Hərbi-təhükəsizlik

İsrail-Fələstin münaqişəsi və biz

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı



 



ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı açıqlamasından sonra Azərbaycanda həm Trampın qərarı, həm də bu qərara münasibətimizin necə olmalı olduğu müzakirə edilir. Ən qızğın müzakirə onun üstündə gedir ki, biz kimin tərəfini tutmalıyıq: Ərəblərin (Fələstinin) yoxsa İsrailin? Belə görünür ki, Azərbaycandakı tərəflər Trampdan çox bir-birlərini ittiham edirlər.



Hadisələrə sadə vətəndaş kimi müxtəlif prizmalardan baxmaq olar. Məsələn,



a) Sırf insani prizmadan (sadəcə bir insan kimi): bu prizmadan baxdıqda, Trampın açıqlamasının BMT-nin qərarlarına, ümumiyyətlə beynəlxalq hüquqa zidd olduğu görünür və bu səbəbdən qınanması, rədd edilməsi, tənqid edilməsi normal qarşılana bilər. Bu prizmadan baxıldıqda ümumiyyətlə Fələstində baş verənləri insan hüquqlarının pozulması kimi qınamaq olar. Çünkü əksər hallarda burada xoş olmayan hadisələr baş verir, xoş olmayan mənzərələr ortaya çıxır, amma əksər hallarda bu mənzərələr xarici mediada lazımı qədər yer tutmur.



b) Dini prizmadan (dini kimliyi ön planda tutaraq): Bu prizmadan hər kəs məsələyə öz dini inancına görə baxa bilər (təbii ki, söhbət inananlardan gədir). Ölkəmizin əhalisinin əksəriyyəti özünü Müsəlman kimi gördüyünə görə “din qardaşlarına qarşı atılan addımlar”ın onları narahat etməsi çox təbii qarşılana bilər.

Dini prizmadan yanaşanların bir qismində isə anti-İslam (bəzən digər hansısa inanc, bəzən də ateist), anti-Ərəb və İsrailə simpatiya duyğuları ön plandadır. Onların önəmli qismi istənilən mövzuda İsraili müdafiə edir, Ərəblərə qarşı təhqiredici mövqe və “Fələstinin canı cəhənnəmə” yanaşmasını nümayiş etdirirlər.



c) Milli-etnik kimliyi ön planda tutaraq: Dini amilləri bir kənara qoyub sadəcə milli-etnik kimliklə baxıldıqda ölkəmizdəki bəzi insanlar problemin Ərəblərlə-Yəhudilər arasında olduğunu, bizim başımıza da çox müsibətlər gətirildiyini, bu məsələlərə digər tərəflərin (xüsusilə Ərəblərin) lazımı həsasslıq göstərmədiyini, əvvəlcə öz halımıza yanmalı olduğumuzu düşünürlər.



ç) İdeoloji prizmadan baxıldıqda: İstər klassik mənada sağçı və ya solçu ideologiyayla, istər liberal baxışla ya da fərqli bir ideologiyayla baxılsın, sionizmi çıxmaq şərtiylə heç bir ideoloji baxış İsrailin təktərəfli genişləmə siyasətini və buna dəstək verən ABŞ yanaşmalarını tam qəbul etmir; bu və ya digər dərəcədə tənqid edir.



d) Kapitalist məntiqlə (maddi mənfəətləri ön planda tutaraq): Burada artıq maddi maraqlar hər şeydən önə keçir. Şəxsin əməkdaşlıq etdiyi işadamlarının etnik və ya dini kimliyi o şəxsin bu məsələyə baxışınızda önəmli ola bilir. Ümumiyyətlə qidalandığı mühit (ölkə, şirkət, siyasi partiya, ictimai təşkilat, fond və s.) hansının tərəfindədirsə şəxs də onun tərəfini tutur.
Ya da ola bilsin ki, mövqeyinin müəyyənləşməsi tərəf müqabiliylə birbaşa əlaqəli olmasın. Amma bir qədər də dərin düşünən biridir. Qüdslə bağlı baş verənlərin qlobal və regional iqtisadi proseslərə təsirindən yola çıxaraq mövqe müəyyənləşdirir. Bütün hallarda yenə də sizin mövqeyinin müəyyənləşməsi iqtisadi maraqla bağlıdır.



f) Peşə və sənətin özünəməxsus prizmasından: Həkim kimi, müəllim kimi, iqtisadçi kimi özünəməxsus mövqeyiniz ola bilər. Amma xüsusilə ekspert kimi (bizdə məhşur olan ifadəylə “politoloq” kimi) məsələyə xüsusi baxışınız da ola bilər. Məsələn, başqa sahələr barədə heç nə bilməyən bir politoloqsunuzsa, baş verənləri mediaya çıxmaq üçün fürsət kimi belə görə bilərsiniz.



Bu siyahını bir qədər də uzatmaq olar. Amma aydın məsələdir ki, əksəriyyət xüsusi olaraq son proseslərə, ümumiyyətlə İsrail-Fələstin münaqişəsinə bu amillərin bir neçəsinin təsiri ilə, yəni, ümumən qarışıq prizmadan baxır. Eyni zamanda hadisələrə qarışıq baxan prizmadan birisi üçün də konkret hallarda bu prizmalardan hansısa biri daha təsiredici ola bilər. Məsələn dəyək ki, ümumən proseslərlə elə də maraqlanmayan ya da maraqlandığı halda mənfi munasibət bildirməyən biri məsciddəykən dini hissləri alovlana, proseslərlə bağlı tənqidi fikirlər səsləndirə, hətta İsrailə nifrət etməyə başlaya bilər. Amma ertəsi gün Yəhudi bir işadamı ilə söhbət edərkən maddi maraqlar ön plana çıxar və ürəyində Fələstinlilər haqqında əvvəlcədən də sahib olduğu mənfi fikirlər alovlanmağa başlayar, bunu bir az da sərt formada Yəhudi işadami ilə söhbətində də deyər.



Bəs Azərbaycanın məsələ ilə bağlı rəsmi mövqeyi necə olmalıdır?  



Şübhəsiz ki, Azərbaycan bir dövlət kimi bütün məsələlərə münasibətini formalaşdırarkən vacib strateji maraqlarından çıxış etmək məcburiyyətindədir. Bunların sıralaması təxminən belədir:



Varlığını təminat altına almaq;

Müstəqilliyini gücləndirmək;


Ərazi bütövlüyünü təmin etmək.



Bunlarla yanaşı ölkədə insan huquq və azadlıqlarının ən yuksək səviyyədə təmini, təhsilin, səhiyyənin, mədəni ehtiyaclarin ödənilməsi və ümumiyyətlə iqtisadi rifah səviyyəsinin yüksəldilməyə çalışılması və bənzər istiqamətlərdəki hədəflər də önəmlidir. Bu hədəflərə çatılması istiqamətindəki addımlar mümkün qədər bir-birləri üçün alternativ olmamalı, amma həqiqətən zərurət yarananda öncəliklər təbii ki, diqqətə alınmalıdır.



Son hadisəyə də Azərbaycan dövləti məhz yuxarıdakı öncəlikləri əsasında yanaşmaq məcburiyyətindədir. Dövlət rəsmiləri beynəlxalq münasibətlər sisteminin xarakterinə baxaraq, mövcud prosesə reaksiyanın tərzinin bu münasibətlər sisteminə və ümumilikdə Azərbaycanın maraqlarına təsirini nəzərə alaraq, eyni zamanda bir qayda kimi “ölkənin dəmokratikliyinə paralel şəkildə daxili ictimaiyyətin tələblərini nəzərə alaraq” hərəkət etməlidirlər.



Son proseslərin alovlandırıcısı olan ABŞ Azərbaycan üçün qlobal imkanları baxımından əhəmiyyətli dövlətdir. Balanslaşdırılmış xarici siyasətin formalaşdırılması və icrası baxımından Azərbaycana faydası dəyən dövlətlərdəndir. Amma Azərbaycan üçün nə müttəfiq, nə də düşmən kateqoriyasındadır. Müstəqilliyin bərpasının ilk illərində ABŞ-ın mövqeyini daha çox nəzərə alırdıq, amma getdikcə etiraz etməyə, qərarlarını tənqid etməyə başladıq. Son qərarı ilə bağlı olaraq Azərbaycanın ABŞ-ı beynəlxalq hüquq normalarına və BMT-nin qərarlarına hörmətlə yanaşmağa dəvət etməsi normal haldır.



İsrail-Fələstin münaqişəsinin birbaşa tərəflərinə baxdıqda, İsrail Azərbaycanın müttəfiqi ya da düşməni deyil. Amma hərbi-təhlükəsizlik baxımından, eləcə də Yəhudi lobbisi də daxil olmaqla digər bəzi istiqamətlər üzrə ikitərəfli münasibətlərdən faydalanmağa çalışırıq. İsrail həm də müəyyən məsələlərə görə Azərbaycana ehtiyac duyan, amma bizi daim bunun tam tərsinə inandırmağa çalışan bir dövlətdir.



Fələstin də bizim düşmənimiz ya da müttəfqimiz deyil. Fələstinin sadəcə dini amilə görə müdafiə edilməsi də strateji cəhətdən əskik yanaşma olardı. Amma dini amil ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazlərinin Ermənistan tərəfindən isğalı (Qarabağ problemi) ilə bağlı mövqeyi, ümumiyyətlə Fələstinlilərə qarşı haqsızlıqlar və isğal kimi amillər bizim reaksiyamiza təsir edən amillərdir.



Beləliklə Azərbaycan dövlətinin və ümumən cəmiyyətin son proseslərə reaksiyası nə Ərəb düşmanlığı və Yəhudilərə sipmatiya, nə də Yəhudi düşmanlığı və sadəcə “İslam həmrəyliyi” çərçivəsində olmalıdır. Rəsmi reaksiya balanslaşdırılmış xarici siyasətin ruhuna uyğunluq ilə yanaşı beynəlxalq hüquqa hörməti, bütün maraqlı tərəflərin Azərbaycanın məsələlərinə münasibətinə adekvatlığı, çevikliyi və gələcək addımlarımıza uyğunluğu da əks etdirməlidir. Cəmiyyətimiz isə “İslam həmrəyliyi” adı altında Ərəbpərəstlikdən, amma eyni zamanda əslində başqa güclərin maraqlarına xidmət edən Ərəb düşmənçiliyindən nə qədər uzaq dursa o qədər obyektiv münasibətlər ortaya çıxar.



(Bu məqalənin ilk veriyası 2009-cu ildə yazılıb. Son proseslər əsasında yenilənib.)

Arif Keskin