Hərbi-təhükəsizlik

Nəticəsi məlum olan seçkilər: dəyişən sistemdir yoxsa simalar?

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

 

Ermənistanda 2018-ci ilin aprel-may aylarında yaşanan və günümüzə qədər davam edən hadisələrə diqqət etdikdə ötən əsrin sonlarında -1990-cı illərin əvvəllərində yaşanan hadisələrlə bəzi oxşar və fərqli tərəflər diqqəti cəlb edir.

Oxşar cəhətlər:

– Nikol Paşinyan da Levon Ter-Petrosyan kimi hakimiyyət uğrunda siyasi mübarizədə, obrazlı desək, rəqiblərini “darmadağın edir”.

– Paşinyan da Levon Ter-Petrosyan kimi ermənilərin böyük əksəriyyətinin dəstəyini aldı və bu dəstək hələ davam edir.

 

Fərqli cəhətlər:

– Levon Ter-Petrosyan müstəqillik uğrunda mübarizədə 70 illik Sovet rejimindən cana doyan ermənilərin siyasi dəstəyini aldı.

– 27 il öncə müstəqilliyini elan edən Ermənistanda Robert Köçəryanın 10, Serj Sarqsyanın da 10 illik iqtidarını da diqqətə alarsaq, 20 illik totalitar rejimdən qurtulmaq üçün ermənilər Nikol Paşinyanı dəstəkləyərək yeni bir siyasi fiqurun hakimiyyətə gəlməsinə şans verdi və bu dəstək hələ də davam edir.

Cari ilin aprel-may aylarında yaşanan hadisələrin məntiqi davamı kimi dekabr ayının 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək və bununla da Ermənistanın ictimai-siyasi həyatında yeni bir dövr başlayacaq. Bu dövrün Ermənistan üçün uğurlu olub olmayacağı haqqında indidən qəti proqnoz vermək mümkün deyil.

Serj Sarqsyanın 23 apreldə istefa etməsindən sonra 8 mayda müxalif hərəkatın lideri Nikol Paşinyan baş nazir seçilmişdi. Baş nazir olmasına baxmayaraq parlament tərəfindən dəstəklənmirdi və hər an hakimiyyətdən getmə təhlükəsi yaşayırdı, hətta parlamentdə əksəriyyəti təşkil edən Ermənistan Respublika Partiyası (ERP) sivil yolla iki dəfə buna uğursuz cəhd də etmişdi.

 

Növbədənkənar parlament seçkilərində qüvvələr nisbəti və iştirak edənlər

Nikol Paşinyan dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə son 20 ildə formalaşmış oliqarx-bürokrat sisteminə ağır siyasi zərbələr vurmaqla gedir. Bu il aprelin 23-nə qədər hakimiyyətdə olan Ermənistan Respublika Partiyası və partiya lideri Serj Sarqsyan siyasi baxımdan olduqca zəifləmiş və siyasi səhnədən əhəmiyyətli dərəcədə uzaqlaşdırılmışdır. Yəni artıq ERP Paşinyan üçün real rəqib və təhlükə deyil. Bunu cari ilin 2 sentyabr tarixində İrəvan meriyasına keçirilən seçkilərdə Paşinyanın dəstəklədiyi “Mənim addımım” adlı seçki blokunun təxminən 83 faiz səs toplayaraq  qələbə qazanması da təsdiq edir. Bəzi mənbələr İrəvan meriyasına keçirilən seçkilərin növbədənkənar parlament seçkilərinin başlanğıcı olaraq görürdülər.

Növbədənkənar parlament seçkilərində iştirak edəcək siyasi partiya və bloklar 14 noyabrda Mərkəzi Seçki Komissiyasına proporsional seçkilərdə iştirak edəcək nazmizədlərinin qeydə alınması üçün müraciət ediblər. Bu siyasi partiya və bloklar arasında bilinən qüvvələrlə yanaşı yeni ortaya çıxan siyasi partiya və sivil cəmiyyət quruluşları da var. Sasna Tsrer[1] qrupunu və Ermənistanın Xristian Demokratik İnkişafını yeni siyasi mərkəzlər olaraq təsnif etmək mümkündür.

Növbədənkənar parlament seçkilərində aşağıdakı partiya və blok iştirak edəcəkdir:

  1. “Mənim Addımım”seçki bloku: Lideri Nikol Paşinyandır. 183 namizədi qeydə alınıb (İlk sıralarda Nikol Paşinyan, Ararat Mirzoyan, Lena Nazaryan, Tiqran Avinyan Araik Arutyunyan və digərləri var);
  2. Çiçəklənən Ermənistan Partiyası: Lideri oliqarx Qaqik Çarukyandır. İki dəfə ERP ilə koalisiya hökumətində yer alıb. 175 namizədi qeydə alınıb (İlk sıralarda Qaqik Çarukyan, Mikael Melkumyan, Artur Qriqoryan, Naira Zoqrabyan və digərləri var);
  3. Ermənistan Respublika Partiyası:Seçki siyahısında birinci yerdə sabiq Müdafiə naziri Viqen Sarkisyandır. Onu sırasıyla Arpine Ovannesyan, David Şahnazaryan və digərləri izləyir;
  4. Aydın Ermənistan Partiyası: Paşinyanın sabiq müttəfiqiydi. İlk yerdə partiya lideri Edmon Marukyan dayanır.
  5. Daşnaqsutyun Partiyası: Armen Rustamyan siyahıda ilk yerdədir.
  6. Respublika Partiyası:Azad Demokratlar Partiyası ilə birlikdə seçkilərdə iştirak edəcək. ELK Blokundan Paşinyanın müttəfiqiydi. Siyahıda Vazqen Sarkisyan birinci sırada, Xaçatur Kokobelyan ikinci sıradadır;
  7. Qanunlar Ölkəsi Partiyası: Daha sonra adını Erməni İntibahı olaraq dəyişsə də, son zamanlarda yenidən əvvəlki adını-Qanunlar Ölkəsi olaraq dəyişdirib. Lideri, parlamentin sabiq sədri və Milli Təhlükəsizlik Şurasının Katibi Artur Bağdasaryandır.
  8. Sasna Tsrer Partiyası: Siyahıda birinci yerdə Varujan Avetisyandır, onu politoloq Stepan Qriqoryan izləyir. Seçki qərargahına Jirayr Səfilyan rəhbərlik edir;
  9. Ermənistanın Xristian Demokratik İnkişafı: Politoloq levon Şirinyan siyahıda birinci yerdədir.
  10. Vətəndaş Seçimi:Siyahıya Suren Saakyan rəhbərlik edir.[2]

Qeyd edək ki, 2017-ci il aprelin 2-də keçirilən parlament seçkilərində iştirak edən Azad Demokratlar Partiyası, Erməni Dirilişi Partiyası, Konqres-EXP Bloku, Kommunist Partiyası və ORO Bloku bu seçkilərdə iştirak etmir.

 

Seçkilərin mümkün nəticəsi barədə

Bir şox etibarlı mənbə dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində nəticələrin indidən bəlli olduğunu bildirir. Nikol Paşinyan lideri olduğu “Mənim Addımım” seçki bloku qarşısında digər bütün siyasi partiya və bloklar olduqca zəif görünür.

Bəzi təhlilçilər ERP-in bu seçkilərdə parlamentdə təmsil olunmayacağını iddia edir. Daşnaqsutyun və Çiçəklənən Ermənistan Partiyasının da parlamentdə kreslo alma ehtimalı zəifdir, amma istisna edilmir.

Paşinyan seçkilərdə iştirak edən digər siyasi partiya və blokların parlamentdə təmsil olunmasında maraqlıdır. Parlamentdə əksər səs çoxluğunu təmin edəcəyindən əmin olan Paşinyan, digər siyasi partiyaların da parlamentdə təmsil olunmasına imkan verəcək. Bunu ölkə daxilində və xaricində demokratiya və seçkilərin şaffaf keçməsi ilə izah edərək mövqeyini möhkəmləndirəcək.

Bu seçkilərdə Paşinyanın inzibati resurslardan xüsusi olaraq istifadə etməsinə lüzum belə yoxdur. Ermənilərin əksəriyyətinin siyasi dəstəyini alan Paşinyan seçkilərin şəffaf keçirilməsində digər siyasi partiya və bloklardan daha çox maraqlıdır.

 


[1]Sasna Tsrer Azərbaycan torpaqlarının işğal edilməsində iştirak edən sabiq döyüşçülərin təşkilatıdır. Bu təşkilatın üzvləri 2016-cı ilin aprel ayında Qarabağda yaşanan hadisələrə etiraz edərək İrəvanın Erebuni rayonunda yerləşən Post-Patrul Alayına hücum etmiş və bir neçə nəfəri girov götürmüşdülər. Bu zaman iki polis zabiti öldürülmüşdü. Sonradan partiya olaraq təşkilatlandılar.

[2]Участники парламентских выборов в Армении: кто они?, https://ru.armeniasputnik.am/politics/201­81114/15675­199/uchastniki-parlamentskih-vyborov-v-armenii-kto-oni.html, 14.11.2018

Dr.Hatəm Cabbarlı