Araşdırmalar

Prezident İlham Əliyevin Gürcüstana səfəri, Azərbaycan-Gürcüstan münasibətləri və bölgədəki son proseslər

Pinterest LinkedIn Tumblr

1. Ümumiyyətlə Azərbaycan-Gürcüstan münasibətləri və Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı “soyuq müharibə”dən sonrakı mərhələdə davam edən ən uğurlu əməkdaşlıq modelidir. Bu qədər gərgin regionda bu qədər uğurlu və çoxşaxəli əməkdaşlıq, bu qədər qlobal əhəmiyyətli regional layihələrin birlikdə reallaşdırılmasının başqa nümunəsi yoxdur.
2. 44 günlük müharibədən sonrakı mərhələdə Zəngəzur dəhlizi, İran üzərindən yol və s. kimi məsələləri fərqli formada gündəmə gətirərək (təhrif edərək) Gürcüstan ilə əməkdaşlığın əhəmiyyətini azaltmağa və beləcə Azərbaycan ilə Gürcüstan arasındakı münasibətləri zəiflətməyə çalışmaq stratejik cəhətdən yanlış olardı və Azərbaycan bu yanlışa düşmədi.
Azərbaycanın 30 ildə gəldiyi uğurlu nöqtədə uğurlu balanslaşdırılmış siyasətin və Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli formatının böyük rolu var. Bu format gələcəkdəki istənilən əməkdaşlıq formatlarının ya özülü olacaq ya da müsbət bir alternativi, amma daim canlı olacaq.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birgə mətbuat konfransında iki dəfər ikitərəfli münasibətləri “strateji ərəfdaşlıq” kimi xarakterizə etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstandakı görüşdə ikitərəfli münasibətlərin strateji xarakterini xüsusi vurğuladı, hətta strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qaldığını qeyd etdi.
3. Cənubi Qafqazda qalıcı (ən azı uzunmüddətli sülh) bölgə dövlətlərinin öz aralarında yaradacaqları sülh olacaq. Bu sülh bütün dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, əməkdaşlıq potensialının birgə reallaşdırılmasına, bütün komminikasıya xətlərinin açılmasına və birgə istifadəsinə əsaslanmalıdır. Bu çərçivədə birgə layihələr reallaşdırıla bilər. Azərbaycanın bu istiqamətdəki təşəbbüslərinin Gürcüstan tərəfinən açıq şəkildə dəstəklənməsi müsbət haldır. 4. Amma Ermənistanın başqa dövlətlərin maraqları naminə bölgədə oynadığı dağıdıcı rol bu sülhə imkan vermir. Bu bir qədər Ermənistanın özündən, bir qədər də xarici dövlətlələrdən qaynaqlanır. 44 günlük müharibədən sonra Ermənistanda proseslərdən dərs çıxaranların sayı artır, amma hələ ki, arzuolunan səviyyədə deyil. Bu istiqamətdə qalıcı irəliləyiş üçün Ermənistan üzərindən oyun oynamağa çalışan bəzi dövlətlərin də mövqeyinin dəyişməsi vacibdir.
5. Azərbaycan-Türkiyə-Gürcüstan formatının canlı qalması üçün yaxında Türkiyə və Gürcüstan rəsmilərinin, daha sonra isə üçtərəfli formatda yüksək səviyyəli görüşlərin keçirilməsi, yeni əməkdaşlıq imkanlarının müzakirə edilməsi faydalı olar.

Araz Aslanlı