Hərbi-təhükəsizlik

Paşinyanın “pirr qələbəsi” yoxsa “qordi düyünü”nü kəsmək?

Pinterest LinkedIn Tumblr

 

Hatəm Cabbarlı, Siyasi elmlər doktoru

 

On illik Robert Köçəryan və on illik Serj Sarqsayn iqtidarı Ermənistanı nəticəsi əvvəlcədən bəlli olan proseslərə doğru sürükləyirdi. 2018-ci ildə prezidentlik müddədi sona çatan Sarqsyan hakimiyyətinin ömrünü uzatmaq üçün hələ 2015-ci ildə Konstitusiya dəyişikliyi referendumu həyata keçirdi. Dövlətin idarə etmə sistemini dəyişdirdi, prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçdi və prezident səlahiyyəti sona çatdıqdan sonra 17 aprel 2018-ci ildə parlament tərəfindən baş nazir seçildi.[1] Bununla da məğlubiyyətə aparan prosesə təkan verdi.

Sarqsyana qarşı o zamana qədər Ermənistanın ictimai-siyasi həyatında çox da tanınmayan, mitinq və etiraz yürüşlərində müxalifət cəbhəsində iştirak edən, parlament kürsüsündən hökuməti tənqid edən, bir müddət həbsdə saxlanılan, bir çox təhlilçilər tərəfindən qeyri-ciddi sima olaraq qəbul edilən və hadisələri məcrasından çıxara biləcəyinə şübhə ilə yanaşılan Nikol Paşinyan ani bir gedişlə üstünlük qazandı və təxminən bir ay davam edən etiraz hərəkatına başladı. Nəhayət 23 aprel 2018-ci ildə Sarqsyan gözlənilmədən istefa etməyə məcbur oldu.[2]

Paşinyanın baş nazir seçilməsi prosesi də olduqca sancılı keçdi. 8 may 2018-ci ildə baş nazir seçilən Paşinyan parlament üzərində nəzarəti təmin edə bilmədiyindən hökumətin fəaliyyətində ciddi problemlər yaşandı. Paşinyanın parlament üzərində nəzarəti təmin etməsi üçün növbədən kənar parlament seçkiləri keçirilməsi lazımdı.

Etirazçıların siyasi qələbə eyforiyası zəifləmədən növbədən kənar parlament seçkilərinin keçirilməsi zərurətini anlayan Paşinyan baş nazir postundan istefa etdi. Parlamentin Paşinyanı iki dəfə baş nazir seçmədiyi halda növbədən kənar parlament seçkilərinin keçirilməsinə hüquqi əsas yaranacaqdı. Əlbəttə, Ermənistan Respublika Partiyasınının millət vəkillərinin çoxluq təşkil etdiyi parlament bu vəziyyətlə razılaşmaq istəmirdi. Vəziyyətin əleyhinə dəyişdiyini görən Paşinyan xalqı yenidən parlament binası qarşısına toplanmağa çağırmasıyla parlamentin müqaviməti əhəmiyyətli dərəcədə zəiflədi. Paşinyan 16 oktyabr 2018-ci ildə baş nazir vəzifəsini vəkalətən icra etmək şərti ilə istefa etdi. İki həftə ərzində parlament yeni baş nazir seçməli idi. Parlament 24 oktyabr 2018-ci ildə Paşinyanı baş nazir seçmədi. 1 noyabr 2018-ci ildə də Paşinyan baş nazir seçilmədiyi üçün Prezident Armen Sarkisyan parlamentin buraxılması haqqında fərman imzaladı. 9 noyabr 2018-ci ildə keçirilən növbədən kənar parlament seçkilərində Paşinyanın lideri olduğu “Mənim Addımım” seçki bloku 70,43 faiz səs toplayaraq parlament üzərində nəzarəti təmin etdi.[3] Beləliklə Paşinyan onun siyasi karyerasında ən böyük təhlükəni zərərsizləşdirdi və parlament üzərində nəzarəti təmin etdi.

9 noyabr 2018-ci ildə növbədən kənar parlament seçkiləri keçirilənə qədər birinci Paşinyan hökuməti səmərəli fəaliyyət göstərə bilmədi. Paşinyanın siyasi iradəsindən asılı olmayaraq müxtəlif siyasi partiya nümayəndələrindən və daha əvvəl hakimiyyətə yaxın olan siyasətçilərdən ibarət hökumət quruldu. Bu hökumət üzvlərindən bəziləri Ermənistan Respublika Partiyası ilə görüşdüklərinə görə növbədən kənar parlament seçkilərinə qədər Paşinyan tərəfindən istefaya göndərildi.

Paşinyan hökuməti ilk altı ayda və daha sonra “məxməri inqilab” eyforiyasını yaşayan xalqın dəstəyi ilə fəaliyyət göstərsə də, ölkənin qarşılaşdığı sosial-iqtisadi və siyasi problemlərin heç birini həll edə bilmədi.

 

Qarabağ klanı ilə mübarizə

 

Paşinyanın gözlənilmədən Ermənistanda hakimiyyətin zirvəsinə gəlməsindən, sosial-iqtisadi və siyasi sahələrdə inqilabi islahatlar edəcəyini bildirməsindən erməni ictimai rəyi məmnun olsa da, qısa müddətdə hakimiyyətdən qovulan Qarabağ klanı hadisələrin bu məcrada inkişafından heç də məmnun deyildi. Paşinyan Qarabağ klanının ona qarşı bütün vasitələrdən istifadə etdiyini gördükdən sonra ən güclü sima olan Robert Köçəryanı hədəf aldı və 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərə qarşı hərbi gücdən istifadə edilməsi nəticəsində 15 nəfərin öldürülməsi ilə nəticələnən hadisələrə görə ittiham edilərək 2018-ci ilin iyul ayında həbs edildi.[4]

Paşinyan hökumətinin məhkəmə-hüquq sistemi üzərində nəzarəti tam olaraq təmin edə bilməməsi və Qarabağ kalanı nümayəndələrinin bu sistemdə hələ də mövqelərinin güclü olduğuna görə 13 avqust 2018-ci ildə Apelyasiya Məhkəməsinin qərarı ilə Köçəryan həbsdən azad edildi.[5] Bununla Paşinyan Qarabağ klanının nə qədər güclü olduğunu anladı amma hakimiyyətini qoruması üçün bu problemi məntiqi sonluğa çatdırmalı idi. 7 Dekabr 2018-ci ildə Köçəryan yenidən həbs edildi.[6] Paşinyanın bu  siyasi qərarına cavab gecikmədi və Qarabağ klanının Qarabağdakı nümayəndələri qondarma rejimin sabiq prezidenti Arkadi Qukasyan və hazırkı prezidenti Bako Saakyan hadisələrə müdaxilə etdilər. 18 may 2019-cu ildə adı çəkilən şəxslər İrəvana gələrək Köçəryanın məhkəməsində iştirak etdilər və onların zaminliyində Köçəryan yenidən sərbəst buraxıldı.[7] Bir aydan çox azadlıqda qalan Köçəryan Apelyasiya Məhkəməsinin qərarı ilə 25 iyunda yenidən həbs edildi.[8]

Paşinyan Köçəryanın sonuncu dəfə həbs edilməsindən sonra Qarabağ klanının xeyli zəiflətdiyini düşünsə də, Köçəryanın cinayət işi ilə bağlı Konstitusiya Məhkəməsi müdaxilə etdi. Konstitusiya Məhkəməsi Köçəryanın vəkillərinin tələbi ilə Ermənistan Cinayət-Prossesual Məcəlləsinin 35-ci maddəsini və 135-ci maddəsinin 2-ci bəndini tövsif edərkən Konstitusiya uyğun olmadığı haqqında qərar verdi.[9]

Bu hadisədən sonra Paşinyan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmosyan və üzvlərini istefa etməyə dəvət etdi. Daha sonra isə Parlamentdə çoxluq təşkil edən Paşinyanın lideri olduğu “Mənim Addımım” bloku Tovmosyanın səlahiyyətlərinin vaxtından əvvəl bitməsi üçün təşəbbüs göstərdi amma hələlik Tovmosyan vəzifəsində qalır.[10] Tovmosyanın da istefa edəcəyi istisna edilmir.

 Qarabağ klanına qarşı mübarizədə Paşinyan üçün problem olan bir amil də Rusiyadır. “Məxməri inqilab” davam edərkən Rusiya əsasən bu prosesə müdaxilə etməsə də, Paşinyanın hakimiyyətə gəlməsindən sonra Rusiya hökumətinin nümayəndələri müxtəlif tribunalardan yeni hökumətin Rusiyaya yönəlik siyasətini tənqid etdilər. Hətta Rusiya Prezidenti Vladimir Putin Köçəryan həbsdə olarkən iki dəfə onu doğum günü münasibətilə təbrik etdi.[11] Ermənistan hökuməti bu təbriklə bağlı fikir bildirməsə də, müstəqil təhlilçilər bu təbrikləri Paşinyana xəbərdarlıq kimi dəyərləndirdi.[12] Son günlərdə isə Ermənistan və Rusiya mətbuatında müzakirə edilən əsas mövzulardan biri də cari ilin oktyabr ayının ilk həftəsində Avrasiya İqtisadi Birliyinin İrəvanda keçiriləcək Yüksək Avrasiya Şurasının iclasında iştirak edəcək Vladimir Putinin həbsdə olan sabiq prezident Robert Köçəryan ilə görüşmək tələbidir.[13] Bəzi mənbələr Ermənistan hökumətinin bu tələbi qəbul etməyəcəyi təqdirdə Putinin Ermənistan səfərindən imtina edəcəyini bildirir.[14]

Ümumiyyətlə Paşinyan hökumətinin Qarabağ klanı ilə mübarizəsi gərginləşdikcə, buna paralel olaraq Rusiyanın da Ermənistana təzyiqlərinin artması müşhadə edilir. Putinin həbsdə olan Köçəryan ilə görüşmək tələbi də bu çərçivədə dəyərləndirilə bilər.

Rusiyanın Qarabağ klanını müdafiə etməsinin və qorumasının səbəbi, bu klanın nümayəndələri olan Köçəryan və Sarqsyanın hakimiyyətdə olduqları zaman Rusiyanın bölgə siyasətini dəstəkləmələri olub. Rusiya Qarabağ klanının yenidən hakimiyyətə gəlməsində maraqlıdır. Paşinyan hakimiyyətə gəldikdən sonra ölkəsinin Rusiyaya qarşı siyasətində ciddi qırılma nöqtəsi yaşanmasa da, əvvəlki hökumətlərin Rusiya siyasətindən əhəmiyyətli dərəcədə fərqlənir. Bütün sosial-iqtisadi və siyasi problemlərinə baxmayaraq, Ermənistan Rusiya ilə münasibətlərdə daha sərbəst hərəkət etməyə cəhd edir.

Qarabağ klanı ilə mübarizədə Qarabağ klanı baxımından problemin əsas mahiyyəti hakimiyyətini bərpa etməsi və yaxud mövcud status-kvonun qoruyub saxlanılması, Paşinyan hökuməti baxımından isə Qarabağ klanını daha da zəiflətməkdir. Paşinyan Ermənistanda Qarabağ klanının manevra imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırsa da, dövlət bürokratiyası içindəki nümayəndələrini tamamən təmizləyə bilməyib. Köçəryan işi ilə bağlı məhkəmə-hüquq sistemi və Konstitusiya Məhkəməsi ilə yaşanan problemlər də bu baxımdan ələ alınmalıdır.

Bu mübarizədə Qarabağ klanının əlində olan, Paşinyana qarşı dərhal istifadə edə biləcəyi və nəticə ala biləcəyi ən əhəmiyyətli vasitə erməni ictimai rəyi üçün olduqca həssas olan Dağlıq Qarabağ problemidir. Paşinyan bu problemin həlli ilə bağlı hər hansı müsbət fikir bildirrərsə, Qarabağ klanının bundan ona qarşı istifadə edəcəyini bilir. Paşinyan hökumətinin Qarabağ klanı ilə mübarizədə ən əhəmiyyətli olan isə tərəflər arasındakı mübarizənin kəskinləşməsinin bir başa Dağlıq Qarabağ probleminin həll edilməsi məsələsinə mənfi təsir etməsidir. Bu, xüsusilə Ermənistanın Azərbaycana qarşı siyasətində daha tünd çalarların və əslində gərəksiz olan və hökumətin məsələ ilə bağlı fəaliyyət sahəsini məhdudlaşdıran “su altı qayalıqların” ortaya çıxmasına səbəb olur.  

Paşinyan Qarabağ klanını Ermənistanda və qondarma rejimdə zəiflətmədən bu məsələ ilə bağlı hər hansı irəliləyişin olmayacağını bilir. Ermənistandakı Qarabağ klanı əhəmiyyətli dərəcədə zəiflədilsə də, qondarma rejimdə hələ də güclü mövqeyə sahibdir. Hər iki tərəf qondarma rejimdə 2020-ci ildə keçiriləcək prezident seçkilərinə fokuslanıb və bu seçkiləri məğlubiyyətin və yaxud zəfərin başlanğıcı olaraq görürlər.

Paşinyanın son aylarda Qarabağ probleminin həll edilməsi istiqamətində verdiyi bəyanatlar da bu baxımdan dəyərləndirilməlidir. Paşinyan Qarabağ klanı və qarabağlı ermənilər üçün yad siyasi fiqurdur. Onu siyasi lider kimi qəbul etməkdə ciddi psixoloji problemləri var. Paşinyan bu psixoloji əngəli qondarma rejimdə demokratik şəkildə bələdiyyə, parlament və prezident seçkilərinin keçirilməsi ilə aşmaq istəyir. Bu, qondarma rejimdə son 30 ildə despot rejimdə yaşayan ermənilərin bir qisminə xoş təsir bağışlasa da, bir qismi təhlükəsizlik məsələləri ilə bağlı despot rejim belə olsa, qondarma rejimin hazırkı rəhbərlərindən şikayət etməyə və yaxud dəyişdirməyə çəkinirlər. Burada ikinci qismin ictimai fikrinin Paşinyanın lehinə dəyişməsində əsas amil, onun Ermənistanın sosial-iqtisadi problemlərini həll etmə bacarığı və ölkədəki demokratiyanı qoruma siyasi iradəsi ilə düz mütənasibdir.

Paşinyanın Dağlıq Qarabağ  probleminin həll edilməsi istiqamətində son aylarda daha militarist və uzlaşmaz bəyanatlar verməsi Qarabağ klanı ilə mübarizədə daha kəskin dönüşlərə girməsi ilə izah edilə bilər.  Paşinyanın “Qarabağ Ermənistanındır, vəssalam!”, “Qarabağın müstəqilliyi tanınmalıdır” kimi açıqlamaları Qarabağ klanı ilə mübarizədə onların mövqeyini zəiflətməyə xidmət edir. Eyni zamanda Paşinyanın Qarabağı Ermənistanın bir parçası kimi gördüyünü bildirməsi, hələlik qondarma rejimin ictimai rəyində legitim olmayan Paşinyan inqilabi ruhunun yayılmasına və qondarma rejimin daqxili ictimai-siyasi həyatına müdaxilə imkanı əldə etməsinə şərait yarada bilər.

Hələlik tərəflər arasında mübarizə siyasi müstəvidə davam etsə də, 2020-ci ildə qondarma rejimdə keçiriləcək prezident seçkiləri zamanı Ermənistanın seçkilərə müdaxilə etməsinə paralel olaraq seçki öncəsi və sonrasında başqa mexanizmlər də mübarizə vasitəsi kimi istifadə edilə bilər.

 

Paşinyanın hökumətinin iqtisadi siyasəti

 

Ermənistan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlər arasında ən kasıb olan Qırğızstan və Tacikistandan sonra 3-cü dövlətdir[15] və Paşinyan hakimiyyətə gəldikdən sonra həyata keçirdiyi iqtisadi siyasətini dəyərləndikdə aydın olur ki, 3-cü yeri qoruyub saxlamaqda “israrlıdır”.

Paşinyan hökuməti ölkənin qarşılaşdığı sosial-iqtisadi problemlərin həll edilməsinə çalışsa da, daha çox hakimiyyət uğrunda siyasi mübarizə ilə məğşul olduğundan, peşəkar siyasətçilərdən ibarət olan monolit bir hökumət qura bilmədiyindən və ən əhəmiyyətlisi ölkənin iqtisadi potensialı buna imkan vermədiyindən gözlənilən nəticələri əldə etməkdə çətinlik çəkir. Bütün bunlara baxmayaraq əvvəlki hökumətlərin bir illik iqtisadi siyasəti ilə müqayisədə sosial sahələrdə bəzi irəliləyişlər əldə edilib.

Paşinyan hökuməti 43,6 milyon dollar cərimə və vergiləri bağışlayıb. Ermənistan bankları 14,5 milyon dollarlıq ödəmələrdə gecikmə cərimələrini silib. Hökumətin qərarı ilə 2012-2017-ci ilə qədər sürücülərə yazılan 29 milyon dollarlıq cərimələri ləğv edib. İpoteka şərtləri asanlaşdırılıb, məbləğ artırılıb.

Hökumət tərəfindən vətəndaşların mənzil problemlərinin həll edilməsi istiqamətində ipoteka krediti faiz dərəcəsi İrəvanda 9,5 faizdən 7,5 fəizə, bölgələrdə isə 7,5 faizdən 5,5 faizə  endirilsə də, vətəndaşların aylıq maaşları ilə müqayisə edildiyində bu rəqəm hələ də yüksəkdir. İpotekada gənc ailələr üçün ilkin ödəniş 30 faizdən 20 faizə endirilib, hərbiçilər üçün isə 20 faizini Müdafiə nazirliyi 10 faizini hərbiçinin ödəməsiylə 30 faiz müəyyən edilib. Əgər əvvəlki illərdə ər-arvadın yaşının 65 olduğu zaman gənc ailə sayılırdısa, bu yaş 70 yaşa qaldırılıb. 2019-cu ilin fevral ayında ipotekanın ümumi həcmi 130 faiz artaraq 30 milyard dramdan 70 milyard drama yüksəlib. 2019-cu ildə 85 min vətəndaşın pensiyası 10 min dram artırılıb. Minimal pensiya 25.500 dram məbləğində müəyyən edilib. 2018-ci ildə az təminatlı ailələr üçün təbii qazın qiyməti 20 dram, elektrik enerjisi isə 10 dram ucuzlaşdırılıb. 2018-ci il ilə müqayisədə 2019-cu ildə Ermənistanın Rusiyadan aldığı hər min kub metr təbii qazın qiyməti 150 dollardan 165 dollara yüksəlsə də, pərakəndə satışında bahalaşma qeydə alınmayıb. 2019-cu ildə dövlət büdcəsi gəlirləri hissəsinin 90 milyon dollar artacağı təxmin edilir. Bununla da hərbiçilərin, müəllimlərin və polislərin aylıq maaşı orta hesabla 20 faiz artacaq.[16]

2019-cu ilin birinci yarısının statistik göstəricilərinə görə emal sənayesi 8,7 faiz artıb. Həmin hesabat dövründə hava nəqliyyatı ilə sərnişin daşıma 28,2 faiz, yük daşıma 8,9 faiz mehmanxana biznezi ve ictimai iaşə xidməti 33,8 faiz böyüyüb.

2019-cu ilin birinci kvartalında Ümumi Daxili Məhsul (ÜDM) 7,2 faiz artaraq 1.242 trilyon dram (2.61 milyard dollar), ikinci kvartalda isə 6,5 faiz artaraq 1.428 trilyon dram (3.11 milyard dollar) olub.[17]

Əmək və əhalinin sosial müdafiə nazirliyi 2019-cu ilin birinci yarısında 3.8 milyard dram qənaət edib.[18]

2018-ci ildə infilyasiya gözlənilənin altında 1,8 faiz olub ancaq 2019-cu ildə 2,8 faiz, 2012-ci ildə isə 4 faiz olması gözlənilir.[19]

Ölkənin mikro iqtisadiyyatında statistik göstəricilər üzrə müəyyən irəliləyişlər olsa da, Ermənistan sosial-iqtisadi problemlərin həll edilməsində ciddi nəticə əldə etməyib və bu, ölkənin demoqrafiq vəziyyətinə birbaşa təsir edir. Ölkənin demoqrafiq göstəricilərinə mənfi təsir edən amillər miqrasiya və əhalinin təbii artımı problemidir.

1 yanvar 2019-cu il tarixində ölkə əhalisinin 2 milyon 965.1 nəfər olub. 2018-ci ilin eyni tarixi ilə müqayisədə əhalinin sayı 7.6 min nəfər azalıb. Əhalinin təbii artımında da ciddi problemlər yaşanır. 2018-ci ildə 36 min 502, 2017-ci ildə 37 min 7, 2016-cı ildə 40 min 592, 2015-ci ildə isə 41 min 763 uşaq doğulub.

2017-ci ildə 35-40 min nəfər ölkəni bir dəfəlik tərk edərək geri dönməyib.[20]

2019-cu ilin birinci ayından etibarən ölkədə miqrasiya artıb. 2018-ci ilin yanvar-aprel aylarında 57,1 min nəfər ölkəni tərk edib, bu rəqəm 2019-cu ilin eyni dövründə 98 min nəfər olub. Müstəqil demoqraflar 2019-cu ildə ölkədə daha anormal bir miqrasiya prosesinin yaşanacağını iddia edirlər.[21]

Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı yuxarıda qeyd edilənlər mikro iqtisadiyyatda ötən illərə görə yüksəliş olduğunu göstərsə də, ölkənin əsas aparıcı sənaye müəssisələrində hələ də ciddi inkişaf qeydə alınmayıb. Bu göstəricilərin yüksək olması əhalinin sosial-iqtiadi inkişafını tam olaraq təmin etmir. Miqrasiyanın artması və doğum səviyyəsinin hər ötən il aşağı düşməsi səbəbi ilə ölkə əhalisinin azalması müşahidə edilir.

 

Rusiya ilə münasibətlər

 

Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın son 30 ildə formalaşan Rusiya siyasətində müəyyən dəyişikliklər yaşansa da, hələlik ciddi qırılma nöqtələri müşahidə edilməyib. Paşinyan müxalifət cəbhəsindəykən və parlamentdə təmsil olduğu zaman Rusiya qarşı radikal fikirləri və bəyanatları ilə seçilirdi. Paşinyan əsasən ölkəsinin MDB-yə üzv olması, Kollektiv Təhlükəsizlik Təşkilatında təmsil olunması və Avrasiya İqtisadi Birliyində Ermənistanın iqtisadi maraqlarının qorunmaması məsələlərini gündəmə gətirirdi. “Məxməri inqilab” zamanı ritorikasını yumşaltdı və əvvəlki kimi radikal fikirlər səsləndirmədi.

Paşinyanın baş nazir seçilməsindən sonra Rusiyaya yönəlik ritorikasında ən gözə çarpan məqamın tərəflər arasındakı münasibətlərin bərəbər hüquq çərçivəsində əməkdaşlıq etmək olduğu müşahidə edilir. Ermənistan-Rusiya arasındakı son 100 illik münasibətlərə diqqət yetirdikdə Paşinyanın bu arzusunun həyata keçməsinin mümkün olmadığı görünür. Hələ Sovet dövründə Moskvanın tabeçiliyində olan Ermənistanın 1991-ci ildə müstəqillik əldə etməsindən sonra da Rusiyadan sosial-iqtisadi və təhlükəsizlik asılılığından azad olmadığını görmək mümkündür. Paşinyan 2018-ci ilin sentyabr ayında Rusiyaya rəsmi səfərdə olarkən Prezident Vladimir Putin ilə görüşdə hər iki dövlətin bir-birilərinin daxili işlərinə qarışmamağa dəvət etdi. Ermənistan hökuməti bir az daha irəli gedərək daha sonra faşizm üzərindəki qələbə gününü (9 may) Avropada qeyd edildiyi kimi 8 may olaraq dəyişdirdi və bu günün əvvəllər Sovet İttifaqının faşizm üzərində qələbəsi kimi deyil, Avropada olduğu kimi “kədər və barışıq günü” kimi qəbul etdi.[22]

“Məxməri inqilab” eyforiyasından hələ də ayılmayan Paşinyan hökumətinin beynəlxalq aləmdə Rusiyaya ilk dəfə açıq şəkildə qarşı çıxması Rusiya Hərbi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Serqey Skripalın zəhərlənməsi hadisəsinə görə Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdikləri siyasi və iqtisadi sanksiyaları dəstəklədiyini bildirməsi ilə yaşandı. Paşinyan Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı həyata keçirilən sanksiyaları dəstəklədiyini bildirdirdi və Putinin onun bu bəyanatını anlayışla qarşılayacağına inandığını ifadə etdi.[23]

Paşinyan hökumətinin Rusiya ilə ilk problemi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində yaşandı. Belə ki, Paşinyan hökuməti 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərə qarşı hərbi gücdən istifadə edilməsi zamanı öldürülən 15 nəfərin məsuliyyətini sabiq prezident Robert Köçəryana və o zaman Müdafiə nazirliyinin qərərgah rəisi vəzifəsində olan Yuri Xaçaturova yüklədi. Xaçaturovu KTMT Baş Katibi vəzifəsindən geri çağıraraq məsuliyyətə cəlb etdi. Bu hadisə iki ölkə arasındakı münasibətləri gərginləşdirdi.

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs edilməsindən sonra Rusiya ilə münasibətlərdə yeni gərginlik yaşandı. Rusiya hökumətinin Köçəryanı dəstəkləyən mahiyyətdə bəyanatlar verməsi, Putinin həbsdə olan Köçəryanı doğum günü münasibətilə iki dəfə  təbrik etməsi,[24] Rusiyanın Ermənistandakı səfirinin ölkənin daxili ictimai-siyasi həyatına müdaxilə edəcək şəkildə fikirlər bildirməsi Paşinyan hökumətini narahat etdi.

Amma bütün bunlara baxmayaraq Paşinyan hökumətinin Rusiyaya yönəlik siyasəti dəyərləndirildiyi zaman əvvəlki hökumətlərin həyata keçirdiyi siyasətdən çox da fərqlənmədiyini müşahidə etmək mümkündür. Çünki, hökumət Rusiyanın Ermənistana yönəlik müdaxilə imkanlarını yaxşı bilir. Bu səbəbdən də Paşinyan hökuməti ABŞ, NATO və Avropa dövlətləri ilə münasibətlərini daha da inkişaf etdirmək imkanına sahib deyil.

İki ölkə arasında gərginliyin yaşanmasında bir amil də hər ilin sonunda müzakirə olunan Rusiyanın təbii qazını hansı qiymətlə Ermənistana satması məsələsidir. Rusiya adətən Ermənistanın siyasi mövqeyinə görə təbii qazın qiymətini müəyyən edir. Hər nə qədər Rusiya təbii qazını Ermənistana dünya bazarından daha aşağı qiymətə satsa da, hər il qiymətlərin cüzi şəkildə artması belə Ermənistan iqtisadiyyatı üçün ağır yükdür.

Qeyd edək ki, 2019-cu ildə Rusiya Ermənistana satacağı təbii qazın qiymətini hər min kub metr üçün 15 ABŞ dolları artıraraq 165 ABŞ dollarına yüksəltdiyi zaman Ermənistan hökuməti bundan ciddi narahat olmuş və qazın 2018-ci il qiyməti ilə satılması üçün müzakirələrə davam etmişdir.[25] Təbii qazın hər min kub metrinin 15 dollar bahalaşması sənaye müəssisələrinə satılan qazın qiymətlərinə təsir edir və bu daxili ictimai-siyasi vəziyyətin gərginləşməsinə səbəb olan bir amildir.[26] 2020-ci ildə Rusiyanın Ermənistana satacağı hər min kvadrat metr təbii qazın qiymətinin 20 faizdən çox artacağı təxmin edilir.[27]

Yuxarıda qeyd edilən iki ölkə arasındakı siyasi və iqtisadi məsələlər Ermənistanın Rusiyaya yönəlik manevra sahəsinin nə qədər məhdud olduğunu bariz bir şəkildə ortaya qoyur. Eyni zamanda beynəlxalq təşkilatlarda da Ermənistanın Rusiyaya qarşı siyasəti məhduddur.

Ukrayna tərəfindən 2018-ci ilin sentyabr ayında BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinə salınmış nəzərət edilməyən ərazilərlə bağlı məsələdə Ermənistanın Ukraynanın əleyhinə səs verməsi Ermənistan üzərində Rusiyanın təsiri olduğunu göstərir.[28]

Ermənistan ordusunun sülhməramlı qüvvələrinin Birləşmiş Millətlər Təşkilatı missiyası çərçivəsində deyil, Rusiya sülhməramlıları ilə birlikdə Bəşər Əsəd rejimini dəstəkləyən cəbhədə yer alması, təhlükəsizlik məsələləri ilə bağlı da Ermənistanın müstəqil xarici siyasət həyata keçirməsinin mümkün olmadığını göstərir.

2019-cu ili sentyabr ayının ikinci yarısında Rusiyanın Regional məsələlər və Avrasiya inteqrasiya məsələləri üzrə Daimi Komissiyanın sədri Mikael Melkumyanın rəhbərliyi altında Ermənistan parlamentinin nümayəndə heyəti Moskvada səfərdə oldu. Görüş zamanı Rusiya Federasiyasının Dövlət Duması sədrinin müavini Pyotr Tolstoy Rusiyanın strateji partnyorları ilə ikitərəfli görüşü vacibdir, amma aktual problemlərin həllinin daha vacib olduğunu qeyd edib. Onun sözlərinə əsasən, ikitərəfli münasibətlərdə, beynəlxalq arenada müştərək həll tələb edən çoxsaylı aktual suallar qalıb. Pyotr Tolstoy xatırladıb ki, Rusiyanın ABŞ kimi Ermənistanda çoxsaylı qeyri-kommersiya təşkilatı yoxdur.[29]

İki ölkə arasında son il yarımda münasibətləri təhlil edən Aleksandr Duqin, tərəflər arasında cavablanması gərəkən kifayət qədər sualların olduğunu bildirib. Nikol Paşinyan hakimiyyətə gəlməsindən sonra son 28 ildə qurulan Rusiya-Ermənistan münasibətləri modelinin Paşinyan hökuməti tərəfindən şübhə altına alındığını qeyd edən Duqin, Paşinyanın bu münasibətlərin əsas təməllərini yenidən nəzərdən keçirmə prosesinə start verdiyini və təbii ki, bunun Moskvanın xoşuna gəlmədiyini vurğulayıb.

İki ölkə arasındakı müqavilələrin şəxslər arasında deyil, dövlətlər və hökumətlər arasında imzalandığını, müqavilələrin Ermənistana rəhbərlik edən hansısa şəxsi ehtiva etmədiyini bildirən şərhçi, Rusiyanın bu məsələlər çərçivəsində məntiqə uyğun olaraq, siyasi, diplomatik, iqtisadi və hərbi sahədə əməkdaşlıq etdiyini qeyd edib.

Duqin Ermənistanın hazırkı hökumətinin Rusiyaya yönəlik ənənəvi siyasətindən müəyyən məsələlərdə xeyli uzaqlaşsa da, hələlik “qırmızı xətti” keçmədiyini deyib.

Duqin Avrasiya İqtisati Birliyi, KTMT, Gömrük Birliyi çərçivəsində üzv dövlətlərin inteqrasiya təşəbbüslərinin Rusiya tərəfindən dəstəkləndiyini və bu təşəbbüslərin bütün ölkələrin iqtisadi inkişafına xidmət etdiyini bildirib.

Paşinyanın tərəflər arasında illərdir qurulan bütün sistem və razılaşmaları şübhə altına almasının xoş qarşılanmadığını ifadə edən Duqin, Ermənistanın yeni rəhbərliyinin Rusiyanı müttəfiq olaraq görməsinə baxmayaraq, Ermənistanın tərəflər arasındakı münasibətlərin yenidən ələ alınmasını istdəyini və Moskvanın bu istəkdən narazı olduğunu, İrəvanın  hələlik düşmənçilik mövqeyi açıq-aşkar ifadə etmədiyini amma bu vəziyyətin Rusiyanı şübhələndirdiyini vurğulayıb.

 

Ermənistan-Azərbaycan münasibətləri

 

1988-ci ildən etibarən Ermənistanın SSRİ-nin ictimai-siyasi həyatında iki əsas məsələ ön plana çıxdı. Birincisi, Sovet İttifaqın süqut etməsi ərəfəsində müstəqilliyini əldə etmək, ikincisi, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin separatçı tələblərini dəstəkləyərək, bölgəni Ermənistana birləşdirmək yaxud müstəqilliyinin elan etmək. Bu istiqamətdə cərəyan edən hadisələr nəticəsində Qarabağ ermənilərinin siyasi tələbləri 1991-ci ilin sonlarından etibarən hərbi müstəviyə keçdi və 1994-cü ilin may ayında atəşkəs müqaviləsi imzalanana qədər Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi.[30]

Ermənistanda 2018-ci ilə qədər hakimiyyətdə olan siyasi qüvvələr Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində Azərbaycan ilə 27 il müzakirə apardılar.[31] Amma müzakirələrdə Ermənistan konstruktiv mövqe nümayiş etmədiyinə görə 27 illik müzakirələr nəticəsiz qaldı. Bununla belə tərəflərin masa üzərində müzakirə etdikləri bəzi prinsiplər vardı. Hətta bəzi zamanlarda bu prinsiplər ətrafında razılaşmanın olduqca yaxın olduğunu iddia edənlər də oldu.

Paşinyan hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ müzakirələrinin mahiyyətini anlamaq üçün “taym aut” götürdü. Paşinyan 2018-ci ilin may ayında baş nazir seçildikdən sonra sələflərinin Dağlıq Qarabağ probleminin həll edilməsi üçün apardıqları müzakirələri nəinki davam etdirdi, hətta verdiyi bəyanatlarala müzakirələrin dayanmasına səbəb oldu.

Paşinyanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində məsuliyyətsiz davranması, onun müzakirələrin mahiyyətindən xəbərsiz olması, “məxməri inqilab” eyforiyasının hələ davam etməsi və ümumiyyətlə bir siyasətçi, dövlət adamı kimi siyasi vizyonunun məhdudluğu ilə izah edilə bilər.

Paşinyan əvvəlcə onun Qarabağ erməniləri tərəfindən baş nazir seçilmədiyini bildirərək müzakirələrdə Qarabağ ermənilərini təmsil etmədiyini, buna görə də qondarma rejim nümayəndələrinin də müzakirələrdə tərəf kimi iştirak etməsi şərtini irəli sürdü. Əlbəttə bunun mümkün olmayacağını Paşinyan özü də bilirdi.

Paşinyanın bu tələbi Azərbaycan tərəfindən qəbul edilmədiyi kimi[32] ATƏT Minsk qrupu həmsədr dövlətləri tərəfindən də qəbul edilmədi. ATƏT-in Minsk Qrupunun son bəyanatında  həmsədrlər bildirdilər ki, iki ölkə liderinin birbaşa dialoqunu dəstəkləyirlər və yeni görüş hazırlayırlar. Həmsədr dövlətlər də uzun illərdir müzakirələr aparılan formatın dəyişdirilməsinə qarşıdır.

Paşinyan hökuməti bu tələbinin qəbul edilməməsindən sonra qondarma rejimlə birlikdə işğal altında olan Azərbaycan torpaqlarında Təhlükəsizlik Şuralarının ortaq iclasını keçirdi.[33] Bu bir baxıma Paşinyanın bir neçə gün əvvəl Minsk qrupu həmsədrlərinin bəyanatına verilən qarşılıq kimi dəyərləndirilə bilər.

Paşinyan daha sonra qondarma rejimin müstəqilliyinin tanınması şərtilə müzakirələrə davam edəcəyini bildirdi. Bu tələbinin də qəbul edilmədiyini gördükdən sonra qondarma rejimin Ermənistana birləşdirilməsi yönündə müxtəlif fikirlər səsləndirdi. Xüsusilə 2019-cu ilin 5 avqust tarixində “Pan-Erməni oyunları”nın açılış mərasimində çıxış edən Paşinyan Ermənistanın 2050-ci ilə qədər olan perspektivləri və bölgənin təhlükəsizlik mühiti ilə bir başa bağlı olan fikirlər səsləndirdi. Azərbaycan və Ermənistan mətbuatında bu fikirlər müxtəlif paradiqmadan təhlil edilib. Ən çox müzakirə edilən məsələ isə Paşinyanın “Dağlıq Qarabağın Ermənistanın bir parçası olduğunu” ifadə etməsi olub. Paşinyanın bu bəyanatından sonra Rusiya KİV-də hər zaman Ermənistaanı dəstəkləyən yazıları ilə bilinən Modest Kolerov belə Paşinyanın bu ifadəsinin müzakirələrin sonu və 20 illik müzakirələrin yalnış olduğu kimi dəyərləndirib və Paşinyanı tənqid edib.[34]

Paşinyanın Dağlıq Qarabağ probleminin həll edilməsi istiqamətində səsləndirdiyi fikirlərin heç birinin həyata keçmə imkanı yoxdur. Bu fikirlər 28 ildir müzakirə edilən prinsiplərdən olduqca uzaqdır.

Paşinyanın Dağlıq Qarabağ problemi ilə bağlı səsləndirdiyi fikirlərin hamısı birbaşa ölkə daxilində hələ də güclü olan siyasi müxalifətin və Qarabağ klanının güclərini birləşdirmə ehtimalı diqqətə alınaraq dilə gətirilir. Paşinyan il yarımdır hakimiyyətdə olsa da, müxtəlif səbəblərə görə mövqelərini hələ də tam olaraq gücləndirə bilməyib.

Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Manatsakanyan uzun bir aradan sonra 23 sentyabr 2019-cu ildə ABŞ-da görüşdülər. Minsk qrupu həmsdərlərinin də iştirak etdiyi bu görüşdə mövcud vəziyyət müzakirə edilib. Manatsakanyan həmsədr dövlətlərin və ATƏT sədrinin fəaliyyətini yüksək dəyərləndirdiyini qeyd edib. Müzakirələr zamanı qarşılıqlı etibarın yaranmasının, daha əvvəl əldə edilən razılaşmaların həyata keçirilməsinin, əsirlərin geri qaytarılmasının, atəşkəs rejiminin qorunmasının, gərginliyin azaldılmasının və uyğun mexanizmlərin tətbiq edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdən sonra tərəflər ənənəvi açıqlamalar verib və heç bir razılaşma əldə edilməyib.[35] Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından çıxış edərkən Ermənistanın problemin sülh yolu ilə həll edilməsində marağı olmadığından ötən 12 ayda problemin həll edilməsi istiqamətində irəliləyiş əldə edilmədiyini dilə gətirdi.[36]

Erməni təhlilçilər də hər iki dövlətin XİN rəhbərlərinin  ABŞ görüşündə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün müzakirə edilməməsi məsələsini önə çıxararaq bu görüşün də nəticəsiz olduğunu qeyd edirlər.[37]

Nikol Paşinyan BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin bölgənin sabitliyi və təhlükəsizliyi üçün əsas əhəmiyyət kəsb etdiyini qeyd edib. Paşinyan çıxışında Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı istənilən qərarın Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün qəbul ediləcək olması barədə bəyanat verdiyini, bəyanatın  özündə qarşılıqlı güzəşt, qarşılıqlı ehtiram və tarazlı olmaq imkanını əks etdirdiyini bildirərək, bu bəyanatı təkcə azərbaycan və erməni xalqına ünvanlamadığını, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərə danışıqlar çərçivəsində təqdim etdiyini xatırladıb.[38]

Əlbəttə, Paşinyan Minsk qrupu həmsədr dövlətlərin heç bir təzyiqini üzərində hiss etmədiyindən, BMT tribunasından münaqişənin mahiyyəti ilə bağlı olmayan “sülhsevər” bəyanat verərək ictimai rəyi çaşdırır. Minsk qrupu həmsədr ölkələrin heç biri Dağlıq Qarabağ probleminin həll edilməsi üçün Paşinyanın müxtəlif bəhanələrlə yeni məsələlərin müzakirəyə çıxarmasını tənqid etməməsi, Ermənistanın işğalçılıq siyasətinin davam etməsinə səbəb olur.

Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ probleminin müzakirəsi üçün üç dəfə qeyri-rəsmi, bir dəfə rəsmi olaraq cəmi dörd dəfə görüşsələr də, hələlik ciddi bir irəliləyiş əldə edilməyib.[39]

Paşinyanın sadəcə Azərbaycana yönəlik xarici siyasətində deyil, digər dövlətlərə yönəlik siyasətində də bənzər problemlərin yaşandığını müşahidə edə bilərik. Paşinyanın bu gün tək məqsədi hakimiyyətdə qala bilməkdir. Amma bunun üçün ölkənin iqtisadi, ictimai-siyasi həyatını birləşdirəcək dəyərlərə sahib görüşü olmadığından təsadüfi yaşanan hadisələrə münasibət bildirərək mövqeyini qorumağa çalışır.

Paşinyan Qarabağ klanına öldürücü zərbə vurmadığı təqdirdə daxili və xarici siyasətdə, eyni zamanda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi istiqamətində heç bir siyasi iradə nümayiş etdirmək imkanına sahib deyil. Buna görə də Ermənistanın Azərbaycan və Dağlıq Qarabağ siyasəti bu paradiqmadan ələ alınmalıdır. Bunun gerçəkləşmədiyi təqdirdə Paşinyan hökuməti iqtidarını saxlamaq üçün məsələyə münasibətdə militarist bəyanatlar verməyə davam edəcəkdir.

 

Paşinyan hökumətindən istefalar

 

Nikol Paşinyan 12 may 2018-ci ildə hökuməti qurduqdan sonra ölkənin qarşılaşdığı sosial-iqtisadi problemləri həll etməkdə ciddi problemlər yaşadı, daxili siyasətdə “daşları yerinə qoya” və hökumət daxilində monolitliyi təmin edə bilmədi.[40] Paşinyan hökumətində yer alan nazirləri şərti olaraq iki yerə ayırmaq mümkündür. Birincisi, dövlət idarəsində xeyli təcrübəsi olan Ermənistanın Polis rəisi Valeri Osipyan (18 sentyabrda istefaya göndərildi, daha sonra baş nazir in baş müşaviri təyin edildi), Müdafiə naziri David Tonoyan, XİN rəhbəri Zöhrab Manatsakanyan, Maliyyə naziri Atom Cancuqazyan, Ekologiya naziri Erik Qriqoryan. İkincisi, dövlət idarəçiyində heç bir təcrübəsi olmayan, sadəcə “məxməri inqilab” zamanı Paşinyanın tərəfdaşları olan Əmək və sosial məsələlər naziri Mane Tandilyan (18 yanvar 2019-cu ildən Zauri Batoyan), Səhiyyə naziri Arsen Torosyan, Mədəniyyət naziri Lilit Makunç (1 iyun 2019-cu ildən Araik Arutyunyan) və digərləri.[41] Baş nazirin birinci müavini Ararat Mirzoyan, müavinləri Tiqran Avinyan, Mqer Qriqoryan dövlət idarəçilik sistemində təcrübələri olmayan insanlardır.

Qeyd edək ki, birinci Paşinyan hökumətində Çarukyan Bloku və Daşnaqsutyun Partiyasına üzv olan nazirlər də vardı. Qısa bir müddət hökumətdə təmsil olunsalar da, daha sonra Paşinyan onları istefaya göndərdi və yeni nazirlər təyin etdi.

Son zamanlarda Ermənistan mətbuatında ciddi müzakirə olunan Milli Təhlükəsizlik Xidməti (MTX) və Ermənistan Polisi isə nazirlik olaraq deyil, baş nazirə tabe olan xidmət orqanı statusunda fəaliyyət göstərir.

Paşinyan 18 sentyabr 2019-cu ildə keçirdiyi mətbuat konfransında 10 may 2018-ci ildə Milli Təhlükəsizlik Xidmətinin Direktoru təyin etdiyi Artur Vaneçyanı istefaya göndərəcəyini dedikdən bir neçə dəqiqə sonra feysbuk sosial şəbəkəsində Vaneçyanın Paşinyana yönəlik siyasi məzmunda olan istefa səbəbləri yayılmağa başladı. Paşinyanın Vaneçyanla bağlı qərarından dərhal sonra onun istefa məktubunun sosial şəbəkələrdə yayılması Paşinyan və Vaneçyan arasında qarşıdurmanın köklərinin dərinə getdiyini göstərir.[42]

Vaneçyanın “peşəkarlığına” zərbə vuran ilk hadisə Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın həbs edildiyi ərəfədə Ermənistan Xüsusi Təhqiqat Xidmətinin rəisi Sasun Xaçatryan ilə telefon danışıqlarının qeyri-qanuni dinlənilməsi və internetə yüklənməsi oldu.[43] MTX bu dinləmənin kimlər tərəfindən edildiyini aydınlaşdıra bilmədiyini bəyan etdi. Daha sonra mövzu üzərində araşdırma aparan müstəqil jurnalistlər belə bir texnologiyanın sadəcə Rusiyada olduğunu bildirdilər.

Paşinyan mətbuat konfransında Ermənistan Futbol Federasiyasının Prezidenti olan Vaneçyanı təhqir edirmişcəsinə onun erməni futbolçuların Avropa çempionu olması üçün daha çox çalışması gərəkdiyini qeyd etdi.[44]

Vaneçyan da istefa səbəbi ilə bağlı açıqlamasını “Dayan! Digər bütün hallarda vətən qarşısında borc qalib gələcəkdir.” deyə bitirib.[45]

Paşinyanın mətbuat konfransında Vaneçyanı istefaya göndərməsi və onun dərhal cavab verərək fikirlərini bildirməsi erməni ictimai rəyində bir mənalı qarşılanmadı. Bəzi mənbələr Paşinyan və Vaneçyan arasındakı siyasi anlaımazılığı mülki həyatdan hakimiyyətin zirvəsinə qalxanlarla MTX arasında, bəzi mənbələr də “Sorosçular” və MTX arasında gedən mübarizə kimi xarakterizə edirlər. Paşinyanın MTX-nin Direktoru Vaneçyan və Ermənistanın Polis rəisi vəzifəsinə təyin etdiyi Valeri Osipyanın ABŞ səfərindən və Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 1-də Avrasiya İqtisadi Şurasın iclasında iştirak etmək üçün Ermənistana rəsmi səfərindən əvvəl istefaya göndərməsi barədə müxtəlif fikirlər səslənir. Əgər yuxarıda qeyd edildiyi kimi tərəflər arasındakı siyasi mübarizə “Sorosçular” və MTX arasında gedirsə, bu, qərb dünyası ilə münasibətlərin inkişafında maraqlı olan hökumət və ənənəvi Rusiya mərkəzli siyasi qüvvələr arasında mübarizə gedir deməkdir.  

Vaneçyanın istefaya göndərilməsindən sonra Paşinyanın Ermənistanın Polis rəisi Valeri Osipyanı da istefaya göndərməsi ilə hökumət daxilində ciddi problemlərin yaşandığını iddia etmək mümkündür.[46] Hökumətin ən ciddi strukturların rəhbərlərini istefaya göndərməsi baş nazir Paşinyanın daxili siyasətdə açıq bir şəkildə mübarizəyə başladığını göstərir. Qeyd edək ki, Valeri Osipyan 4 il Ermənistanın Polis rəisinin  müavini vəzifəsində işləyib və “məxməri inqilab” zamanı etirazların qarşısının alınmasında iştirak edib.

Osipyan da istefaya göndərildikdən sonra eynilə Vaneçyan kimi qısa bir bəyanat verdi və istefa səbəblərini daha sonra elan edəcəyini bildirdi.[47] Osipyanın bəyanatında açıq bir şəkildə olmasa da, sətir altı ifadələrlə Paşinyandan narazılıq hiss olunurdu.

Amma Osipyanın istefa səbəblərini açıqlamasına vaxt qalmadan elə həmin gün Paşinyanın baş müşaviri təyin edilməsi, ictimai rəydə bir mənalı qarşılanmadı.

Paşinyan cari ilin sentyabr ayının 24-də ABŞ səfərində erməni diaspor nümayəndələrinin qarşısında çıxış edərkən son günlərdə baş verən istefaların bir səbəbinin də hüquq-mühafizə orqanlarının korrupsiya və rüşvətə qarşı mübarizədə qətiyyət göstərməmələrinin olduğunu qeyd edib. Bəzi mənbələr Vaneçyan və Osipyanın istefaya göndərilmələri ilə çevriliş cəhdinin qarşısının alındığını iddia etsələr də, bu iddia o qədər də inandırıcı deyil.

Paşinyanın kilid nöqtələrdəki siyasi rəhbərliyi istefaya göndərməsinin bir digər səbəbinin də Qarabağ klanı ilə mübarizədə mövqeyini gücləndirməsi kimi də dəyərləndirilə bilər.

Ermənistan KİV-ləri Müdafiə naziri David Tonoyanın da istefaya edəcəyi iddia edilsə də, Tonoyan belə bir fikrinin olmadığını bildirdi.[48]

 

Nəticə

 

Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın son 28 ildə formalaşan daxili, xarici və təhlükəsizlik siyasətində xeyli dəyişikliklər yaşandı. Amma bu dəyişiklikləri Paşinyan hökumətinin strateji fəaliyyət planının tərkib hissəsi kimi və müsbət nəticələr əldə edilən islahatlar kimi dəyərləndirdikmək mümkün deyil. Paşinyan hakimiyyətə gəldiyi gündən ölkədə mövqelərini göcləndirə bilməyib və bir çox hadisələr hökumətin iradəsindən kənarda cərəyan edir və hökumət bu cür hadisələrə refleksiv münasibət göstərir. Bu nüans xüsusilə Qarabağ klanı ilə mübarizədə və Amulsar mədən yatağının ABŞ şirkətləri tərəfindən işlədilməsi məsələsində ekoloji problemlərin müzakirəsi zamanı özünü daha çox büruzə verir. Qarabağ klanı ilə mübarizə Paşinyan hökumətinin künc daşıdır və onun laxlaması hakimiyyəti itirməsi ilə nəticələnə bilər. Buna görə də Paşinyan mümkün olan bütün vasitələrlə Qarabağ klanına qarşı mübarizə aparır. Bu mübarizənin mahiyyətini Paşinyanın bəzi hallarda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün keçirilən müzakirələrdə müşahidə etmək mümkündür. Paşinyan qondarma rejimdə və Ermənistanda yaşayan ermənilərin sərt reaksiya vermə ehtimalını diqqətə alaraq son 28 ildə tərəflər arasında müzakirə edilən prinsiplərdən uzaqlaşmağı belə gözə almağa məcbur olub. Buna qarşılıq isə irəli sürdüyü yeni müzakirə prinsipləri nəinki Azərbaycan tərəfindən, heç Minsk qrupu həmsədr dövlətləri tərəfindən də qəbul edilməyib.

Paşinyan hökumətinin il yarımlıq fəaliyyəti sosial-iqtisadi problemlərin həll edilməsi istiqamətində hər hansı bir uğurla nəticələnməyib. Sosial sahədə həyata keçirdiyi siyasət daha çox ictimai rəyin siyasi dəstəyini qazanmağa yönəlikdir. Mikro iqtisadiyyatda müəyyən nəticələr əldə edilsə də, makro iqtisadiyyat və ölkə sənayesinin onurğa sütununu təşkil edən istehsal sahələrində tənəzzül davam edir.  

Hökumətin Rusiya ilə münasibətlərində də bəzi məsələlərdə ənənəvi siyasətdən uzaqlaşdığı müşahidə edilir. Paşinyana qədər tərəflər arasında müzakirə edilməyən məsələlər gündəmə gətirilir, Ermənistanın son 28 ildə Rusiya ilə qurulan asılılıq münasibətləri buna imkan verməsə də, Paşinyan münasibətlərin bərabər hüquqa sahib tərəflər kimi qurulması tələbi nəticə vermir. Paşinyan tərəflər arasındakı münasibətlərdə ölkənin Rusiyadan asılılığını zəiflətmək üçün təşəbbüs göstərsə də, reaalığı gördüyündə və təzyiq hiss etdiyində bunun nə qədər çətin məsələ olduğunu anlayır. Qısaca Paşinyan Rusiya ilə münasibətlərdə sələflərindən fərqli bir siyasət həyata keçirməyə cəhd etsə də, bu, nəinki Rusiyanın Ermənistandakı mövqeyini zəiflədir, eyni zamanda Paşinyan hökumətini də zəiflədir və problemlər yaradır.

Ermənistanın Azərbaycan siyasətində də müsbət dəyişikliklər qeydə alınmadığı kimi, Paşinyanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi istiqamətində dilə gətirdiyi fikirlər müzakirələri demək olar ki, dalana dirəyib. Paşinyan sələflərindən fərqli olaraq daha çox militarist bəyanatlar verir və bu müzakirələrin dayanmasına gətirib çıxara bilər.

Paşinyan hökumətindən son zamanlarda istefaların yaşanması, hökumət daxilində fikir ayrılıqlarının davam etdiyini, hətta yeni istefaların ola biləcəyini göstərir. Yeni siyasi təfəkkürün, yeni islahat paketlərinin gündəmə gəldiyi bir ərəfədə istefalar davam edərsə, Paşinyan çətin vəziyyətdə qala bilər. Paçinyan üçün hökumətin monolit görünüşü Qarabağ klanı ilə mübarizədə, islahatların həyata keçirilməsində, Rusiya və Azərbaycan ilə münasibətlərdə və ən əsası daxili ictimai-siyasi rəydə reytinqini qoruması üçün əsas faktordur.

 

 


[1]Саргсян избран премьер-министром Армении, https://tass.ru/mezhdunarodnaya-panorama/5134402, 17.04.2018.

[2]Премьер-министр Армении Серж Саргсян подал в отставку, https:/-/ru.armeniasputnik.am/politics/201­80423/11639625/premer-ministr-armenii-podal-v-otstavku.html, 23.04.2018.

[3]Константин Волков, Блок Пашиняна победил на выборах в Армении, https://rg.ru/2018/12/10/pashinian-pobedil-na-vyborah-v-armenii.html, 10.12.2018.

[4]Суд арестовал экс-президента Армении Роберта Кочаряна,  https://www.rbc.ru/politics/27/07/2018/5b­5b7e8b9a79472bc5c170f0, 27 июл 2018.

[5]Роберт Кочарян освобожден из-под стражи, https://www.kommersant.ru/doc/3713093, 13.08.2018.

[6]Глеб Иванов, Вендетта по-еревански. Арест экс-президента Армении — к ссоре с Москвой?, https://aif.ru/politics/world/vendetta_po-erevanski_arest_eks-prezidenta_armenii_k_ssore_s_moskvoy, 11.12.2018

[7]Суд в Ереване освободил из-под ареста бывшего президента Роберта Кочаряна, https://www.svoboda.org/a/29949616.html, 18 мая 2019.

[8]Экс-президент Армении Роберт Кочарян арестован. В третий раз, https://www.bbc.com/russian/news-48761120,  25 июня 2019.

[9]КС частично удовлетворил заявления Роберта Кочаряна, https://ru.1in.am/1267380.html, 2019-09-04.

[10]Вардгес Саргсян, Армения на грани бытия и небытия – опасность реальна, https://www.tert.am/ru/news­/2019/09/30/threat/3105860, 30.09.2019.

[11]Мариам Григорян, Поздравление Путина Кочаряну – трагикомедия: возможно он в Ереване попросит личное свидание у Пашиняна https://ru.1in.am/1267340.html, 2019-09-04.

[12]С большим сожалением говорю, что процесс против Кочаряна носит политический характер, но существует характеристика и похуже: он персонализирован – Лариса Алавердян https://www.tert.am/ru/news/2019/09/12/Larisa-Alaverdyan/3091195, 12.09.19.

[13]Дмитрий Астахов, Песков прокомментировал возможность встречи Путина с Кочаряном,  https://ru.armeniasputnik.am/politics/20190914/20391815/Peskov-prokommentiroval-vozmozhnost-vstrechi-Putina-s-Kocharyanom.html, 14.09.2019.

[14]Визит Путина в Ереван срывается, https://haqqin.az/news/157987, 11 сентября 2019.

[15]Армения – в тройке самых бедных стран СНГ, http://www.panarmenian.net/rus/news/252995/, 13 марта 2018.

[16]Нанэ Манасян, Армении за год после революции, http://www.panarmenian.net/rus/details/267733/, 23 апреля 2019.

[17]Внешний товарооборот Армении за полгода вырос на 8,9, % https://regnum.ru/news/2699802.html,

26 августа 2019.

[18]Пашинян: В первом полугодии Министерство труда и социальных вопросов сэкономило 3,8 млрд. Драмов https://ru.1in.am/1267783.html, 19-09-10.

[19]Апрель 2019. Республика Армения: состояние экономики и прогноз, https://eabr.org/analytics/ceg-quarterly-reviews/aprel-2019-armeniya-uskorenie-ekonomicheskogo-rosta-v-2019-godu-blagodarya-vosstanovleniyu-investits/, 23 Апреля 2019.

[20]Демограф: Уровень рождаемости в Армении сокращается и продолжит сокращаться, https://www.panorama.am/ru/news/2019/02/27/%D0%A0%D0%BE%D0%B6%D0%B4%D0%B0%D0%B5%D0%BC%D0%BE%D1%81%D1%82%D1%8C-%D0%B2-%D0%90%D1%80%D0%BC%D0%B5%D0%BD%­D0%B8%D0%B8-%D1%81%D0%BE%D0%BA%D1%80%D0%B0%D1%89%D0%B0%D0%B5%D1%­82%­D1%81%D1%8F/2078775 27/02/2019.

[21]Число мигрантов из Армении в Россию в 2019 году резко возросло, https://www.­panorama.am/ru/news/2019/07/23/%D0%BC%D0%B8%D0%B3%D1%80%D0%B0%D0%BD%D1%82%D1%8B-%D0%90%D1%80%D0%BC%D0%B5%D0%BD%D0%B8%D1%8F-%D0%A0%D0%BE%D1%81%D1­%81%D0%B8%D1%8F/2144478, 23/07/2019.

[22]Никол Пашинян: и санкции против России, и война с олигархатом, https://www.ukrinform.ru/rub­ric-world/2537276-nikol-pasinan-i-sankcii-protiv-rossii-i-vojna-s-oligarhatom.html, 13.09.2018.

[23]Армения присоединится к санкциям против России из-за отравления Скрипалей, https://panorama.­pub/7174-armeniya-prisoedinitsya.html, 08.09.2018.

[24]Поздравление Роберту Кочаряну с Днём рождения, http://kremlin.ru/events/president/news/58419, 31.08.2018.

[25]Армения потребовала от России снижения цены на газ, https://www.mk.ru/economics/2019/07­/02/armeniya-potrebovala-ot-rossii-snizheniya-ceny-na-gaz.html, 02.07.2019.

[26]Рустем Фаляхов, Газовая война: Армения атаковала «Газпром» Армения требует от России снижения стоимости газа, https://www.gazeta.ru/business/2019/06/28/12459469.shtml, 02.07.2019.

[27]С 1 января 2020 года тариф на газ повысится, но не на 30% – Сурен Парсян, https://www.tert.am/ru/new­s/2019/10/01/parsyan/3106321, 01.10.19.

[28]Ukrayna XİN: Ermənistanın ərazi bütövlüyümüzlə bağlı qərarından məyus olduq, https://1news.­az/az/­news/ukrayna-xin-ermenistanin-erazi-butovluyumuzle-bagli-qerarindan-meyus-olduq, 01.10.2018.

[29]Aleksandr Duqin: Rusiyanın Ermənistana bir çox sualı var, https://oxu.az/politics/332876,  19.09.2019.

[30]Araz Aslanlı, Karabağ sorunu ve Türkiye-Ermenistan ilişkileri, Berikan Yayınevi, 2015, s. 89.

[31]Bu barədə geniş məlumat üçün baxın: Araz Aslanlı, “Kafkasyada Güvenlik ve İstikrara En Büyük Tehdit”,  Der: Cavid VELIYEV, Araz ASLANLI, Güney Kafkasya: Toprak Bütünlüğü, Jeopolitik Mücadeleler ve Enerji, Ankara, Berikan Yayınevi, 2011

[32]Алиев заявил, что формат переговоров не может быть изменен, https://ru.1in.am/1253983.html,

2019-03-06

[33]Paşinyan təcili Qarabağa gəldi, Ermənistan tarixində bir ilk baş verəcək, https://sputnik.az/karabakh/201­90311/419733645/ermenistan-tarixinde-bir-ilk-bash-verecek.html, 11.03.2019.

[34]«168 жам»: Фраза Пашиняна «Арцах – это Армения» означает конец переговорного процесса, означает, что 20-летний переговорный процесс был ошибкой – М. Колеров https://www.tert.am/ru/news/2019/­09/26/168-zham/3102665, 26.09.19.

[35]Встреча Мнацаканян-Мамедъяров: РА подчеркнула необходимость возвращения арестованных в Азербайджане армян, http://www.panarmenian.net/rus/news/273243/, 24 сентября 2019.

[36]Глава МИД Азербайджана заявил, что за год в вопросе Карабаха не было прогресса, https://life.ru/t/­%D0%BD%D0%BE%D0%B2%D0%BE%D1%81%D1%82%D0%B8/1245078/ghlava_mid_azierbaidzhana_zaiavil_chto_za_ghod_v_voprosie_karabakha_nie_bylo_proghriessa, 2019-09-29.

[37]«Переговоры по Карабаху в очередной раз зашли в тупик» https://regnum.ru/news/polit/2728203.html, 24 сентября 2019.

[38]Никол Пашинян с трибуны ООН и в Колумбийском университете сделал важные заявления https://www.lragir.am/ru/2019/09/26/156874/, 26.09.2019.

[39]Встреча Пашинян – Алиев: чего ожидать?, https://ru.armeniasputnik.am/politics/20190329/17864541/vst­recha-pashinyan-aliev.html, 29.03.2019.

[40]Новое правительство Армении, http://www.lragir.am/index/rus/0/country/view/62928, 12 Мая 2018.

[41]Кабинет министров Никола Пашиняна. Кто они?, https://regnum.ru/news/polit/2414312.html, 13 мая 2018.

[42]Арам Аматуни, Первый серьезный раскол: что произошло между премьер-министром и начальником СНБ?, https://ru.1in.am/1268446.html, 2019-09-18.

[43]Глава СНБ подтвердил подлинность аудиозаписи телефонного разговора между ним и начальником ССС, https://rus.azatutyun.am/a/29483971.html,11.09.2018.

[44]«Коммерсант»: Это не имеет ничего общего с офицерским достоинством, https://ru.1in.am/1268354.html

2019-09-17.

[45]“Остановись!”: глава СНБ Армении объяснил причину своей отставки, https://ru.armeniasputnik.am/­politics/20190916/20411529/Glava-SNB-Armenii-prokommentiroval-svoyu-otstavku.html, 16.09.2019.

[46]Президент Армении подписал указ об увольнении начальника полиции, http://panarmenian.net/m/rus/­news/273097, 18 сентября 2019.

[47]«Честь имею!» – Валерий Осипян пообещал позже рассказать о причинах своей отставки https://www.tert.am/ru/news/2019/09/18/osipyan/3096625, 18.09.2019.

[48]Глава Минобороны Армении не планирует уходить в отставку, http://panarmenian.net/m/rus/­news/273078, 18 сентября 2019.

Dr.Hatəm Cabbarlı