Hərbi-təhükəsizlik

Cenevrə görüşü Suriya probleminin həlli üçün ümid yaradırmı?

Pinterest LinkedIn Tumblr

Araz Aslanlı

18 dekabr 2018-ci il tarixində Birlәşmiş Millәtlәr Tәşkilatının Cenevrәdәki qәrargahında Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu, Rusiyanın xarici işlәr naziri Sergey Lavrov və İranın xarici işlәr naziri Cavad Zәrif arasında Suriya böhranının həlliylə bağlı görüş keçirilmişdir. Müzakirələrin ikinci hissəsində BMT-nin baş katibinin Suriya üzrә xüsusi nümayәndәsi Steffan De Mistura iştirak etmişdir.

Müzakirələrdən sonra qəbul edilən 5 maddəlik birgə bəyanatda “Konstitusiya komitəsi”nin formalaşması ilə əlaqədar olaraq həm Suriyadakı siyasi qüvvələrlə, həm də BMT-nin baş katibinin Suriya üzrә xüsusi nümayәndәsiylə müzakirələrin müsbət nəticələr verdiyi qeyd edilmişdir. Birgə bəyanatın 3-cü maddəsində “Konstitusiya komitəsi”nin ilk iclasının gələn ilin əvvəlində Cenevrədə təşkil olunması ilə bağlı razılıq əldə olunduğu, 4-cü maddəsində isə tərəflərin bütün addımlarını Suriya Milli Dialoq Konqresinin qərarlarına və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına uyğun atdıqları qeyd edilmişdir (xatırladaq ki, Suriya Milli Dialoq Konqresi bu ilin yanvarında Rusiyanın Soçi şəhərində Rusiya, Türkiyə və İranın təşkilatçılığı və 1511 nümayəndənin iştirakıyla keçirilmişdi). Birgə bəyanatın 5-ci maddəsində tərəflər Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dair öhdəliklərini təsdiq etmiş və bu prinsiplərə bütün tərəflərin hörmət göstərmələrinin zəruriliyini vurğulamışdır.

Cenevrədəki son danışıqları bəzi media orqanları Rusiya, Türkiyə və İranın Suriya böhranına dair tam razılaşması kimi qeyd etsələr də, tərəflərin bəzi vacib məqamlara dair fikir ayrılıqlarını davam etdirdikləri də bilinir. “Konstitusiya komitəsi”nin 150 nəfərdən (50 iqtidar, 50 müxalifət, 50 aydınlar və qeyri-hökumət sektorundan olmaqla) ibarət olacağı ümumən qəbul edilsə də konkret siyahı ilə bağlı vahid bir yanaşma yoxdur. Söhbət xüsusilə 3-cü 50 nəfərlik qrupdan gedir və bu qrupun kimlərdən ibarət olmasının gələcəkdəki proseslərin taleyi baxımından həlledici xarakterə malik olacağı düşünülür. Buna baxmayaraq Rusiya, Türkiyə və İranın liderliyində gedən prosesin Suriya böhranı başladığı gündən indiyə qədərki ən uğurlu proses olduğunu qeyd etmək mümkündür. Əslində Suriya ilə bağlı ən geniş imkanlara malik olan dövlətlərin Rusiya, İran, Türkiyə, ABŞ və Fransa (müəyyən mərhələlər üçün İngiltərəni və bəzi Ərəb dövlətlərini də qeyd etmək mümkündür) olduğu prosesin əvvəlindən bilinirdi. Bunlar içərisində fasiləsiz ən fəal olanları Rusiya, İran, Türkiyə və ABŞ, ən ardıcıl siyasətə malik olanları isə Rusiya və İran olmuşdur.

Suriya böhranının başlanğıcından bu günə qədər böhranın həlli ilə bağlı müxtəlif təşəbbüslər olsa da, bunların bəziləri hansısa dövlətlərin fərdi təşəbbüsü xarakterinə, bəziləri beynəlxalq təşkilatların təşəbbüsü xarakterinə, bəziləri isə bir neçə dövlətin birgə təşəbbüsü xarakterinə malik olmuşdur. İlk təşəbbüslər nəinki böhranın həllinə töhfə verməmiş, əksinə böhranın dərinləşməsində də rol oynamışdır. Təşəbbüslərin uğursuzluğa düçar olmasındakı əsas amillərdən biri fəal və təsirli tərəflərin əks qütblərdə yer alması olmuşdur. Son illərdə, xüsusilə Türkiyə, Rusiya və İranın birgə təşəbbüsləri atəşkəslə bağlı niyyətlərin daha çox reallaşmasına kömək etmişdir. Bu üç ölkənin Suriya böhranına dair əməkdaşlığı yeni qaçqın ordusunun yaranmasına mane olması və terrorla mübarizəyə kömək etməsi baxımından da faydalı olmuşdur. Tərəflər bəzi məsələlərə dair fikir ayrılıqlarına baxmayaraq Astana proseini uğurla davam etdirirlər.

Bu il oktyabrın 27-də İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən zirvə görüşü isə Türkiyə, Rusiya və İran tərəfindən aparılan prosesə əlavə üstünlüklər də qazandırmışdır (İstanbuldakı zirvə görüşündə İran tərəf kimi iştirak etməsə də, xüsusi olaraq məlumatlandırılmışdır). Bu halda Suriya prosesinin maraqlı və təsirli tərəflərindən demək olar ki, sadəcə ABŞ istisna olmaqla hamısı Suriyanın gələcəyinin inşasında iştirak etmiş olurlar. Qərb dövlətlərindən Almaniya və Fransanın prosesə qoşulması və İstanbul sammitində Suriyanın gələcəyi ilə bağlı stratejik xarakterli qərarların qəbul edilməsi ABŞ-a rəğmən nələrinsə olma ehtimalını gücləndirmişdir. Bu tədbirdə BMT-nin baş katibinin Suriya üzrә xüsusi nümayәndәsi Steffan De Mistura də iştirak etmiş və “Konstitusiya komitəsi” ilə bağlı ilk ciddi razılıq əldə edilmişdi.

Xatırladaq ki, Almaniya və Fransa İraq böhranından sonra da ABŞ ilə fikir ayrılıqları yaşayaraq Rusiya ilə ikitərəfli görüşlər keçirməyə başlamışdılar. Almaniya Avropa Birliyinin lokomotivi kimi, Fransa Suriya ilə tarixi bağları olan və BMT TŞ-nin daimi üzvü kimi prosesə ciddi töhfə verə bilər.

Təbii ki, Suriya böhranının xarakteri çox mürəkkəbdir. Vətəndaş müharibəsinin həm birbaşa tərəfləri, həm də dolaylı iştirakçıları, eləcə də prosesə açıq formada olmasa da müdaxilə edən xarici dövlətlər sayca çox, xüsusuyyətcə fərqli, əksər hallarda siyasi baxımdan da qeyri-ardıcıldırılar. Bu və digər məqamlar problemin həllini çətinləşdirir. Amma Türkiyə, Rusiya, İran + Fransa, Almaniya + BMT-nin baş katibinin nüyayəndəsi formatındakı prosesdə hərbi gücdən istifadənin məhdudlaşdırılmasına dair ümumi razılıq, terrorla mübarizə və s. kimi məqamlarda razılıqlar, Suriyanın gələcəyinə bütün suriyalıların qərar verməsi, “Konstitusiya komitəsi”nin toplanması və s. kimi ciddi razılıqların əldə olunması böhranın həlli üçün indiyə qədərki ən real imkan kimi dəyərləndirilə bilər. Prosesin gələcəyi isə daha çox Rusiya ilə Türkiyə arasındakı əməkdaşlığın necə davam edəcəyindən və ABŞ-ın proseslərə dair nə dərəcədə radikal mövqe nümayiş etdirəcəyindən asılı olacaqdır.

 

Araz Aslanlı