Hərbi-təhükəsizlik

İran iqtisadiyyatının Bermud üçbucağı: sanksiyalar, koronavirus və neft qiymətləri

Pinterest LinkedIn Tumblr

Kamran Sultanlı

 

İran iqtisadiyyatı hazırda, 2018-ci ildən ABŞ prezidenti Donald Trump tərəfindən sərtləşdirilən sanksiyalar, 2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində ortaya çıxan yeni növ koronavirus və 2020-ci ilin ilk rübündə qlobal pandemiya, eləcə də dünya iqtisadiyyatında baş verən proseslərdən dolayı enən neft qiymətlərindən əziyyət çəkir. Sanksiyalar pandemiya ilə mübarizədə İranın işini çətinləşdirir. Pandemiya İran iqtisadiyyatına təhdidləri artırır. 6 aprel 2020-ci il tarixində açıqlanan statistik məlumatlara əsasən, İranda koronavirusa yoluxanların sayı 58226 nəfər, həyatını itirənlərin sayı isə 3603 nəfərdir.

 

ABŞ sanksiyaları və İran iqtisadiyyatı

2015-ci ildə İranla altılıq ölkələri (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) arasında imzalanan nüvə sazişi nəticəsində ölkəyə xarici şirkətlərin investesiya qoyuluşu artdı. İran ÜDM-si 2015-ci ildə 385,9 milyard ABŞ dolları təşkil edib. 2015-ci ildə 1,3% kiçilən ölkə ÜDM-si, 2016-cı ildə 13,4%-ə qədər yüksəldi. Bir il sonra ABŞ-da prezident seçkilərində qalib gələn Trump İrana qarşı sərt mövqe sərgiləməyə başladı və 2018-ci ilin may ayının 12-də rəsmən Tehran və altılıq ölkələri arasında imzalanan nüvə sazişini birtərəfli şəkildə tərk etdi. İrana qarşı embarqolar 2018-ci ilin avqustun 7-si və noyabrın 5-i olmaqla mərhələli şəkildə bərpa edildi. ABŞ İranın avtomobil sənayesi, borc kağızları, qiymətli metal, qızıl, polad, gümüş, qrafit ticarəti, alüminium, bank sektoru, ABŞ dolları ilə əməliyyatlar, beynəlxalq aviasiya korporasiyalarından təyyarə almaq, xalçaçılıq, əczaçılıq, sənaye xidmətlərinin və proseslərinin idarə olunması üçün proqram təminatı və İranın neft ixrac etməsinə qadağalar tətbiq etdi. Trump İran iqtisadiyyatını qlobal iqtisadiyyatdan təcrid etmək siyasəti həyata keçirərək, İranın iqtisadi və siyasi vəziyyətini çətinləşdirdi.

Bu illər ərzində İran ÜDM-də azalma müşahidə edildi. Əgər 2017-ci ildə İran ÜDM-nin artımı 3,8% təşkil edibsə, “Beynəlxalq Valyuta Fondunun”(BVF) məlumatına əsasən  İran ÜDM-si 2018-ci ildə 3,9%, 2019-cu ildə isə 6% azalıb. Beynəlxalq Valyuta Fondu 2020-ci il İran iqtisadiyyatının artım tempinin mənfi göstəricilərdə qalacağını və ölkədə böyük işsizlik göstəricilərinin yaranacağını qeyd edib.

2018-ci il üçün açıqlanan göstəricilərə və “Pars Times”-ın məlumatına əsasən İran rialı qara bazarda 50% dəyər itirib. ABŞ sanksiyaları İran daxilində İran hakimiyyətinə və ölkənin dini liderinə qarşı kütləvi etirazlara səbəb oldu. 2019-cu ilin noyabrında İranda benzinin qiymətinin hər 60 litrinin 15000 riala (0,13 dollar), əlavə hər litrin 30 min riala olacağı ilə bağlı qərar verildi. Bu İranda 1500 insanın ölümü ilə nəticələnən kütləvi aksiyalara səbəb oldu. Hökumət sanksiyalardan dolayı büdcəni formalaşdırmaq üçün bu addımlara əl atdı. ABŞ sanksiyaları İranın daxilində mühafizəkarların təsirinin artmasına səbəb oldu. Fevralın 21-i İran parlamentinə keçirilən seçkilərdə mühafizəkarlar 290 yerlik İran parlamentinin 223 yerini, islahatçılar isə yalnız 16 yerini qazandı. İran islahatçıları İran iqtisadiyyatının hazırkı vəziyyətinin əsas səbəblərindən biri kimi “İran İslam İnqilabı Keşikçiləri Korpusunun” (SEPAH) ölkə iqtisadiyyatını inhisara almasını, mühafizəkarlar isə məhz 2015-ci il ABŞ-la imzalanan nüvə müqaviləsini və ABŞ-a inanmağın nəticələrini səbəb  göstərirlər.

 

Koronavirusun İran iqtisadiyyatına təsiri

İran koronavirusdan əziyyət çəkən ölkələrdən biridir. İrandan Çinə səfər edən, daha sonra geri qayıdan və Qum-Məşhəd dini şəhərləri üzrə səfər edən bir nəfərin bu ölkədə epidemiyanı yaydığı güman edilir. İranda koronavirusun yayılmasının ən əsas səbəbləri arasında ABŞ sanksiyaları nəticəsində ölkənin səhiyyə və kənd təsərrüfatı sektoruna dəyənziyanlar və ölkədə ərzaq qıtlığının yaranması qeyd olunur.Xatırladaq ki, Qum İranda hər il 1,2 milyon dini zəvvarın səfər etdiyi və Məşhəd-Kərbala dini ziyarətlərinə gedən marşurutun əsas dayanacağı olan bir şəhərdir

Digər önəmli səbəb isə ölkədə fevralın 21-də keçirilən parlament seçkiləri, İran dövlətinin seçkilərdə insanların kütləvi iştirakını təmin etmək üçün, insanları seçkiyə təşviq etməsi idi.

Koronavirus İran üçün ağır fəsadlara səbəb ola bilər. Hələlik cənub qonşumuz daxili tələbatı ödəyə bilir. Lakin ölkədə ərzaq və dərman qıtlığı var. Ət istehsalı azalıb, bu da ətin qiymətinin qalxmasına səbəb olub. Ətin bir kilosu 120 min tümənə qalxıb, dövlət artıq öz ehtiyatlarını bazara cəlb edib. Ölkənin səhiyyə sektoruna ayrılan xərclər son 2 ildə kəskin azalıb. 2018-ci ildə İran yoluxucu və ağır xəstəliklərə qarşı mübarizə məqsədilə səhiyyə sektoruna 5,07 milyon ABŞ dolları, 2019-cu ildə 3,5, milyon ABŞ dolları maliyyə vəsaiti ayırıb. 2020-ci ilin ilk rübündə İran hökuməti yoluxucu və ağır xəstələrin müalicəsi məqsədilə dövlət büdcəsindən 0,5 milyon ABŞ dolları vəsait ayırıb. Ölkədə 40%-i aşan inflyasiyani nəzərə alsaq mənzərənin nə qədər acınacaqlı olduğu açıq-aşkar ortadadır.

Koronavirus dövründə İranda dərman qıtlığı səbəbindən ciddi problemlər yaranıb. İran epidemiyadan sonra sosial xərcləri və ərzaq qıtlığını önləmək üçün, dəstək tədbirlərini artırıb, bu isə çətin durumda olan İran iqtisadiyyatı üçün mənfi nəticələri artırır. Epidemiya ilə mübarizə məqsədilə İran BVF-dən 5 milyard ABŞ dolları yardım istəsə də, ABŞ sanksiyaları bu dəstəyə imkan vermir. Əvəzində Almaniya, Fransa və Britaniya İrana 5 milyon Avro dəyərində tibbi ləvazimat göndərib və İranla “İNSTEX” ticarət mexanizmi işə salınıb (burada ticarət yalnız Avro ilə aparılır). Epidemiyadan sonra İran ÜDM-si 20% kiçilə bilər, həmçinin İranda işsizlərin sayı əmək qabiliyyətli əhalinin 20%-ni təşkil edə bilər.

 

Neftin qiymətinin enməsinin İran iqtisadiyyatına təsirləri

Son illər dünya bazarında qlobal tələbin azalması, eyni zamanda İranın da ABŞ sanksiyalarına görə neft hasilatını azaltmaq məcburiyyətində qalması, ölkə iqtisadiyyatında kataklizmlərə səbəb olur. 2018-ci ildə İranda gündəlik hasilat ortalama 3,3 milyon barrel təşkil etsə də, bu rəqəm 2020-ci ilin fevralında  2,08 milyon barrelə qədər enib.  İran öz neftini dünya bazarında normal qaydada sata bilməməsi bu öılkədə inflyasiya göstəricilərinin artmasına səbəb olur. Milli pul vahidi 2018-ci il 45%-ə qədər, qara bazarda isə 50% dəyər itirib, bu amil 2019-cu il büdcəsinin 35% kiçilməsinə səbəb olub. İranın 2019-cu ildə qəbul edilmiş büdcəsinin həcmi 400 trilyon tümən (34 milyard ABŞ dolları) təşkil edib. BVF-in məlumatına əsasən İran büdcəsinin 80%-i məhz neftdən gələn gəlirlər hesabına formalaşır.

Mart ayının ilk həftəsi Rusiya və Səudiyyə Ərəbistanı arasında 2017-ci ildən qüvvədə olan OPEK+ koalisiyası dağıldı. Dünya bazarında neft ixrac edən ölkələrin ittifaqının dağılması, neftin qiymətini kəskin endirdi. Rusiyanın OPEK-lə olan koalisiyanı tərk etməsindən sonra martın 9-u neftin qiyməti 31$-a qədər azaldı, martın 25-i isə neft 25 ABŞ dollarına endi. Aprel ayının ilk günü dünya bazarında neft 20 ABŞ dollarından aşağı təklif edilirdi. Rusiyanın anlaşmadan geri çəkilməsindən sonra aparıcı neft fyuçerləri arasında qiymət fərqi eyniləşdi. Bütün baş verənlər qlobal embarqo və yeni növ koronavirusla mübarizə aparan İran üçün olduqca ağır nəticələrə səbəb olur. Neft ixrac edən ölkələrin nefti maya dəyərindən aşağı qiymətə satması, Səudiyyə Ərəbistanının öz neftini Qərbi Avropada 8 ABŞ dollarına, digər ərazilərdə 6 ABŞ dollarına təklif etməsi, sanksiyalar altında yaşayan və buna görə öz neftini bazar qiymətindən aşağı təklif edərək, ixrac etməyə çalışan İran iqtisadiyyatı üçün növbəti problemlərə yol açır. Hazırda dünya enerji bazarında neftin real qiyməti ilə dəyişim qiyməti arasında fərqin azalması, neft istehsalçılarına əlavə əngəllər törədir. İran neftinin qiyməti yüksək olanda, maya dəyərindən aşağı neftini sata bilirdi, indi isə bir-çox dövlət eyni prosesi həyata keçirdiyindən İranda neft sektoru daha ciddi zərərlər görəcək.

 

Nəticə

Yeni növ koronavirus, ABŞ sanksiyaları və neftin enən qiyməti İran iqtisadiyyatına təzyiqləri daha da artıracaq. Bu ölkədə böyük humanitar böhran yaşana bilər. Çünki ölkədə ərzaq səbətinin 81 milyonluq xalqı sanksiyalar dövründə nə qədər təmin edəcəyi sual doğurur. Artan işsizlik, ikirəqəmli inflyasiya, İran rialının qara bazarda dəyər itirməsi, sanksiyalardan dolayı ölkə daxilində mühafizəkarlarla islahatçılar arasında kəskin rəqabət və mühafizəkarların siyasi sistemdə islahatçıları sıxışdırması, xalqın dini hakimiyyətə və birbaşa dini liderə, Vilayəti-fəqih sisteminə qarşı çıxması və ona inamının kəskin azalması gələcək illərdə ölkədə daha ciddi hadisələrlə nəticələnə bilər. Bu atmosferdə yeni kütləvi etiraz aksiyaları da istisna edilmir.

 

Kamran Sultanlı