Avropa

Türkiyə-Rusiya yaxınlaşması Ermənistana yeni ciddi zərbə oldu

Pinterest LinkedIn Tumblr

Türkiyə-Rusiya yaxınlaşması Ermənistana yeni ciddi zərbə oldu

Hatəm Cabbarlı: “Türkiyə-Rusiya arasında münasibətlərin qaydaya salınması ilə Rusiya nəzdində Ermənistanın əhəmiyyəti bir az da kiçildi”

 

Araz Aslanlı: “Türkiyə-Rusiya yaxınlaşması ümumi olaraq region üçün müsbətdir”

 

2016-07-05 09:22:00

Türkiyə ilə Rusiya arasında “buzlar” əriməyə başladı. Hətta artıq Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki «İncirlik» hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Rusiya da qarşılıqlı olaraq türk məhsullarına tətbiq edilən embarqonu  mərhələli şəkildə aradan qaldıracaq. 
Sentyabr ayında isə hər iki ölkənin rəhbərlərinin görüşü gözlənilir. Təhlilçilərin sözlərinə görə, mübasibətlərin belə sürətli şəkildə bərpası tərəflərlə yanaşı, region üçün də müsbət amildir. Xüsusən də bunu Qarabağ probleminin həllində Azərbaycanın xeyrinə olan məqam kimi dəyərləndirirlər. 
Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Hatəm Cabbarlı hesab edir ki, Türkiyə-Rusiya arasında böhranın həll olunması sadəcə, iki ölkə arasındakı münasibətlərə deyil, ümumən Cənubi Qafqaz, Yaxın və Orta Şərq bölgəsinin də təhlükəsizlik mühitinə müsbət təsir edəcək: “Bu böhran ən arzuedilməz bir uğursuz hadisə idi və nəhayət tərəflər arasında edilən uzun müzakirələrdən sonra həll edildi. Rusiyanın Bəşər Əsəd rejiminə siyasi və hərbi dəstək verməsindən sonra Türkiyənin həm bölgədə həyata keçirməyə çalışdığı siyasət, həm də Rusiya ilə münasibətləri kəskinləşmişdi. Eyni zamanda Suriyada Rusiya-İran əməkdaşlığı da Türkiyənin dövlət maraqlarına uyğun gəlmirdi. İki ölkə arasında böhran başlarkən bölgədə bundan ən çox məmnun olan Ermənistan idi. 
Ermənistan müxtəlif vəsilələrlə Rusiya-Türkiyə arasında tarixi ziddiyyətləri ön plana çıxararaq, Rusiya ictimai rəyini Türkiyə əleyhinə qaldırmağa səy göstərirdi. Böhrandan dərhal sonra Rusiya Dövlət Dumasının qondarma «erməni soyqırımı» məsələsini müzakirəyə çıxararaq «erməni soyqırımı»nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini önə çıxarmaları Ermənistanı ümidləndirsə də, nəticədə bu qanun qəbul edilmədi. Türkiyə-Rusiya arasında münasibətlərin qaydaya salınması ilə Rusiya nəzdində Ermənistanın əhəmiyyəti sanki bir az daha kiçildi. Son zamanlar Ermənistanda Rusiyaya qarşı etirazların artması, Ermənistan-Rusiya Havadan Müdafiə Sistemlərinin birləşdirilməsi haqqında müqavilənin parlamentdə təsdiq edilməsi zamanı Rusiyaya qarşı ciddi tənqid hətta təhdidlərin dilə gətirilməsi də təsadüfi deyildi”.
 
Digər siyasi şərhçi Araz Aslanlı bildirir ki, ümumiyyətlə, Cənubi Qafqazda gedən proseslərdə Türkiy-Rusiya münasibətləri həlledicidir: “Əvvəllər İran mərkəzli dövlətlər də olub. Ancaq artıq İranın təsir imkanı Türkiyə və Rusiya qədər deyil. Cənubi Qafqazda gedən proseslər bu iki ölkədən çox asılıdır. Bu baxımdan həmin ölkələr rəqabət şəraitində olanda Cənubi Qafqazdakı ümumi mühitin gərginləşməsinə təsiri olur. O baxımdan Qarabağ probleminə Ermənistana və Azərbaycana da təsiri mütləqdir. Lakin Azərbaycan müstəqil xarici siyasət həyata keçirdiyi  üçün Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ölkəmizə az təsir edir.
 
 Azərbaycan bu zərərlərdən özünü sığortalaya bilib. Azərbaycan əməkdaşlıqla bağlı layihələr ortaya qoyur, sülhə töhfə verməyə çalışır. Ermənistan üçün isə Türkiyə-Rusiya münasibətlərinin pisləşməsi arzuedilən hal idi. Çünki, Ermənistan əməkdaşlıq yox, rəqabət mühitlərindən faydalanan dövlətdir. Ermənistan regional rəqabətdə tərəflərdən birinə yaxın olaraq fayda götürməyə çalışır. Ona görə də Ermənistan Rusiya-Türkiyə gərginliyində maraqlıdır. Bu mənada Türkiyə-Rusiya yaxınlaşması ümumi olaraq region üçün müsbətdir. Regionda əməkdaşlıq mühiti yaradır. Konfliktlərin həlli baxımından da bunun töhfəsi ola bilər. Ermənistanın hazırki siyasəti baxımından isə bu, arzuolunmazdır. Ölkə siyasətini dəyişdirsə, həm öz, həm də regionun imkanlarına uyğun siyasət formalaşdırsa, Ermənistana da faydası ola bilər”.
 

Mübariz BAYRAMOV 

http://www.movqe.az/84025.html 

Araz Aslanlı