Amerika

Co Baydenin Minsk Qrupu çərçivəsində danışıqlarla bağlı son çağırışı barədə

Pinterest LinkedIn Tumblr

ABŞ Prezidentinin Minsk Qrupu çərçivəsində danışıqlarla bağlı son çağırışı ilk növbədə beynəlxalq hüquqa və reallıqlara uyğun deyil.

Minsk prosesi onun üçün başlamışdı ki, Ermənistan işğalçılıq siyasəti yürüdərək münaqişəni dərinləşdirirdi, qətliam, soyqırım törədirdi. Məqsəd bu işğalçılığın qarşısını almaq, 1992-ci ilin yayında Minskdə keçiriləcək konfransda tam sülhə nail olmaq, münaqişəni tam həll etmək idi. Amma bir nə işğalçılığın qarşısını almaq üçün əməli iş görüldü, nə də tam sülhə nail olmaq üçün. Hətta bir müddət sonra gördük ki, konfrans məsələsi ümumiyyətlə yaddan çıxıb.

Minsk Qrupunun həmsədrləri 2000-ci illərdən etibarən sadəcə prosesi  monopoliyada saxlamağa çalışdılar, təbii ki, problemi də həlsiz saxlamaqla. Ermənistan provokasiyalarına davam edirdi, Həmsədrlərdən isə səs çıxmırdı. Yəni, Həmsədrlərin imici sülhyaradıcı deyil, sanki prosesi uzatmaq istəyən qrup imicidir.

27 sentyabrdan sonra Azərbaycan məcbur qalıb beynəlxalq hüququ təmin etdi, BMT TŞ-nin qətnamələrini icrasını təmin etdi. İndi qalır sadəcə yekun sülhün imzalanması.

Bundan sonra Həmsədrlərin töhfəsi o ola bilər ki, Minskdə Yekun Sülh Sazişinin imzalanması prosesini təşkil etsinlər ya da orada iştirak etsinlər.

Bölgədə daimi sülhün və əməkdaşlıq mühitinin təmin olunmasına töhfə versinlər. Ermənistanın yenidən münaqişə vəziyyəti yaratmasına mane olsunlar. Münaqişədən sonrakı quruculuğa töhfə versinlər və s.

Amma bunu etməyib, sanki münaqişə davam edirmiş kimi davranmaları, hətta bəzən də Ermənistanı buna təşviq etmələri qüsurludur.

Azərbaycanın Minsk prosesinə yanaşması necə olmalıdır, sualına gəldikdə, Azərbaycan Həmsədrləri məhz Minskdə yekun Sülh Sazişinin imzalanması istiqamətində fəaliyyətə, quruculuğa dəvət etməlidir. Ümumiyyətlə Azərbaycan artıq kiminsə hansısa qeyri-müəyyən prosesə dəvət edəcəyi tərəf deyil.

Ermənistan hakimiyyəti kənar və daxili təhriklərdən nə qədər uzaq dursa o qədər yaxşı olar: həm ümumi bölgə üçün, həm də Ermənistanın özü üçün.

Rusiyaya gəldikdə bu dövlət bir yandan qlobal rəqiblərinin Qafqaza geri qayıtma imkanlarını məhdudlaşdırmaq istəyir. Bu mənada 10 noyabr razılaşması ilə davam etmək istəyir. Digər yandan isə sanki münaqişənin tam həllinə özünü hazır hesab etmir və “qeyri-müəyyənliyin” bir qədər davam etməsini istəyir.

Əslində bütün tərəflər üçün daimi sülhə ən qısa zamanda keçmək ən doğru yoldur. Özünü 44 günlük müharibənin “itirən tərəfləri” kimi görənlər də düşünməsinlər ki, hansısa qarışıqlıq üçün fürsətlər axtarmaq lazımdır. Qeydi-müəyyənlik və münaqişənin yenidən başlaması ehtimalı hamı üçün risklidir. Amma ən çox da 44 günlük müharibənin itirənləri üçün.

Araz Aslanlı