Hərbi-təhükəsizlik

Türkiyənin Suriya və İraqa müdaxiləsi həyati əhəmiyyət daşıyır

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı: “Türk ordusu əməliyyatlardan vaz keçməyəcək”

 
 
Ötən gün İraq parlamenti ölkənin Mosul əyalətinə bağlı Başıka bölgəsində Türkiyə hərbçilərinin mövcudluğunun yolverilməz olduğu haqqında qərar qəbul edib. İraq parlamenti türkiyəli
hərbçilərin ölkə ərazisində qalması müddətinin uzadılması ilə bağlı Türkiyə Böyük Millət Məclisinin qəbul etdiyi qərara etiraz edib və buna dair sənədi təsdiqləyib. Sənəd Türkiyənin Bağdaddakı səfirinə təqdim edilib. Qərarda türk hərbçilərin “işğalçı güc” kimi tanınması, Türkiyə ilə ticarət əlaqələrinin nəzərdən keçirilməsi və başqa müddəalar öz əksini tapıb.
 
Bunu Türkiyə Baş nazirinin müavini, hökumət sözçüsü Numan Kurtulmuş İraq parlamentinin Başıka ilə bağlı qəbul etdiyi qərarı anlamaqda çətinlik çəkdiyini deyib: “Başıkanın müzakirə mövzusu olmasına icazə vermərik. Bununla belə, orada İraq hökuməti ilə əməkdaşlıq etməyə hazırıq. Türkiyə İraq və Suriyanın ərazi bütövlüyünün qorunması baxımından üzərinə düşən öhdəliyi yerinə yetirir”. Türkiyə Suriyada əməliyyatlara davam etdikcə, həm İŞİD, həm də PKK tərəfindən terror aktlarına məruz qalır. Ötən gün qardaş ölkə növbəti terror aktı ilə üz-üzə qalıb. PKK terror təşkilatı Hakkari rayonunun Şəmdinli qəsəbəsində bomba yüklü avtomobilə hücum edib. Nəticədə 8 hərbçi şəhid olub və 5 əsgər yaralanıb. Türkiyənin ətrafında cərəyan edən proseslərlə bağlı “Şərq”ə danışan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Türkiyə ordusunun Suriya və İraqa girməsi zərurətdir və İŞİD təhlükəsi ilə bağlıdır.
 
– Türkiyənin Suriya və İraqdakı hərbi əməliyyatları təkcə bu ölkələrin hakimiyyətlərini deyil, eyni zamanda Qərb dövlətlərinin ciddi narahatlığına səbəb olub. Buna baxmayaraq, türk ordusu Yaxın Şərqdəki hərbi əməliyyatları davam etdirməyi qərarlaşdırıb. Rəsmi Ankaranın Suriya siyasətini necə dəyərləndirirsiniz?
 
– Türkiyənin Suriyadakı hərbi əməliyyatları bir neçə istiqamətə xidmət edir. Əsas istiqamət qonşu ölkədəki gərginliyin Türkiyə daxilinə nüfuz etmə təhlükəsidir. Digər məqam isə Suriyanın ərazi bütövlüyünün ortadan qaldırılmasıdır. Türkiyə bu iki məsələnin reallaşmasına var gücü ilə qarşı çıxır. Çünki Yaxın Şərqin və sərhəd bölgələrin İŞİD və PYD terrorçularının əlinə keçməsi regionun fəlakətinə səbəb ola bilər. Təbii ki, burada Türkiyənin ərazi bütövlüyü məsələsi də mühüm rol oynayır. Bu baxımdan Suriya böhranı çox ciddidir. Ankara hökuməti uzun müddət açıq müdaxiləyə getmədi. Nəticədə bəhs edilən bölgələrdə vəziyyət pik həddə çatdı, terrorçular gücləndi, ölkələr parçalandı. Həmçinin, böhranın dərinləşməsi Türkiyəyə gələn qaçqınların sayını da artırdı. Yəni Qərb anlamalıdır ki, Türkiyənin Suriyaya müdaxilə etməməsi, etməsindən daha təhlükəli nəticələr törədə bilər. Bu müdaxilə Türkiyə üçün həyati əhəmiyyət daşıyır. Suriyadakı risk ortadan qalxmadığı müddətcə, türk ordusu əməliyyatlardan vaz keçməyəcək.
 
– Sadəcə Türkiyənin həmləsi ilə Suriya və İraqdakı risk, yəni İŞİD və PYD bəlası ortadan qalxacaqmı?
 
– Görünən odur ki, İŞİD-ə qarşı mübarizə apardıqlarını iddia edən koalisiya qüvvələrinin məqsədi tamam başqadır. Suriya və İraqda terrorçulara qarşı mübarizə sadəcə görüntü xarakteri daşıyır. Proseslər eynən bizdəki kimi cərəyan edir. Dağlıq Qarabağ münaqişəsinin həllində yer alan həmsədr ölkələr məhz həmin münaqişənin başlanmasında rol oynayan və davam etməsində maraqlı olan qüvvələrdir. İŞİD-lə mübarizə də belədir. Qruplaşmanı yaradanlar onlara qarşı ciddi mübarizə apararmı?! Əlbəttə ki, yox. Ancaq məsələ ondadır ki, İŞİD bəlasından ən çox bölgənin sadə insanları, uşaqlar, qadınlar ziyan görürlər. İnanmıram ki, təkcə Türkiyənin müdaxiləsi İŞİD-i ortadan qaldırmağa kifayət edəcək. Amma yenə deyirəm, riski minimallaşdırmaq üçün türk ordusunun ciddi müqavimət göstərməsi labüddür.
 
– Belə iddialar da var ki, Türkiyəni Suriya bataqlığına cəlb etmək istəyənlər var, ona görə də Ankara hökuməti diqqətli olmalıdır. Bu iddianı necə dəyərləndirirsiniz?
 
– Xarici ölkələrdəki hərbi proseslərə müdaxilə etməyin ciddi riskləri var. Dünyanın ən güclü ölkəsi belə hərbi əməliyyat keçirsə, bu qayda dəyişməz qalır. ABŞ-ın İraqa və Əfqanıstana hücumu zamanı da deyilirdi ki, Amerika Yaxın Şərq və Orta Asiya bataqlığına düşüb. Eyni zamanda Rusiyanın Suriyaya müdaxiləsi zamanı da bu cür ifadələr səsləndirildi. Burada əsas məsələ müdaxilə edən ölkənin nə qazanıb, nəyi itirəcəyi ilə bağlıdır. Hamı arzu edirdi ki, Suriyadakı proseslər tezliklə başa çatsın. O zaman türk ordusunun işə əl qoymasına ehtiyac qalmazdı. Amma bu baş vermədi. Türkiyə baxdı ki, susqun qalması ilə daha çox itkilərə məruz qalacaq, ona görə də müdaxilə etmək qərarına gəldi. Çünki əks mövqe qardaş ölkəyə baha başa gələ bilərdi.
 
– Son günlərin ən çox müzakirə olunan məsələsi ABŞ-Rusiya gərginliyidir. İki güc arasındakı ziddiyyətin əsas səbəbi də məhz Suriya böhranı ilə bağlıdır. Sizcə, tərəflər arasındakı gərginlik hansı həddə qədər çıxa bilər?
 
– Tarix boyu beynəlxalq münasibətlərin iki köklü rəqibi olub – ABŞ və Rusiya. Bəzən dünyadakı istənilən qaynar nöqtə bu iki dövlət arasındakı rəqabəti alovlandıra bilir. Çox zaman Amerika və Rusiya arasındakı münaqişələr, soyuq münasibətlər sırf süni səbəblərdən qaynaqlanıb. Amma Suriya məsələsi tərəfləri üz-üzə qoyan ilk təbii səbəbdir. Çünki coğrafi əhəmiyyət daşıyan Suriya uğrunda mübazirə bütövlükdə Yaxın Şərq uğrunda savaş deməkdir. ABŞ-ın da, Rusiyanın da bu bölgədə xarakter baxımından fərqli maraqları var. Məsələn, bir tərəfdə 11 sentyabr hadisəsindən sonra “hər şeyi etmək səlahiyyəti” əldə etdiyini zənn edən ABŞ-ın qarşısını kəsən Rusiya dayanırsa, digər tərəfdə aqressiv siyasət yeridərək öz maraqları uğrunda vuruşan Rusiya durur. Amma reallıq odur ki, Suriyada Moskva tərəfindən qorunan Bəşər Əsəd rejimi qalmaqdadır. Bu da o deməkdir ki, ABŞ Yaxın Şərqdə istəklərinə nail ola bilməyib. Bütün bunlara rəğmən, ciddi ABŞ-Rusiya qarşıdurmasının yaranacağına inanmıram. Amma vəziyyətin yumşalmayacağı da dəqiqdir. Tərəflər biri-birini “vurmağa” davam edəcək.
 
– Bu gərginlik fonunda Türkiyənin mövqeyini necə dəyərləndirirsiniz. Sizcə, rəsmi Ankara hansı tərəfi müdafiə etməlidir?
 
– Türkiyənin mövqeyi birmənalı olmayacaq. Bəzən elə hesab edirlər ki, NATO üzvü Türkiyə mütləq ABŞ-ı dəstəkləməlidir. Ya da əskinə, son aylar münasibətlərin normallaşdığı Rusiyanın tərəfindən dayanmalıdır. Türkiyənin özünün Yaxın Şərqlə bağlı konkret maraqları, planları var. Ankara öz maraqlarına uyğun hər iki tərəflə münasibət saxlamağa çalışacaq. Yəni Türkiyə ABŞ-Rusiya gərginliyində konkret tərəf tutmayacaq.
 
– Mühüm məqamlarda PKK terror təşkilatının aktivləşməsi nə ilə bağlıdır? Ümumiyyətlə, Türkiyənin terrorçularla mübarizə üsulları qaneedicidirmi?
 
– PKK son illərin ən çox dəstək görən terror təşkilatıdır. Çox güclü dövlətlər PKK-ya yardım edirlər. Əslində Türkiyə terrorçu kürdlərlə uzun zamandır mübarizə aparır. Amma indi Türkiyənin ətrafında qeyri-sabit durum yaranıb. Suriya və İraq kimi ölkələr öz sərhədlərini əvvəlki kimi qoruya bilmirlər. Bir yandan Türkiyənin xarici siyasətində müəyyən manevrlərin həyata keçirilməsi, bu manevrlər fonunda bir müddət ABŞ və Rusiya ilə münasibətlərin korlanması PKK ilə mübarizədə çətinliklər yaratdı. Ancaq artıq terrorçularla mübarizə üçün təbii şərait yetişib. Türkiyə əvvəlki kimi sadəcə təhlükəsizlik qüvvələri və diplomatik manevrlərlə PKK ilə kəskin mübarizə apara bilmir. Xatırlayırsızsa, 1990-cı illərdə Türkiyə açıq şəkildə PKK təhdidi ilə üz-üzə qalmışdı. Amma sonrakı illərdə fərqli metodlarla terrorun təsirini azaltmağa nail oldu. Son zamanlar Türkiyənin beynəlxalq sistemində yaranan dəyişikliklər, daxildəki FETÖ ilə bağlı problemlər, eyni zamanda qonşuluqdakı qeyri-sabitlik PKK ilə mübarizəni çətinləşdirib. Amma Türkiyə dövləti çalışır ki, mövcud riskləri mümkün qədər neytrallaşdırsın və dövlətin, əhalinin təhlükəsizliyini qorusun.
 
İsmayıl

Araz Aslanlı