Layihələr

Qarabağ probleminin araşdırılması ilə bağlı beynəlxalq layihəyə yekun vurulmuşdur

Pinterest LinkedIn Tumblr
Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ probleminin araşdırılması ilə bağlı xarici tədqiqatçılar və tələbələr üçün təqaüd proqramının həyata keçirilməsi” adlı beynəlxalq layihəyə yekun vurmuşdur. Layihəyə Araz Aslanlı rəhbərlik etmiş, layihənin icrasına Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsi İqtisadiyyat və İşlətmə Kafedrasının müəllimi Dr. Nazim Cəfərov tədqiqatçı-ekspert kimi töhfə vermiş, layihənin icrasına ümumilikdə müxtəlif ölkələrdən 10 alim və tədqiqatçı cəlb olunmuşdur.
 
Layihəni icra etməkdə məqsəd Qarabağ problemi ilə bağlı xarici ölkə tədqiqatçıları tərəfindən yazılmış obyektiv elmi əsər əskikliyinin ortadan qaldırılmasına töhfə vermək olmuşdur.
 
Çünkü illərdir xaricdə güclü lobbiyə malik olan, bununla yanaşı bəzi güclü xarici dövlətlərin strateji maraqları naminə dəstəklənən Erməni tərəfinin öz mövqeyini yalançı faktlarla da olsa dünyaya daha yüksək səviyyədə çatdırmağa çalışdığı müşahidə edilir. Bu məsələdə Avropada, Asiyada, hətta Azərbaycanın da ortaq keçmişə sahib olduğu keçmiş Sovet coğrafiyasında belə Azərbaycanın ədalətli mövqeyinin lazımi səviyyədə bilinmədiyi görülür. 
 
Bu məqsədlə, dünyanın müxtəlif regionlarındakı ölkələrdən tədqiqatçılar seçilərək onlara  təqaüd verilərək elmi məqalələr yazdırılmış və bu məqalələr xarici ölkə KİV-də yayınladılmışdır. Bu işlər görülərkən iki məqama xüsusi diqqət edilmişdir. Birincisi region və mədəniyyət müxtəlifliyinin təmini, ikincisi isə hazırlanmış məqalələrin xarici ölkə mediasında dərci. Bu çərçivədə əvvəlcə Qərb, Türk dövlətləri, keçmiş Sovet regionu, Uzaq Şərqdən 7 gənc tədqiqatçı seçilərək həmin şəxslərlə mövzular razılaşdırılmışdır. Bu gənc tədqiqatçılar üçün 2 Azərbaycanlı və 1 Türkiyəli məsləhətçi (eyni zamanda koordinator) müəyyənləşdirilmişdir. Sonra bu məsləhətçilərin təmin etdiyi materialların da yardımı ilə elmi məqalələr yazdırılmışdır. 
 
Layihə nəticəsində 7 xarici ölkədən olan tədqiqatçı təqaüd proqramında iştirak edərək elmi əsər hazırlamış və bu əsərlər xarici ölkə (Yaponiya, Hindistan, Monteneqro, Ukrayna, Gürcüstan, Əfqanıstan və Qırğızıstan) KİV-də dərc olunmuşdur.
 
Layihə başa çatdıqdan sonra BMM-də layihənin nəticələriylə bağlı təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində layihənin hərbəri Araz Aslanlı layihə ilə bağlı geniş məlumat vermişdir.
 
Tədbirdə Türkiyədəki Qars Qafqaz Universitetinin Professoru Hacali Nəcəfoğlu, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun əməkdaşı Nazim Mustafa, Tarix Elmlər Doktoru Mahir Qəribov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Fuad Çıraqov, Dünya Türk Gənclər Birliyinin sədr müavini Elşad Abdullayev, ATSAM-ın sədri Hatəm Cabbarlı, Azərbaycan Gənc Diplomatlar Birliyinin Türkiyə nümayəndəsi Söhrab İsmayıl, Mili Düşüncə Mərkəzinin sədri Taryel Feyzioğlu, jurnalist Elnur Eltürk və digərləri çıxış eədərək layihənin əhəmiyyətindən danışmışdır.

Dr. Nazim Cəfərsoy