Avropa

Paşinyan hökumətinin Rusiya ilə münasibətləri: ənənəvi siyasət yoxsa dəyişikliyin başlanğıcı?

Pinterest LinkedIn Tumblr

Hatəm Cabbarlı, Nazim Cəfərov

 

Ermənistan müstəqilliyini elan etdiyi 21 sentyabr 1991-ci ildən bu günə qədər çox yönlü xarici siyasət həyata keçirməyə çalışsa da, ümumən Rusiyanın iqtisadi və siyasi orbitindən uzaqlaşa bilməmişdir. Bunun ən böyük səbəblərindən biri Ermənistanın 1991-ci ilə qədər Azərbaycana ərazi iddiası irəli sürməsi, daha sonra isə Azərbaycan ərazilərini işğal etməsi olmuşdur. Rusiyanın orbitindən uzaqlaşaraq Dağlıq Qarabağ problemində zəifləyəcəyini və iqtisadi problemlərini həll edə bilməyəcəyini düşünən Ermənistan demək olar ki, Rusiyadan asılı vəziyyətə düşmüşdür. 2018-ci ilə qədər Rusiyanın bütün siyasi, iqtisadi və hərbi tələbləri demək olar ki, Ermənistan tərəfindən qəbul edilmiş, kiçik istisnalar olmaqla tərəflər arasinda ciddi problemlər yaşanmamışdır. Müstəqilliyinin ilk illərində Ermənistan Rusiya ordusunun ölkədə qalmasına razı olmuş, sərhədlərinin qorunmasını bu ölkənin Federal Təhlükəsizlik Xidmətinin nəzarətinə vermiş, Müstəqil Dövlətlər Birliyinə (MDB) və  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmuş, 9 oktyabr 2014-cü ildə Avrasiya İqtisadi Birliyi (AİB) və 10 oktyabr 2014-cü ildə Gömrük Birliyinə (GB) qoşularaq Qərb dünyası ilə inteqrasiya imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır.

Bundan başqa Robert Köçəryan iqtidarı zamanında Ermənistan Rusiyaya olan 101 milyon dollar borcunu ödəyə bilmədiyinə görə borc qarşılığında ölkənin strateji sənaye müəassisələrini Rusiyaya vermişdir. Yəni, son 28 ildə Ermənistan Rusiyanın liderliyində qurulan bütün iqtisadi, siyasi və hərbi təşkilatlarda yer almışdır, hətta öz daxili iqtisadiyyatında Rusiya hegemoniyasına imkan tanımışdır.

Ermənistanın NATO ilə əməkdaşlıq çərçivəsində hərbi sahədə müxtəlif beynəlxalq proqramlarda iştirak etməsinə və Avropa ilə siyasi və iqtisadi münasibətlər qurmasına baxmayaraq, bu qurumlar ilə əməkdaşlıq ölkənin daxili və xarici siyasətində aparıcı rola malik olmamış, ölkənin gələcək inkşaf yönünü Qərbə doğru çevirməmiş və Rusiyanın orbitindən uzaqlaşmada ciddi istinad nöqtəsi olaraq görülməmişdir.

Paşinyanın siyasətçi və rəsmi dövlət adamı olaraq Rusiyaya yönəlik siyasi görüşlərini dövlərə ayrıraraq dəyərləndirmək mümkündür.

Paşinyan 2012-2018-ci ildə millət vəkili olarkən Rusiyaya qarşı radikal çıxışları ilə yadda qalmasa da, ümumən Qərb yönümlü olmuşdur.[1]

Serj Sərkisyanın 2018-ci ilin aprel ayında baş nazir təyin edilməsindən sonra xalq hərakatının lideri olan Paşinyan, Sərkisyanın istefa etməsindən sonra 8 mayda baş nazir seçilmişdir. Bu tarix ilə və parlament seçkilərinin keçirildiyi 9 dekabr tarixi arasındakı dövrdə Rusiyaya yönəlik təmkinli davranmışdır. Lideri olduğu Vətəndaş Müqaviləsi Partiyası parlament seçkilərində 70,43 % səs toplayaraq gücünü daha da artırdıqdan və yenidən baş bazir təyin olunduqdan sonra iqtisadi və siyasi baxımdan Rusiya ilə məsafəli davranmağa çalışmış, müxtəlif tribunalardan Rusiyanın Ermənistanın daxili siyasətinə qarışmasına etiraz etmişdir.

2018-ci ilin may ayında baş verən “məxməri inqilab” nəticəsində Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı ilk dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müəyyən gərginlik yaşansa da, son il yarımda Ermənistanın Rusiyanın orbitindən uzaqlaşdığını iddia etmək mümkün deyil.

Paşinyan 2018-ci ilin sentyabr ayında Rusiyaya rəsmi səfəri zamanı Prezident Vladimir Putin ilə görüşərkən hər iki dövlətin bir-birilərinin daxili işlərinə qarışmamağa dəvət etmişdi.[2] Daha sonra Ermənistan hökuməti faşizm üzərindəki qələbə gününü (9 may) Avropada qeyd edildiyi kimi 8 may olaraq dəyişdirmiş və bu günün əvvəllər Sovet İttifaqının faşizm üzərində qələbəsi kimi deyil, Avropada olduğu kimi “kədər və barışıq günü” kimi qəbul etmişdir.[3]

Paşinyan hökumətinin beynəlxalq aləmdə Rusiyaya ilk dəfə açıq şəkildə qarşı çıxması Rusiyanın hərbi kəşfiyyat idarəsinin sabiq zabiti Serqey Skripala qarşı zəhərli qaz istifadə etməsinə görə Rusiyaya yönəlik tətbiq edilən sanksiyaları dəstəklədiyini bildirməsi olmuşdur. Məsələyə münasibət bildirən Paşinyan “təbii ki, biz Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı həyata keçirilən sanksiyaları dəstəkləyirik. Mən hesab edirəm ki, insanları döyüş qazı ilə zəhərləmək və siyasi opponentləri həbs etmək yaxşı bir şey deyil. Fikirləşirəm ki, Putin məni anlayacaq və qərarımıza hörmət edəcəkdir.”[4]

Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan ilə Rusiya arasında yaşanan ilk problem birbaşa iki ölkə arasında deyil, bu ölkələrin üzv olduğu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaşanmşdır. Belə ki, Paşinyan hökuməti 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərə qarşı hərbi gücdən istifadə edilməsi zamanı öldürülən 15 nəfərin məsuliyyətini sabiq prezident Robert Köçəryana və o zaman ordu qərərgah rəisi vəzifəsində olan Yuri Xaçaturova yükləmiş, Xaçaturovu KTMT Baş Katibi vəzifəsindən geri çağıraraq məsuliyyətə cəlb etmək istəmişdir. Bu məqam iki ölkə arasındakı münasibətləri gərginləşdirmişdir.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs edilməsindən sonra Rusiya ilə münasibətlərdə yeni gərginlik yaşanmışdır. Rusiya rəsmilərinin Köçəryanı dəstəkləyən mahiyyətdə bəyanatlar verməsi, Putinin həbsdə olan Köçəryanı doğum günü münasibətilə təbrik etməsi,[5] Rusiyanın Ermənistandakı səfirinin ölkənin daxili ictimai-siyasi həyatına müdaxilə edəcək şəkildə fikirlər bildirməsi Paşinyan hökumətini narahat etmişdir.

Amma bütün bunlara baxmayaraq Paşinyan hökumətinin Rusiyaya yönəlik siyasəti dəyərləndirildiyi zaman əvvəlki hökumətlərin həyata keçirdiyi siyasətdən çox da fərqlənmədiyini müşahidə etmək mümkündür. Çünki, hökumət Rusiyanın Ermənistana yönəlik müdaxilə imkanlarını yaxşı bilir. Bu səbəbdən də Paşinyan hökuməti ABŞ, NATO və Avropa dövlətləri ilə münasibətlərini tam olaraq inkişaf etdirmək imkanına sahib deyil.

İki ölkə arasında gərginliyin yaşanmasında bir amil də hər ilin sonunda müzakirə olunan Rusiyanın təbii qazını hansı qiymətlə Ermənistana satması məsələsidir. Rusiya adətən Ermənistanın siyasi mövqeyinə görə təbii qazın qiymətini müəyyən edir. Hər nə qədər Rusiya təbii qazını Ermənistana dünya bazarından daha aşağı qiymətə satsa da, hər il qiymətlərin cüzi şəkildə artması belə Ermənistan iqtisadiyyatı üçün ağır yükdür.

Qeyd edək ki, 2019-cu ildə Rusiya Ermənistana satacağı təbii qazın qiymətini hər min kub metr üçün 15 ABŞ dolları artıraraq 165 ABŞ dollarına yüksəltdiyi zaman Ermənistan hökuməti bundan ciddi narahat olmuş və qazın 2018-ci il qiyməti ilə satılması üçün müzakirələrə davam etmişdir.[6] Təbii qazın hər min kub metrinin 15 dollar bahalaşması ölkə daxilində pərakəndə satışın da qiymətlərinə təsir edir və bu daxili ictimai-siyasi durumun gərginləşməsinə səbəb olan bir amildir.[7]

Bölgədə ən ucuz qaz istehlak edən ölkə Ermənistandır. Belə ki, Azərbaycandan aldığı təbii qazın hər min kub metrinə Gürcüstan 200-215 dollar, Türkiyə isə 290 dollar ödəyir ( Türkiyə İrandan təbii qazın hər min kub metrini 300-400 dollara alır).

Yuxarıda qeyd edilən iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər Ermənistanın Rusiyaya yönəlik manevra sahəsinin nə qədər məhdud olduğunu bariz bir şəkildə ortaya qoyur. Eyni zamanda beynəlxalq aləmdə və təşkilatlarda da Ermənistanın Rusiyaya qarşı siyasəti məhduddur.

Ukrayna tərəfindən 2018-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salınmış nəzərət edilməyən ərazilərlə bağlı məsələdə Ermənistanın Ukraynanın əleyhinə səs verməsi beynəlxalq təşkilatlarda belə Ermənistan üzərində Rusiyanın təsiri olduğunu göstərir.[8]

Ermənistan ordusunun sülhməramlı qüvvələrinin Birləşmiş Millətlər Təşkilatı missiyası çərçivəsində deyil, Rusiya sülhməramlıları ilə birlikdə Bəşər Əsəd rejimini dəstəkləyən cəbhədə yer alması, təhlükəsizlik məsələləri ilə bağlı da Ermənistanın müstəqil xarici siyasət həyata keçirməsinin mümkün olmadığını göstərir.

Ümumiyyətlə Ermənistan-Rusiya münasibətlərinin inkişaf dinamikası diqqətə alındığında, əməkdaşlıqda əsasən Rusiyanın təyinedici və əmredici mövqedə olduğu, Ermənistanın isə kiçik istisnalar olmaqla bu əməkdaşlıqda vassal statusda olduğu müşahidə edilir.

 

 


[1]Армению вынудили вступить в ЕАЭС – Никол Пашинян, https://www.lragir.am/ru/2017/10/09/58607/, 09.10.2017.

[2]Никол Пашинян: и санкции против России, и война с олигархатом, https://www.ukrinform.ru/rub­ric-world/2537276-nikol-pasinan-i-sankcii-protiv-rossii-i-vojna-s-oligarhatom.html, 13.09.2018.

[3]Первым указом нового премьера Армении стал перенос Дня Победы на 8 мая, https://panorama.­pub/3408-pervym-ukazom-novogo-premera.html, https://www.mk.ru/economics/2019/07/02/armeniya-potrebovala-ot-rossii-snizheniya-ceny-na-gaz.html, 09.05.2018.

[4]Армения присоединится к санкциям против России из-за отравления Скрипалей, https://panorama.­pub/7174-armeniya-prisoedinitsya.html, 08.09.2018.

[5]Поздравление Роберту Кочаряну с Днём рождения, http://kremlin.ru/events/president/news/58419, 31.08.2018.

[6]Армения потребовала от России снижения цены на газ,  02.07.2019.

[7]Рустем Фаляхов, Газовая война: Армения атаковала «Газпром» Армения требует от России снижения стоимости газа, https://www.gazeta.ru/business/2019/06/28/12459469.shtml, 02.07.2019.

[8]Ukrayna XİN: Ermənistanın ərazi bütövlüyümüzlə bağlı qərarından məyus olduq, https://1news.az/az/­news/ukrayna-xin-ermenistanin-erazi-butovluyumuzle-bagli-qerarindan-meyus-olduq, 01.10.2018.

Dr.Hatəm Cabbarlı