Avropa

Navalnı hadisəsi: səbəblər, mümkün nəticələr

Pinterest LinkedIn Tumblr

Dr. Nazim Cəfərov

 

Avqustun 20-də Rusiyada müxalifət liderlərindən Aleksey Navalnı zəhərlənmə iddiası ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Navalnı Tomskdan təyyarə ilə Moskvaya qayıdarkən, yolda halı qəfildən pisləşib. Təyyarə təcili Omska endirilib və Navalnıya həkimlər müdaxilə edib. Hadisə çox yenidir, ancaq bəzi suallar ortaya atmaq olar:

 

1. Navalnı zəhərlənib mi?

Rəsmi qurumlardan bu barədə təsdiq edici məlumatlar gəlməsə də Navalnı tərəfdarları bu iddianı güclü formada səsləndirirlər. Navalnının sağlamlığıyla bağlı indiyə qədər ciddi bir problemin olmaması və vəziyyətinin anidən zəhərlənməyə bənzər şəkildə pisləşməsi tərəfdarlarının iddiasını gücləndirir.   

 

2. Navalnı zəhərlənibsə, onu kim zəhərləyib?

Ukrayna lideri Viktor Yuşenkonun zəhərlənməsi, eləcə də Britaniyada keçmiş Rus kəşfiyatçıları Aleksandr Litvinenko və Sergey Skripalın zəhərlənməsində Rusiyanın əli olduğunun bilinməsi və bundan əlavə  müxtəlif ölkələrdə bənzər hadisələr Rusiya hakimiyyətini bu məsələdə ən güclü ilk şübhəli edir. Üstəlik, 2015-ci ildə bir digər müxalifət lideri Boris Nemtsovun də Moskvanın ortasında sui-qəsdə qurban getməsi və real sifarişcinin hələ də məlum olmaması da Navalnı məsələsində də Kremli baş şübhəli edir. Bu həqiqətən belədirmi, hazırda bunu demək çətindir. Digər tərəfdən Kremlin ölkədə və xaricidə ən çox tanınan muxalif siyasətçilərdən birini ölkədə zəhərləməsi hətta sui-qəsd metodologiyası baxımından belə “üzü astarından baha çıxan” bir davranış  kimi görünür.  

Əgər zəhərlənmə varsa, o zaman bu sui-qəsdi  Navalnının ortaya çıxaracağı  yeni bir korrupsiya qalmaqalının özünə büyük zərərlər verə biləcəyini  düşünən yerli bir vəzifəli şəxs də sifariş verə bilər. Bu cür bir addımın isə iki açıqlaması ola bilər:

a) Ya o yerli sifarişçi  belə bir zəhərlənmənin Kreml üçün nə demək olduğunu anlamayacaq qədər axmaqdır.

b) Ya da o yerli sifarişçinin Kremildə çox güclü himəyadarları var.           

 

3. Navalnını niyə zəhərləmiş ola bilərlər?

İlk ağla gələn Rusiyadakı mövcud daxili siyasi vəziyyətdir. Əvvəla, Rusiya müxalifəti sonuncu yerli seçkilərdə başda Moskva və Sankt-Peterburq olmaq üzrə müxtəlif yerlərdə önəmli və uğurlu sayıla biləcək nəticələr əldə edib. İkincisi, hazırda Rusiya cəmiyyətində narazılıq dalğası getdikcə güclənir və prezident Putinə xalq dəstəyi son dövrlərdəki ən zəif səviyyələrdən birinə malikdir.  Başda Xabarovsk və Başqırdıstan olmaqla ölkədə insanlar müxtəlif etiraz mitinqləri keçirirlər.

Üçüncüsü, 2020-ci ilin dekabrında və ya 2021-ci ilin baharında Rusiya parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur. Maraqlıdır ki, parlament seçkilərini 2020-ci ilin sentyabrında keçirmək cəhdi bu ilin mart ayında prezident Vladimir Putinin işə qarışması ilə dayandırılıb. Növbəti parlament seçkilərində iqtidarın ciddi problemlər yaşayacağı ehtimal edilir.

Dördüncü, ölkədə Putindən sonrakı mərhələ üçün güc mübarizəsi alovlanıb. Düzdür, növbəti prezident seçkiləri 2024-cü ildə keçiriləcək və Putinin təkrar namizəd olacağı ən güclü ehtimal kimi bəyan edilir. Ancaq Rusiyada getdikcə ağırlaşan sosial-iqtisadi vəziyyət, Putinə xalq dəstəyinin azalması və səhhəti haqqında yayılan müxtəlif iddialar kimi amillər də var. Bu amillər Putinin nəinki 2024-cü ildə təkrar namizəd olacağını, hətta ondan öncə də hakimiyyətdə mövcud formada qalmaq ehtimalını azaldır.

Son konstitusiya referendumu ilə prezidentin səlahiyyətlərinin nisbətən azaldılması, hökumətin və parlamentin səlahiyyətlərinin artırılması yeni dövrə hazırlıq kimi xarakterizə edilir. Putindən sonrakı mərhələ üçün mübarizənin alovlanması Rusiyadakı iqtidar olimpinin zirvəsində 2020-ci il ərzindəki  proseslərdə də özünü göstərir. Belə ki, Putindən sonra Rusiya prezidentliyinə ən güclü namizədlərdən baş nazir Dmitri Medvedyev istefaya göndərilib. Hazırda Təhlükəsizlik Şurasının sədr müavini olan Medvedyev parlamentdəki əsas çoxlugu təşkil edən Vahid Rusiya partiyasının lideridir və prezidentlik iddiasıni qoruyur. Digər tərəfdən, Putinin mövcud sisteminin “ideoloji babası” və boz kardinali hesab edilən prezident köməkçisi Vladislav Surkov da istefaya göndərilib. Putindən sonra üçün adı hallanan xələf şəxslər arasinda baş nazir Mixail Mişutsun, müdafiə naziri Sergey Soyqu və Moskvanın meri Sergey Sobyanin də var.

Navalnı bu prosesdə iki baxımdan önəmli fiqurlardan biri idi. Əvvəla, Navalnı korrupsiya məsələsinə ən həssas yanaşan və bunun üçün rəhbərlik etdiyi fond vasitəsiylə ciddi hesabatlar açıqlayan biri idi. Onun ən qalmaqallı hesabatlarından biri Rusiya iqtidarının olimpində nisbətən “abırlı” və “Qərbə yaxın siyasətçi” kimi bilinən Dmitri Medvedyev haqqında olub. Bəzi məlumatlarda Navalnının Tomska iqtidarın spesifik olaraq Vahid Rusiya partiyası rəsmilərinin növbəti korrupsiya qalmaqalını araşdırmaq üçün getdiyi bildirilir. Maraqlıdır ki, hətta Navalnının yaxın tərəfdarları belə bu barədə geniş məlumat verə bilmirlər, bəlkə də vermək istəmirlər.

Belə bir sual ortaya çıxır: Görəsən Navalnının ardınca Tomska qədər getdiyi korrupsiya qalmaqalının ucu Rusya iqtidarının zirvəsindəki hansı iddialı siyasətçiyə toxunur?

Unutmayaq ki, şəffaf  və demokratik siyasi mübarizənin olmadığı avtoritar sistemlərdə korrupsiya güc mənbəyi olduğu qədər, həm də gücsüzlük mənbəyidir. Belə korrupsiya qalmaqallarının iddialı bir siyasətçini həm iddiasından, həm də azadlığından məhrum edə bildiyinin siyasətdə çox sayda nümunəsi var.

İkincisi, Navalnı yuxarıda qeyd edilən Rusiya daxili ümumi siyasi vəziyyətdə müxalifətin ən mühüm fiqurlarından biri idi.  Bu mənada yeni siyasi mübarizədə müxalifətin və konkret olaraq  da Navalnının oynaya biləcəyi rol onun zəhərlənməsinə səbəb ola bilər.

 

4. Navalnının zəhərlənməsi və ölümü Putinə nə verər?

Navalnı kimi həm ölkə daxilində, həm də ölkə xaricində yetərincə tanınan bir siyasətçinin zəhərlənməsinin Kreml üçün 3 nəticəsi olar:

a) Putinin  xalq arasındakı “güclü lider” imici daha da zərər görər.  Rusiya müxalifəti ciddi təbliğat müstəvisi qazanar.

b) İstər dünya, istər Rusiya, istərsə də Belarus təcrübəsi göstərir ki, lider sıradan çıxarılanda müxalifətin fəaliyyətləri dayanmır, tam tərsinə yeni taktiklarla güclənərək davam edir. 

c) Rusiyanın Qərblə münasibətləri daha da pisləşər, bunun müxtəlif geosiyasi və iqtisadi nəticələri olar. Doğrusu Navalnının mövcud vəziyyətə düşməsində Putinin rolu olduğunu düşünmürəm. Ancaq yuxarıda qeyd edilən güc mübarizəsində Navalnının bir qurban olması istisna deyil.

 

 

Dr. Nazim Cəfərsoy