Amerika

Tramp dönəmində ABŞ-Azərbaycan münasibətləri necə olacaq? – SORĞU

Pinterest LinkedIn Tumblr


Donald Trampın ABŞ prezidenti seçilməsini dünya dövlətləri sürprizlə qarşılasalar da, artıq indi hər kəs Ağ Evin yeni rəhbərinin necə xarici siyasət yürüdəcəyini düşünür. Çünki təbliğat-təşviqat kampaniyası zamanı o, yürüdəcəyi xarici siyasətlə bağlı ziddiyyətli açıqlamalar vermişdi.

 

Siyasi şərhçilər Corc Buş və Barak Obama administrasiyalarının qlobal siyasətə artan müdaxiləsinin Tramp dövründə nisbətən azalacağını ehtimal edir. Bu kontekstdə Tramp administrasiyası dövründə ABŞ-ın Cənubi Qafqaz regionuna marağı azala bilər. Hərçənd son illərdə də rəsmi Vaşinqtonun bölgədə aktivliyi azalmışdı.

 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy deyir ki, son 25 ilə nəzər saldıqda, Azərbaycanın Respublikaçılar Partiyası ilə münasibətlərinin demokratlara nisbətən daha yaxşı olduğunu  müşahidə etmək olar. Obama administrasiyasında erməni lobbisinin müdaxiləsi daha aktiv idisə, Tramp dövründə bunun azalacağını proqnozlaşdırmaq olar: “Tramp Rusiya ilə münasibətlərə əhəmiyyət verdiyi üçün Kremlin bu regiondakı fəallığına göz yuma bilər. Bu da regionda Rusiya amilinin daha aktivləşməsinə səbəb ola bilər. Bu isə tarazlı siyasət yürüdən Azərbaycan üçün arzuolunan hal deyil. Digər amil İran məsələsidir. Tramp İranla müqaviləyə pessimist baxır. Bu isə Azərbaycanın əhəmiyyətini artıra bilər”.

 

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, kimin seçilməsindən asılı olmayaraq, ABŞ-ın siyasətində ciddi dəyişiklik olmayacaq. Çünki ölkənin oturuşmuş sistemi və siyasəti var. Tramp da digər sələfləri kimi, Birləşmiş Ştatların milli və təhlükəsizlik maraqlarını üstün tutacaq: “Amerikanın milli təhlükəsizlik marağı Azərbaycan və Türkiyə kimi dövlətlərlə sıx əməkdaşlığı diqtə edir. Respublikaçılar geosiyasi maraqlara daha çox üstünlük verirlər. Trampın rəhbərliyi dövründə də Azərbaycanla əməkdaşlığa önəm veriləcək. Azərbaycan qazının Avropaya çatdırılmasında Amerika Azərbaycana böyük dəstək verir. Bu dəstək davam edəcək”.

 

Seçki kampaniyası dövründə Donald Tramp daha sərt, qalmaqallı açıqlamalar versə də, prezident seçildikdən sonra bəyanatlarında yumşalma hiss olunur. Yəni artıq Tramp səsləndirdiyi hər fikrə görə ABŞ prezidenti kimi məsuliyyət daşıyır. Hər halda, Trampın necə siyasətçi olacağı hələ sualdır. Hər kəs ancaq onun seçki kampaniyası zamanı səsləndirdiyi bəyanatlar əsasında fikir yürüdür. Bu bəyanatların necə reallaşacağına isə yaxın 4 il ərzində şahid olacağıq.

 

http://m.apa.tv/news/35001 

Dr. Nazim Cəfərsoy