Araşdırmalar

Baş nazirin müavinləri görüşür: Zəngəzur dəhlizi açılır?

Pinterest LinkedIn Tumblr

“Önümüzdəki həftədə kommunikasiyalar məsələsi ətrafında daha mühüm irəliləyişlər əldə edilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy gələn həftə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri arasında olacaq görüşünü şərh edərkən deyib.

Ekspert bildirib ki, kommunikasiya məsələlərilə bağlı hətta müqavilə də imzalana bilər:

“Baş nazirlərinin müavinləri arasında kommunikasiyaların açılmasına dair sənəd üzərində müzakirələr gedir. Görünür, bəzi detallarla bağlı problemlər mövcuddur. Baş nazirlərin müavinləri səviyyəsində keçirilən formatda tərəflər əsasən kommunikasiyaların açılması, sərhədin delimitasiya və demarkasiyası məsələlərilə məşğul olurlar. Dünən 3 ölkə lideri arasında olan qısa görüşdə ola bilsin ki, müəyyən razılaşmalar əldə edilib. Tərəflər bundan öncəki proseslərdə məsələ barədə müəyyən mesajlar vermişdi. Paşinyan Moskvaya gəlməmişdən əvvəl bildirmişdi ki, kommunikasiya məsələlərilə bağlı hətta müqavilə də imzalana bilər. Zəngəzur dəhlizilə bağlı da müəyyən mesajlar gündəmə gəldi”.

Ekspert bildirir ki, baş nazirin müavinləri arasında görüşdə müəyyən məqamların dəqiqləşdirilməsi prosesi davam etdiriləcək:

“Hətta son dövrlər hansısa bir sənədin imzalanması ehtimalı da vurğulanır. Ola bilsin ki, indi onun hazırlanması mərhələsidir. Moskva görüşünün ardınca Soçidə toplantı olacaq. Soçidə də kommunikasiya ilə bağlı bəzi addımların atılacağı gözlənilir”.

Qeyd edək ki, üç ölkə liderinin Moskva görüşündə Putin gələn həftə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində növbəti görüşün olacağını bildirib.

Dr. Nazim Cəfərsoy