmə mesajları rəsmi Ankaranın qarşı cəbhədə olmasını əngəlləmə amacını daşımaqdadır.  Bu eyni zamanda rəsmi Moskvaya Rus enerjisinin Qərb bazarlarına nəqlində problemli Ukrayna və Belarus yollarını tarazlama fürsətlərindən biri kimi də xarakterizə edilməlidir. Ancaq “Cənub axının “Türk Axını” kimi reallaşması Rusiya ilə Qərb arasında münasibətlərində gərginliyin gələcəyindən və başda Bolqarıstanın olmaqla AB üzvlərinin mövqeyindən asılıdır. Putinin Ankara səfərindən sonra Bolqarıstanın və bəzi AB nümayəndələrinin “Cənub Axını”nın həyata keçirilməsində maraqlı olduqlarına dair verdikləri güclü mesajlar bu layihə barədə son sözün hələ deyilmədiyini göstərməkdədir.                    

 

Elə Türkiyə də Rusiya ilə enerji rəqabətinin bəzi nəticələri ilə qarşılaşdı. Belə ki, keçən dövrdə Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Erzurum kəmərləri kimi uğurlara imza atılsa da, Türkiyə Rusiya ilə rəqabətin enerjidəki strateji hədəfini həyata keçirməsində həm ciddi risklər meydana gətirdiyinin, həm də imkanları məhdudlaşdırdığının fərqinə vardı. Çünki daxili qaz tələbatının ödənilməsində təxminən 75 faizə çatan nisbətdə asılı olduğu ölkə ilə kəskin rəqabət, ciddi paradoksdu. Rusiyanın malik olduğu “enerji silahı”ndan başda Ukrayna olmaqla asılı ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi riskin böyüklüyünü açıqca göstərdi. Bundan əlavə qlobal önəmdə enerji tranzitoru və mərkəzi olmaq istəyən bir ölkənin bu bazarın ən böyük qaz və ən mühüm neft ixracatçılarından biri ilə qarşı cəbhələrdə olması da bu hədəfə ciddi məhdudiyyət gətirməkdə idi. Türkiyə bu məhdudiyyəti daha öncəki dövrlərdə ciddi təkidlərinə baxmayaraq Rusiyadan “Mavi Axın” kəməri ilə aldığı qazı üçüncü ölkəyə sata bilməyərək birbaşa yaşadı. Elə “Cənub Axını” layihəsinin ortaya çıxma macərasında da Rusiya və Türkiyə arasında enerji əməkdaşlığının yarım qalmasının mühüm rolu var. Beləliklə, Türkiyə yeni dövrdə həm Qərbin, həm də Rusiyanın enerji layihələrinin öz ölkəsindən keçməsinə imkan verən uzlaşdırıcı enerji strategiyası həyata keçirməyi qarşısına məqsəd qoyduğunun güclü siqnallarını verməkdədir. Bu çərçivədə Türkiyə zaman-zaman verdiyi açıqlamalarla həm Xəzər bölgəsi, həm də Rusiya enerji mənbələrinin ölkəsindən keçməsinə yaşıl işıq yandırmaqdadır.

 

Rusiya ilə Türkiyə enerji münasibətləri Azərbaycan üçün də müəyyən risklər və fürsətlər yaradır. Bu risk və fürsətləri Rusiya-Türkiyə enerji münasibətlərindəki rəqabət və əməkdaşlıq kontekstlərində qiymətləndirə bilərik. İki ölkə arasındakı enerji rəqabətinin Azərbaycan üçün həm fürsət, həm də risklər yaratdığını qeyd etmək olar. Belə ki, iki ölkə arasında keçən 20 il ərzindəki enerji rəqabəti Azərbaycan üçün manevr imkanı yaratmış və strateji önəmi olan Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum layihələrinin həyata keçirilməsində Türkiyənin, eləcə də Qərbin güclü dəstəyini təmin etmişdir. Beləcə, Azərbaycan təhlükəsizliyi və iqtisadi rifahı üçün ciddi strateji baza əldə etmişdir. Bu rəqabət məqamının strateji mahiyyətli TANAP layihəsinin uğurla həyata keçirilməsində də bənzər funksiyanı daşıyacağını təxmin edə bilərik. Ancaq bu rəqabət eyni zamanda Rusiyanın 1990-cı illərdə olduğu kimi Azərbaycana enerji layihələrinə dair təzyiqini artırması riskini də yaradır. Bu isə getdikcə siyasi iddiaları artan Rusiyanın Azərbaycan üçün yeni problemlər yaratması  mənasını daşıya bilər.                           

 

Rusiya ilə Türkiyə arasında enerji əməkdaşlığı da Azərbaycan üçün müəyyən riskləri və fürsətlər ortaya çıxarmaqdadır. Risklər baxımından bu enerji əməkdaşlığı Azərbaycanın Avropa bazarlarını hədəfləyən enerji layihələri üçün “Cənub Axını” və ya  gündəmdə olan “Türk Axını” layihəsi nümunəsində alternativ təşkil edir. Bu əməkdaşlığın İsrailə qaz verməyi təmin etməsini nəzərdə tutan “Mavi Axın-2” ilə yeni istiqamət qazanması gündəmə gətirmə riski var və bu da Azərbaycan üçün yeni rəqib layihə mənasını daşımaqdadır. Bu addımlar isə enerji nəqli, satışı və təsirini gücləndirməsi baxımından Azərbaycanın xüsusilə Avropa və İsrail bazarlarındakı manevr imkanını azaltması təhlükəsi yarada bilər. Fürsətlər baxımından isə, yeni sayıla biləcək üç məqamı qeyd etmək olar. Əvvəla, Rusiya-Türkiyə enerji əməkdaşlığı Azərbaycanın Türkiyə vasitəsilə həyata keçirəcəyi layihələrə dair Rusiyanın təzyiqlərinin nisbətən azalması və yumşalması imkanı yaradır. İkincisi, Rus-Türk enerji əməkdaşlığı Rusiyadan enerji asılılığını azaltmağa çalışan Avropanın və bunda xüsusilə maraqlı olan ABŞ-ın nəzdində Azərbaycanın strateji önəminin daha da güclənməsinə kömək edə bilər. Üçüncü isə, bu əməkdaşlıq Türkiyənin qlobal enerji bazarındakı strateji önəmini gücləndirməkdədir. Bu isə Türkiyə enerji bazarında PETKİM-i satın alaraq və 2018-ci ilə qədər bu ölkənin enerji sektoruna ümumilikdə 20 milyard dolar investisiya qoymağı nəzərdə tutan ARDNŞ-ın qlobal enerji bazarındakı yerini gücləndirməsi fürsəti yaradır.

 

Dr. Nazim Cəfərov, xüsusi olaraq APA Analitik Mərkəzi üçün

http://news.lent.az/news/190207

Dr. Nazim Cəfərsoy