Avropa

Nəyin bahasına olsa da sülh? Donbas münaqişəsi və sülh prosesi haqqında qısa qeydlər

Pinterest LinkedIn Tumblr

Dr. İbrahim Muradov

Giriş

Son altı ildə Donbasdakı münaqişə Ukrayna üçün ən əsas problemlərdən biri olaraq qalmaqdadır. Bununla belə, Kiyev qondarma “Donetsk Xalq Respublikası” (“DPR”) və “Luqansk Xalq Respublikası” (“LPR”) liderləri ilə birbaşa görüşməməyi rəsmi mövqe kimi davam etdirir. Onları sadəcə “Kremlin  oyuncaqları” kimi görən Ukrayna rəsmiləri separatçı liderləri tərəf müqabili kimi görməkdən qəti imtina edirlər. Ukrayna Rusiyanı Donbas bölgəsindəki qeyri-sabitlikdə günahlandırır və eyni zamanda bu ölkənin rəsmiləri ilə münaqişənin həllini müzakirə etməyə çalışır.

Bununla birlikdə Ukrayna prezidenti Vladimir Zelenski, ölkədə siyasi iğtişaşlara səbəb ola biləcək yeni bir mübahisəli sülh prosesinin önünü açdı. Martın 11-də Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak və Rusiya Federasiyası Prezident Aparatı rəhbərinin müavini Dmitri Kozak Minskdə Donbas münaqişəsinin sülh prosesini müzakirə etmək üçün Üçtərəfli Əlaqə Qrupu çərçivəsində görüş keçirdilər. Görüşün ən kritik qərarı tərəflərin Donbasdakı münaqişənin siyasi həllini sürətləndirmək üçün “Məşvərət Şurasının” yaradılmasının vacibliyi barədə razılaşması oldu. Məşvərət Şurası hələ yaradılmasa da, onun əhəmiyyəti, Ukrayna rəsmiləri ilə “DNR” və “LNR” separatçı liderləri arasında birbaşa əlaqə yaradılmasını nəzərdə tutmasından irəli gəlir.

Ukrayna və Rusiyanın tələbləri nədir və Minskdəki son görüş nə üçün vacibdir?

Məşvərət Şurasının əhəmiyyətini anlamaq üçün 2014-cü ilin sentyabrında Minskdə Üçtərəfli Əlaqə Qrupunun ilk iclasına qayıtmağa, tərəflərin tələblərini və məqsədlərini təkrar gözdən keçirməyə ehtiyac var. Bu mənada əvvəlcə, Kiyevin Minskdəki ilk görüşü niyə qəbul etdiyinə və bununla hansı nailiyyətləri əldə etdiyinə nəzər salmaq faydalı olar. Birinci olaraq qeyd etmək lazımdır ki, Ukrayna xüsusilə ağır hərbi itkilərdən sonra (əsas olaraq 2014-cü ilin avqustunda) danışıqlarda iştirak etmək məcburiyyətində qalmışdı. Bu təhlilin əsas məqsədi Ukrayna ordusunun separatçılarla münasibətdə nə üçün çətinlik çəkdiyini izah etmək deyil, ancaq onu qeyd etmək kifayətdir ki, o dövrdə Rusiyanın separatcı qruplara hərbi dəstəyi zirvə həddinə çatmışdı. Buna görə, Minskdə atəşkəs razılaşması Ukrayna ordusunun qısa müddətli “nəfəs alması” və hətta daha çox ərazi itkisinin qarşısını almaq üçün bir fürsət idi.

İkincisi, Ukrayna ölkənin şərqində baş verənlərin “vətəndaş müharibəsi” yox “xarici qüvvənin iştirakı ilə baş verən münaqişə” olduğunu vurğulamaq üçün separatçılar ilə deyil, birbaşa Rusiya Federasiyası ilə danışıqlar aparmağa nail olmuşdu. Başqa bir sözlə, Kiyev Ukraynanın şərqindəki müharibənin daxili münaqişə deyil, Rusiyanın Ukraynaya təcavüzünün nəticəsi olduğunu nümayiş etdirirdi. Üçüncüsü, ikincisi ilə də əlaqəli olaraq Qərbin ən azı Rusiyaya qarşı sanksiyalar həyata keçirməsini əldə etmək idi. Ukrayna bu mövqeyini son altı ildə uğurla qorudu.

Bunun əksinə olaraq Rusiya Ukraynadakı qeyri-sabitliyin ölkənin daxili amillərindən qaynaqlandığını göstərmək üçün münaqişənin əvvəlindən Donbasdakı rolunu ört-basdır etməyə çalışmaqdadır. Hələ Minskdəki ilk müzakirədə Rusiya separatçı liderlərin danışıqlarda tərəf olmaları barəsində israr etmiş və rəsmi olaraq üç aktyordan (Ukrayna, Rusiya və ATƏT) ibarət Üçtərəfli Əlaqə Qrupunun təmsilciləri ilə yanaşı separatçı liderlərin də imzalarını protokola daxil etməyi bacarmışdı. Aydındır ki, Rusiya Donbasdakı varlığını gizlətməyi, əvəzində isə separatçılar və Ukrayna arasında vasitəçi mövqeyinə keçməyi hədəfləyir. Bununla yanaşı, münaqişəni Ukraynanın daxili bir məsələsi kimi təqdim edərək, Moskva 2014-cü ildən bəri davam edən Qərb sanksiyalarını qaldırmağı da hədəfləyir.

Bu şərtlərdə, Kiyev rəsmiləri ilə “DPR” və “LPR” liderləri arasında birbaşa dialoqa yol açacaq Məşvərət Şurasının yaradılması böyük önəm kəsb edir. Əslində, Rusiyanın Ukraynadakı münaqişəylə bağlı strategiyasının üç mərhələsinin olduğunu iddia etmək mümkündür. Qısa müddət üçün nəzərdə tutulan ilk mərhələ, Ukraynanın Rusiyanın təsir dairəsindən uzaqlaşmasının dərhal qarşısını almaq idi. Bu müddət ərzində Rusiya Şərqi Ukraynadakı separatçılara nəinki dəstək verdi, həm də müəyyən dövrlərdə birbaşa müharibədə iştirak etdi və ilk qısamüddətli hədəfinə çatdıqdan sonra orta müddətli adlandıra biləcəyimiz ikinci mərhələ üzərində işə başladı. Bu mərhələdə, Rusiya Ukraynaya qarşı təcavüzünü pərdələmək və özünü münaqişədə vasitəçi kimi göstərmək üçün fürsət axtarmaq niyyətində idi. Bu hədəfə Moskva yalnız Donbasdakı münaqişə Kiyev rəsmiləri və Qərb tərəfindən Ukraynanın daxili məsələsi kimi qəbul edildiyi təqdirdə nail ola bilərdi. Rusiyanın uzunmüddətli hədəfi olan üçüncü mərhələdəki hədəf isə, Ukraynanın siyasi sisteminə ardıcıl təsir göstərə bilmək üçün Donbasa xüsusi bir status qazandırmaq və bölgəni bir “Troya atı” kimi Ukraynaya reinteqrasiya etməkdir. Göründüyü kimi Məsləhət Şurası Rusiyaya orta müddətli hədəfinə çatmaq üçün böyük bir fürsət təqdim edir. Bu baxımdan ən vacib sual, Zelenskinin, münaqişədə sülh danışıqlarını aparmaq naminə nə üçün bu cür formata razılıq verməsidir. Əlbəttə ki, bu qərarın əsl səbəbini ortaya qoymaq üçün hələ çox tezdir, lakin bununla bağlı müəyyən ilkin qənaətə gəlmək mümkündür.

Birincisi, Donbasdakı münaqişəni həll etmək, prezident seçkisi kampaniyasında Zelenskinin əsas vədlərindən biri idi və bununla da o öz sözünü tutmağa çalışır. İkincisi, Məşvərət Şurasının yaradılması ilə nəticədə Rusiyanı prosesdən kənarlaşdıracağını və Ukraynanın öz “daxili məsələsini” özünün həll edəcəyini düşünə bilər. Üçüncüsü, Zelenskinin siyasi təcrübəsizliyindən faydalanaraq Putin onu münaqişəni müəyyən güzəştlərlə həll edə biləcəyinə inandırmış ola bilər.

Əslində Məşvərət Şurasının yaradılması hələ ki, Minskdə tərəflərin sadəcə müzakirə etdiyi bir fikirdir. Şuranı yaratmadan əvvəl Zelenskinin Ukrayna xalqının bu mövzu ilə bağlı reaksiyasını sınaması üçün kifayət qədər vaxtı var. Millət vəkilləri, hətta Zelenskinin  “Xalqın Xidmətçisi” partiyasından olan bəzi nümayəndələr separatçılarla birbaşa dialoqun əleyhinə olsalar da, ictimaiyyətin məsələyə qarşı əsl reaksiyasının hələ ortaya çıxmadığını qeyd etmək mümkündür. Minskdəki son görüş Ukraynadakı COVID-19 təhlükəsi ilə eyni vaxta düşdüyündən əsasən millətçi grupların etirazları tam olaraq hiss edilmir. Bu çərçivədə, virus təhdidi səbəbiylə martın 12-də keçirilməsi planlaşdırılan Normandy Format zirvəsi belə təxirə salındı. Qısacası, Ukraynalıların Məşvərət Şurasının yaradılmasına qarşı reaksiyaları heç də sadəlövhcəsinə olmaya bilər ki, bu da Zelenskinin reytinqini bir az daha düşürəcəkdir.

Yekun

Donbas kimi  münaqişələrin özünəməxsus dinamizmlərə malik olduğu danılmaz bir həqiqət və onların bu dinamizmlər çərçivəsində təhlil edilmələri də təbiidir. Lakin onları digər bənzər hadisələrlə müqayisə etmək münaqişədəki çıxılmaz vəziyyətləri anlamaq üçün çox faydalıdır. Bu çərçivədə, Moldova və Gürcüstan məsələləri Ukrayna hakimiyyəti üçün mükəmməl təcrübə olaraq qarşımıza çıxmaqdadır. Bu təcrübələrdən məlum olduğu kimi, ölkələrin Rusiya ilə münaqişə mövzularında güzəşt etməsi, sülhə aparmaqdansa, münaqişələri daha da çıxılmaz bir vəzyətə salır. Ukrayna prezidenti vəd etdiyi kimi Donbasdakı münaqişəni həll etməyə can atsa da, “nəyin bahasına olursa olsun” anlayışı ilə sülhü təmin etməyə çalışması həm Ukrayna, həm də öz nüfuzu adına heç də yaxşı seçim kimi görünmür.

Bu heç də o demək deyil ki, Zelenski Donbas münaqişəsinin həlli üçün sülh yolları axtarmamalıdır. Ancaq Ukraynanın şərqində Rusiya Federasiyası ilə beynəlxalq sərhədlərin nəzarətini tam bərpa etmədən sülh adına edilən güzəştlər “əlin uzadıldığında qolun itirilməsi” məsəlindən fərqli olmaya bilər.

Dr. Ibrahim Muradov