Amerika

“Çoxtərəfli Strateji Tərəfdaşlıq” müqaviləsi və Çin-İran münasibətlərinin gələcəyi

Pinterest LinkedIn Tumblr

Giriş

Çin-İran diplomatik münasibətləri 1971-ci ildən başlayaraq müxtəlif sahələrdə inkişaf etmişdir. Bu müddət ərzində təşkil olunan qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığının inkişafında böyük rolu olmuşdur. 19 yanvar 2016-cı ildə Çin Komunist Partiyasının lideri Si Tsinpin İrana səfəri zamanı, “Çoxtərəfli Strateji Tərəfdaşlıq” müqaviləsinin imzalanması buna nümunədir. Bu müqavilə İranın neft, qaz və neft-kimya sənayelərinin inkişaf etdirilməsi, ölkənin quru və su nəqliyyatının yaxşılaşdırılması üçün Çinin təxminən 400 milyard dollar sərmayə ayırmasını nəzərdə tutur.

Son illərdə Çin-İran münasibətlərinin strateji əməkdaşlığa doğru irəlilədiyinə dair müxtəlif müzakirələr aparılır. Münasibətlərin strateji tərəfdaşlığa əsaslanması dövlətlər arasında iqtisadi münasibətləri də dərinləşdirir qarşılıqlı güvəni artırır. Limitli və ya məhdud tərəfdaşlıq olaraq adlandıra biləcəyimiz əməkdaşlıqda isə dövlətlərin təhlükəsizlik maraqları onların iqtisadi maraqlarını üstələyir və bu da münasibətlərin praqmatik və ya məhdud səviyədə qalmasına səbəb olur (Røseth, 2018). Bu məqalədə Çin-İran münasibətlərinin strateji əməkdaşlığa uyğun olub olmadığı iqtisadi, enerji və təhlükəsizlik amilləri çərçivəsində analiz ediləcək və sonda isə imzalanan “Çoxtərəfli Strateji Tərəfdaşlıq” müqaviləsinin münasibətlərin gələcəyinə necə təsir edəcəyi təhlil ediləcəkdir.

İqtisadi münasibətlər

 Çin iqtisadi gücü ilə, İran isə resursları baxımından həm qlobal, həm də regional olaraq böyük önəmə sahibdir. Bu baxımdan, Çin-İran iqtisadi münasibətlərinin inkişaf etdirilməsi iki dövlət üçün həmişə əhəmiyyət kəsb etmişdir. Bunun səbəbi İranın enerji resurları ilə zəngin olması və Çinin iqtisadi inkişafı üçün enerji resurslarının strateji rol oynaması olmuşdur. Bundan əlavə, 2008-ci ildən Qərb sanksiyalarına məruz qalan İran üçün Çin əsas sənaye təchizatçısı rolu oynamış, buna qarşılıq İran da Çinə neft və qaz ixrac etmişdir.

Belə ki, Qərb şirkətləri xüsusilə 2012-ci ildə İrana tətbiq edilən maliyyə sanksiyalarından sonra İran bazarından çəkilməyə başladılar. Eyni ildə Mahmud Əhmədinejad hakimiyyəti İranın “Şərqə Baxış” siyasətini elan etdi (Shariatinia və Azizi, 2019). Bu siyasətin əsas məqsədləri Qərb sanksiyalarının təzyiqinin zəiflədilməsi, İranın iqtisadi inkişafını təmin etmək üçün yüksələn iqtisadi güclər olan Şərqi Asiya ölkələri ilə münasibətlərin qurulması və bu ölkələrdən investisya cəlb edilməsiydi. Bu dövrdə Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi hər zaman ən vacib öncəlik idi və  bu strategiyada Çin mərkəzi mövqe tuturdu.

Xüsusilə 2008-ci ildən Qərb dövlətlərinin İrana sanksiyalar tətbiq etməsindən sonra iki dövlət arasında ticarət həcmi sürətlə artmışdır. Belə ki, 2010-2014-cü illər arasında, sanksiyalara baxmayaraq, Çinin İrana ixracatı illik 29% nisbətində artmışdır (Wilson Center, 2020). Ticarət baxımından ikitərəfli münasibətlərdə pik hədd 2014-ci ildə görülmüş, iki dövlət arasında ticərət dövriyyəsi 51 milyard ABŞ Dolları olmuşdur. 2014-cü ildən sonra, Qərbin sanksiyalarının tədricən götürülməsinə paralel olaraq ticari münasibətlərdə geriləmə görülmüşdür. Bunun səbəbi 2015-ci ildə “Ortaq Hərtərəfli Fəaliyyət Planı” müqaviləsi nəticəsində İranın Qərb ölkələri ilə münasibətlərinin tədricən düzəlməsi və Avropa ölkələri ilə ticari münasibətlərin  yenidən canlanması olmuşdur. Bu çərçivədə, 2016-cı ildə iki dövlət arasında ticarət həcmi azalaraq 30 milyard ABŞ Dolları olmuşdur (Teer və Wang, 2018).

İki ölkənin ticari münasibətlərinə daha geniş çərçivədən baxdıqda ticari münasibətlərin məhdud olaraq inkişaf etdiyini, əslində Çin-İran ticarət münasibətlərinin həcminin Çinin digər Yaxın Şərq ölkələri ilə ticari münasibətlərinə paralel olaraq inkişaf etdiyini görə bilərik. Məsələn, Çinin İrana ixracatı 2004-2018-ci illər arasındakı dövrdə illik 16,9% artmışdır. Eyni dövrdə Çinin Səudi Ərəbistana ixracatı illik 16,1% və Türkiyəyə isə ixracatı 16,8 faiz artmışdır (Wilson Center, 2020). Digər bir nümunə isə 2010-2018-ci illər arasında Çinin İrana və Səudi Ərəbistana ixracatı 18 milyard dollar dəyərində olmasıdır (Garlick və Havlova, 2020). Bu mənada Çin regionda iqtisadi münasibətlər baxımından Yaxın Şərq regionu ölkələri ilə balanslı münasibətlərini qorumağa çalışdığını demək olar.

Çinin İrana investisya qoyuluşu 2016-2017-ci illərdə İran üzərindən sanksiyaların tədricən götürülməsindən sonra sürətlə artmışdır, ancaq 2018-də İrana sanksiyaların yenidən qoyulmasından sonra Çinin İrana investisyaları azalmışdır (Garlick və Havlova, 2020). Birbaşa xarici investisya qoyuluşu baxımından da Çin-İran münasibətlərinə digər  regional ölkələr ilə müqayisədə balansın qorunduğunu, hətta İran əleyhinə inkşaf etdiyini görmək olar. Məsələn, 2018-ci ildə Çinin İrandakı birbaşa xarici investisyası 3,23 milyard dollar olmuşikən, BƏƏ-də 6,23 milyard dollar və Pakistanda isə 4,24 milyard dollar olmuşdur (Wilson Center, 2020).

Tramp adminstrasiyasının 2018-ci ildə ABŞ-ı “Ortaq Hərtərəfli Fəaliyyət Planı” müqaviləsindən çıxartması və maksimumum təzyiq strategiyasını tətbiq etməsi İran-Çin ticari münasibətlərinin inkişaf etməsini daha da zəiflətmişdir. Bu çərçivədə, Çinin İrandan neft ixracatı kəskin azalmış və bu da iki dövlət arasında ticarət həcminin daha da azalmasına səbəb olmuşdur. 2019-cu ildə iki dövlət arasındakı ticarət həcmi 23 milyard dollara enmişdir (Caspian  News, 2020).

Çin ilə İran arasında son illərdə iqtisadi münasibətlərin zəifləməsinin və iqtisadi münasibətlərin stratejik çərçivədən çox, məhdud çərçivədə inkişaf etməsini bir neçə səbəb ilə izah etmək olar. Bu məhdud əməkdaşlığın ilk səbəbi, 2018-ci ildən bəri ABŞ tərəfindən İrana tətbiq edilən sərt sanksiyalardır. Bu konteksdə, Çin İranla münasibətlərini inkişaf etdirərək, onsuzda problemli olan Çin-ABŞ münasibətlərini daha da gərginləşdirmək istəmir.  İkinci səbəb, İranın uzun müddətdə iqtisadi gələcəyinin qeyri-müəyyən olması və ölkədə biznes mühitinin zəif inkişaf etməsidir. Çin şirkətləri adətən stabil ölkələrə investisya qoyuluşuna üstünlük verir. Bundan əlavə, iqtisadi sanksiyalarda Çin şirkətlərin İran bazarına daxil olmaqdan çəkindirir. Üçüncü səbəb, Çinin investisyalarının inkişaf etməkdə olan ölkələrdən qabaqcıl texnologiyalara və geniş sənaye təcrübəsinə sahib olan inkişaf etmiş ölkələrə doğru tədricən dəyişməsidir. Son olaraq, ticarətin zəifləməsinin bir digər səbəbi Çinin enerji idxalını müxtəlif ölkələr ilə şaxələndirməsidir. Bu isə ətraflı şəkildə aşağıda analiz ediləcəkdir.

Enerji münasibətləri

 İran və Çin arasında iqtisadi münasibətlərin  inkişaf etmiş yönlərindən biri də enerji əməkdaşlığıdırdir. Bu sahənin inkişaf etməsinin əsas səbəbi İranın zəngin enerji resurslarına sahib olması, Çinin isə iqtisadi inkişafı üçün neft və qaz kimi enerji resurlarına ehtiyacı olmasıdır (K. Damianova, 2015). İrana tətbiq edilən sanksiyalar iki ölkə arasında enerji münasibətlərinin inkişafını məhdudlaşdırır, lakin, buna baxmayaraq Çin-İran enerji münasibətləri bu müddət ərzində inkişaf etmiş və Çin İranın enerji resursları baxımından öz təsirini artırmışdır.

İrana tətbiq olunan maliyyə sanksiyalarından sonra Qərb və ABŞ şirkətləri neft və qaz sektoru ilə əlaqədar layihələrin böyük bir əksəriyyətində fəaliyyətlərini dayandırdılar. Bu isə Çin üçün yeni bir fürsət yaratdı. Baxmayaraq ki, 2002-ci ildən bəri Çin neft şirkətləri aktiv şəkildə İranda fəaliyyət göstərirlər, lakin sanksiyalardan sonra bir sıra “upstream və downstream” enerji layihələrinə üzrə müqavilələr bağlandı. Ümumi olaraq,  Çinin Sinopec və CNPC şirkətləri (Çin Milli Neft Şirkəti) İran ilə 14 milyard dollar dəyərində neft və qaz yataqlarını araşdırmaq və inkişaf etdirmək üçün bir sıra layihələrə imza atmışlardır (Marybeth Davis, James Lecky və b. 2013: 17).

Çin şirkətlərinin sərmayə qoyduğu yataqlardan biri İranın ən böyük neft yataqlarından biri olan Azadegan yatağıdır. Bu yataq iki hissəyə ayrılmışdır: Şimal və Cənub Azadegan neft yataqları.  Çinin CNPC şirkəti ilə İranın NIOC şirkəti arasında 2009-cu ildə Şimal və Cənub Azadegan yatağının inkişafı ilə bağlı razılıq əldə etmişlər. Müqaviləyə əsasən layihə iki mərhələdə həyata keçiriləcəkdi və 260.000 barel neft hasilatı əldə olunacaqdı. Lakin, birinci mərhələdə 150.000, ikinci mərhələdə isə 11.000 barel neft hasilatı oldu. Neft hasilatının gecikməsi səbəbindən İran 2014-cü ildə CNPC ilə əlaqələrini kəsmək məcburiyyətində qaldı (Khan və Guo, 2017:22). Digər önəmli layihə isə 2007-ci ildə imzalananYadavaran neft yatağının işlədilməsiylə bağlı sazişdir. Müqaviləyə əsasən Çin 25 il müddətində İrandan 10 milyon ton dəyərində maye qaz alacaqdı. Layihənin birinci mərhələsində 25.000 barel, ikinci mərhələsində isə 100.000 barel neft hasil olunmuşdur. Bu hasilatın 300.000 barele qədər yüksəldiməsi isə üçüncü mərhələdə planlaşdırılır (Khan və Guo, 2017:21).

Meqa layihələrə əlavə olaraq, Çin şirkətləri İranda daha kiçik layihələrdə həyata keçirirlər. CNPC və İran arasında 2005-ci ildə Kudəşt blokunun işlədilməsiylə bağlı müqavilə imzalanmışdır. CNPC-nin eyni zamanda Məscid-e Süleyman yatağının işlədilməsiylə bağlı İran Neft Şirkəti ilə saziş bağlamışdır. Çin Məscid-e-Süleyman neft yatağı kimi kiçik layihələrə daha çox üstünlük verir, çünki Çin şirkətləri Şimali Azadegan və Yadeveran kimi daha böyük və daha mürəkkəb layihələr üçün tələb olunan texnologiya sahib deyillər (Dubowitz və Grossman, 2010).

Neft yataqlarına əlavə olaraq, iki dövlət arasında qaz yataqları üzrə də əməkdaşlıq mövcuddur. İranın ən vacib təbii qaz yataqlarından biri Cənub Fars qaz yatağıdır. 2015-ci ildə “Ortaq Hərtərəfli Fəaliyyət Planı” müqaviləsi imzalandıqdan sonra, Fransanın Total və Çinin CNPC kimi şirkətləri yatağın 11-ci sahəsinin işlədilməsiylə bağlı ortaq müqavilə  imzalamışdır. Yatağın işlədilməsində 50.1% Total, 30% CNPC, 19.9% isə Pars Neft və Qaz şirkətinin payına düşürdü. Lakin, 2018-ci ildə İrana Tramp adminstrasiyasının tətbiq etdiyi ağır sanksiyaların təsiri ilə Total şirkəti rəsmi olaraq müqavilədən geri çəkildiyini bildirdi. CNPC şirkəti bunu bir fürsət olaraq dəyərləndirərək Total şirkətinin 50.1 % -lik hissəsini satın almağı qəbul etdi (NS Energy, 2021). Ancaq, artan beynəlxalq  təzyiqlər, İran Milli Neft Şirkəti ilə CNPC arasında uzlaşmada problemlərin olması və CNPC-nin yatağın inkişaf etdirilməsi üçün yetərli texnologiyaya sahib olmaması kimi səbəblərdən şirkət ikinci dəfə təbii qaz layihəsindən çıxmaq məcburiyyətində qaldı. Layihənin davam etdirilməsi isə Pars Neft və Qaz şirkətinin üzərinə düşdü (The Wall Street Journall, 2019).

İki dövlət arasında çoxtərəfli əməkdaşlıqla yanaşı alternativ enerji sahəsində də yeni əlaqələr qurulur. Alternativ enerji sahəsindəki əməkdaşlıqları 2016-cı ildən başlamış və hidroelektrik enerjisi, külək enerjisi və biokütlə enerji istehsalını əhatə edir (Green Belt and Road Initiative Center, 2020).

Son illərə nəzər salsaq, baxmayaraq ki, Çin, İranın enerji sahəsində ən böyük ticari tərəfdaşına çevrilmişdir, lakin İran isə Çinə enerji tədarükündə 7-ci sırada yer alır (World’s Top Exports, 2020). 2020-ci ildə Çin İrandan 542.386 milyon ton neft, 101.661 milyon ton təbii qaz idxal etmişdir. 2021-ci ildə idxalat səviyyəsi kəskin sürətdə artmışdır (The Diplomat, 2021). Ancaq bütün bunlara baxmayaraq, iki dövlətin enerji üzrə münasibətləri məhdudiyyətlər və müxtəlif problemlərin olması, münasibətlərin məhdud əməkdaşlıq olaraq qalmasına səbəb olur. Bu durumun əsas səbəblərini belə sıralamaq olar:

Burada ilk faktor Vaşinqtonun mövqeyidir. Hər nə qədər İran-Çin münasibətləri inkişaf etsə də, iki dövlətin münasibətlərində ABŞ-Çin, ABŞ-İran münasibətlərinin Çin-İran münasibətələri üzərində əsaslı təsirləri vardır. İkinci səbəb, Çinin enerji diplomatiyasıdır. Burada əsas məqam enerji idxalatçılarını və enerji marşurut xətlərini şaxələndirməkdir. Buna görə Çin Yaxın Şərq regionunda balanslı siyasət yeridir və regionun digər enerji resursları ilə zəngin ölkələri ilə də münasibətlərini inkişaf etdirirərək onlardan neft və qaz idxal edir. İrana sanksiyaların tətbiq olunması İrandan neft idxalını məhdudlaşdırır və regionun digər ölkələrindən idxalın artmasına səbəb olur. Üçüncü səbəb, Münasibətlərin limitli qalmasının digər səbəbi, Çin enerji şirkətlərinin qərb ölkələrinin şirkətləri ilə müqayisədə texnologiya baxımından yetərsiz və təcrübəsiz olmasından iləri gəlir. Son səbəb isə Çin şirkətlərinin siyasi və iqtisadi cəhətdən qeyri-stabil olan və biznes mühitinin səviyəsi baxımından regionun digər ölkələrindən, məsələn BƏƏ-dən, geri qalan İrana investisya qoymasından çəkinməsidir.

Təhlükəsizlik münasibətləri

 Çin və İranın təhlükəsizlik üzrə əməkdaşlığı 1980-ci illərdən etibarən inkişaf etməyə başlamışdır. Bu münasibətlərdə ilk sıranı silah satışı tutur. Belə ki, 1990-cı illərdən başlayaraq İranın silah idxalatında Çin həmişə strateji rol oynamışdır və əksər hallarda idxalatda əsas payı Çin silahları təşkil etmişdir (Conduit və Akbarzadeh, 2018). 2005-ci ildə İranın silah idxalatının 75%, 2012-ci ildə isə silah 68% Çin payına düşmüş və bu trend 2014 və 2015-ci illərdə də davam etmişdir. 2016-cı ildə İran üzərindəki sanksiyaların tədricən götürülməsindən sonra İranın Çindən silah idxalatı kəskin azalmış, Rusiyadan idxal isə 100% artmışdır (Teer və Wang, 2018). 2016-2019-cu illər arasında da bu trend davam etmişdir (SIPRI, 2019).

İki ölkə arasında silah ticarətinə regionun digər ölkələri ilə müqayisəli baxdıqda Çin-İran silah ticarətinin əsasən məhdud səviyədə olduğu və Çinin digər region ölkələri ilə silah ticarətində geri qaldığı görülə bilər. Məsələn Çin İraq, Pakistan, BƏƏ və Səudi Ərəbistana dron ixrac edir, buna qarşılıq İrana dron ixrac etmir. Bundan əlavə olaraq, yuxarıda göstərilən müəyyən illərdə regionda Çindən İran silah idxalatının böyük bir hissəsini İran təşkil etsə də, iki ölkə arasında ortaq silah istehsalına dair müqavilə yoxdur. Buna qarşılıq, Çinin Səudi Ərəbistan və Pakistan ilə ortaq dron istehsalına dair müqaviləsi vardır (Wilson Center, 2020). Nəzərə alsaq ki, Çin İrana dron ixrac etmir və İranla heç bir ortaq silah istehsalına dair müqaviləsi yoxdur, İranın Çin ilə silah ticarətində digər region ölkələrindən geridə qaldığı iddia edilə bilər. Son illərdə sanskiyalar və İranın Rusiyadan silah idxalat etməsi silah ticarətini daha da zəiflətmişdir.

Ortaq hərbi təlimlər baxımından da iki ölkə arasında təhlükəsizlik münasibətlərinin məhdud olduğu müşahidə edilir. Son on ildə Çin ilə İran sadəcə 3 dəfə ortaq hərbi təlimlər keçirmişdir. Bu təlimlərin ilki 2014-cü ildə piratlığa qarşı, ikincisi 2017-ci ildə Hörmüz Boğazında şərqində, üçüncüsü isə 2019-cu ildə Çin, Rusiya və İran arasında Oman körfəzində və Hind okeanında keçirilmişdir. Çin 2010-cu ildən bəri Yaxın Şərqin digər ölkələri olan Türkiyə, BƏƏ, Səudi Ərəbistan ilə də ortaq hərbi təlimlər keçirmişdir, xüsusilə Səudi Ərəbistan və İran ilə münasibətlərdə balansın qorunması üçün 2017 və 2019-cu illərdə həm İran, həm də Səudi Ərəbistan ilə ayrı-ayrı ortaq hərbi təlimlər keçirtmişdir (Wilson Center, 2020). Görüldüyü kimi, Çin ortaq hərbi təlimləri yalnız İran ilə deyil, digər region ölkələri ilə də keçirir. Burada məqsəd Çinin həm region ölkələri ilə münasibətlərini inkişaf etdirmək, həm də hərbi təlimlər vasitəsi ilə silah ixracatını artırmaq imkanı əldə etməkdir.

Ümumən, iki ölkə arasında iqtisadi münasibətlərdəki əməkdaşlıqda olduğu kimi, təhlükəsizlik əməkdaşlığı da məhdud olaraq qalır. Qısa və orta müddətdə də bu tendensiyanın davam edəcəyini ehtimal etmək olar. Bu durumu müxtəlif səbəblər ilə izah etmək olar. İlk səbəb, Çinin İran ilə təhlükəsizlik üzrə münasibətlərini dərinləşdirməkdən çəkinməsidir. Belə ki, İranla ABŞ arasında yarana biləcək hər hansı bir hərbi konflikt Çini ABŞ ilə qarşı-qarşıya gətirə bilər. Bu məqam silah ticarəti baxımından da doğrudur, məsələn Çinin İran ilə silah ticarətini inkişaf etdirməkdən müəyyən qədər ehtiyatlı davranmağa üstünlük verməkdədir, bunun səbəbi silahların regionda İrana bağlı qruplara ötürülməsi ehtimalının olması və ya bu silahların ABŞ-a və ya onun regiondakı müttəfiqlərinə qarşı istifadə etməsi ehtimalı olmasıdır. İkincisi, Çin regionda sadəcə İran ilə deyil, həm də regionun digər gücləri olan Misir, İsrail, BƏƏ, Səudi Ərəbistan və Türkiyə ilə də münasibətlərini inkişaf etdirir, buna görə regionda balanslı hərəkət edərək öz maraqlarını təmin etməyə çalışır. İran ilə təhlükəsizlik sahəsində münasibətlərin strateji əməkdaşlığıa doğru ilərləməsi və dərinləşməsi, Çinin digər region ölkələri ilə balanslı münasibətlərini poza bilər, Çin təhdidi algısını artıra bilər və bütün bunlar Çinin regiondakı maraqlarını zədələyə bilər. Son olaraq, yüksək səviyədə silahlanmış bir İran, Çinin maraqlarınada uyğun deyil, çünki bu İranın regiondakı aqresivliyini daha da artıra və regionda Çinin və digər region ölkələrinin enerji təhlükəsizliyini təhdid edə bilər.

Bütün bunları nəzər alsaq iki ölkə arasında təhlükəsizlik münasibətlərin limitli əməkdaşlığa əsaslandığını,  qısa və orta müddətdə də strateji əməkdaşlığa doğru da inkişaf etməyəcəyini güman etmək olar.

“Çoxtərəfli Strateji Tərəfdaşlıq” çərçivəsində ikili münasibətlərin gələcəyi

 “Çoxtərəfli Strateji Əməkdaşlıq” ilə bağlı danışıqlar 2016-cı ildən başlamışdır.  400 milyard dollar dəyərindəki müqavilə çərçivəsində Çin tərəfindən İranın əsas olaraq neft, qaz, neft-kimya sənayəsinə və nəqliyyat sahələrinə invetisya qoyulması nəzərdə tutulmaqdadır.

Müqavilədə İranın neft ixrac yollarını şaxələndirməsi üçün strateji rol oynaya biləcək Çabahar və Cask limanlarının inkişaf etdirilməsi üçün sərmayə qoyulması nəzərdə tutulmuşdur.

Müqavilə müxtəlif sahələrə sərmayə qoyulmasını nəzərdə tutsa da, bu müqavilənin bağlanmasından sonra iki dövlət arasında münasibətlərin gerçək stratejik əməkdaşlığa doğru inkişaf edə biləcəyi şübhəlidir. Belə ki, əvvala, İran üzərində sanksiyaların qalması və ABŞ ilə münasibətlərin gərgin olması və bunun Çini və Çin şirkətlərini İrana investisya qoymasından çəkindirməkdədir. İkincisi, Çinin Yaxın Şərq regionunda münasibətlərini balanslı siyasət və regionda əməkdaşlıqda İran lehinə hərəkət etməsinin onun regional və qlobal maraqlarını zədələmə ehtimalının olmasıdır. Üçüncüsü, 2013-cü ildən bağlanan müxtəlif layihələrin hələ də sadəcə kağız üzərində qalması, bəzilərinin də fəaliyyətə başladıqdan sonra dayandırılması bu yeni müqavilədəki bütün layihələrin gerçəkləşə biləcəyinə dair şübhələr doğurur.

Nəticə olaraq, son 10 ildə Çin-İran münasibətləri iqtisadi, enerji və təhlükəsizlik münasibətləri baxımından inkişaf etsə də, iki ölkənin beynəlxalq sistem haqqında oxşar düşüncələri olsa da, Çin-İran münasibətlərində iki dövlətin, xüsusən Çinin təhlükəsizlik maraqları, onun İran ilə iqtisadi maraqlarını üstələyir. Çin üçün İran ilə münasibətlərin məhdud səviyədə qalması onun Yaxın Şərqdəki regional maraqları, ABŞ ilə qarşı-qarşıya gəlməkdən çəkinməsi və Yaxın Şərqdə “Çin Təhdidi” algısının artmasının qarşısını almaq baxımından vacibdir. Bundan əlavə, yaxın zamanda İranda 18 iyun 2021 tarixində keçiriləcək prezident seçkilərində Çin və Rusiya ilə əməkdaşlığa reformistlərə nəzərən daha meyilli olan mühafizəkarların qalib gəlməsi halında belə yuxarıda izah olunan müxtəlif səbəblərə görə Çin-İran münasibətlərinin qısa və orta müddətdə limitli qalacağını ehtimal etmək olar.

Mənbə

China Is Buying Record Amounts of Iranian Oil, The Diplomat, March 10 2021, Retrieved March 25, 2021, from https://thediplomat.com/2021/03/china-is-buying-record-amounts-of-iranian-oil/

China Pulls Out of Giant Iranian Gas Project, The Wall Street Journal, October 6 2019, Retrieved March 25, 2021, from https://www.wsj.com/articles/china-pulls-out-of-giant-iranian-gas-project-11570372087

Conduit, Dara and Akbarzadeh, Shahram, (2019), “Great Power-Middle Power Dynamics: The Case of China and Iran”, Journal of Contemporary China, Vol. 28, No. 117, p, 468-481.

Damianova, Kalina, (2015), “Iran’s Re-emergence on Global Energy Markets: Opportunities, Challenges, Implications”, KAS Energy Security Fellow at EUCERS, London, p. 11-37.

Davis, Marybeth; Lecky, James; Chen David və b. (2013), “China-Iran: A Limited

Dubowitz, Mark and Grossman, Laura, (2010), “Iran’s Chinese Energy Partners”, Foundation for Defense Democracies, Washington, p. 8-28.

Garlick, Jeremy and Havlová, Radka, (2020), “The dragon dithers: assessing the cautious implementation of China’s Belt and Road Initiative in Iran”, Eurasian Geography and Economics, p. 1-28, https://www.tandfonline.com/doi/full/10.1080/15387216.2020.1822197

Greer, Lucille and Esfandyar, Batmanghelidj, (2020), “Last Among Equals: The China-Iran Partnership in a Regional Context”, Wilson Center, No. 38, p. 1-48.

Joris, Teer and Wang, Suolao, (2018), “Sino-Iranian Asymmetrical Interdependence in Light of the Iran Nuclear Issue”, Asian Journal of Middle Eastern and Islamic Studies, p. 1-26, https://www.tandfonline.com/doi/full/10.1080/25765949.2018.1475607

Khan, Zahid and Guo, Changgang, (2017), “China’s Energy Driven Initiatives with Iran: Implications for the United States”, Asian Journal of Middle Eastern and Islamic Studies, p. 21-22.

Military Spending and Arms Imports by Iran, Saudi Arabia, Qatar and the UAE, SIPRI, May 2019, Retrieved March 25, 2021, from https://www.sipri.org/publications/2019/sipri-fact-sheets/military-spending-and-arms-imports-iran-saudi-arabia-qatar-and-uae

Partnership”, Centra Technology, p. 17.

Renewable energy cooperation and financing between China and Iran, Green Belt and Road Initiative Center, January 16 2020, Retrieved March 25, 2021, from https://green-bri.org/renewable-energy-cooperation-and-investment-and-financing-between-china-and-iran/?cookie-state-change=1616282926460

Røseth, Tom (2018), “Moscow’s Response to a Rising China”, Problems of Post-Communism, p. 1-19.

South Pars Gas Development Project, Persian Gulf, NS Energy, 2021, Retrieved March 25, 2021, from https://www.nsenergybusiness.com/projects/south-pars-gas-field-persian-gulf-iran/

Top 15 Crude Oil Suppliers to China, World’s Top Exports, Mart 18 2020, Retrieved March 25, 2021, from http://www.worldstopexports.com/top-15-crude-oil-suppliers-to-china/

Trade Exchange Between Iran& China drops by 30 percent, Caspian News, May 1 2020, Retrieved March 25, 2021 https://caspiannews.com/news-detail/trade-exchange-between-iran-china-drops-by-30-percent-2020-4-30-45/

Qəndab Vəliyeva