Çağdaş siyasət nəzəriyyəçiləri artıq modern deyil, “gec modern” dövrdə yaşadığımızı əsaslandırırlar. Bu deməkdir ki, liberalizmin universal narrativi əsasında formalaşdırılan liberal demokratiya etibarlılığını itirmişdir. Burada Hayek kimi siyasi filosoflar müdafiə edərək, Amerikalı siyasət nəzəriyyəçisi Vendi Braun (Wendy Brown) kimi siyasət nəzəriyyəçilərinin təhdid olaraq qəbul etdikləri “dünyanın yeni ağlı” kimi qələmə verilən neoliberalizm həlledici rol oynayır. Modern dünyanın siyasi mahiyyətinin formalaşmasına dair müxtəlif nəzəriyyə və yanaşmalar vardır. Bu nəzəriyyə və yanaşmalar arasında Alman siyasi filosof Karl Şmitin (Carl Schmitt) məkan anlayışına əsasən irəli sürdüyü nəzəriyyəsi diqqət çəkir. Belə ki, Şmitə görə modern dünyanın formalaşmasını məkan konteksində baş vermiş inqilabi dəyişikliklərlə əsaslandırmaq mümkündür. Bu dəyişikliyin aparıcı gücü isə İngilislər olmuşdur. Misal üçün 1571-ci ildə baş vermiş İnəbaxtı və 1588-ci il İspan və İngilis donanmaları arasındakı dəniz müharibələri dəniz savaşlarının idarə edilməsi baxımından yeniliklərə səbəb oldu. Çünki artıq donanmalar gəmilərini Avropanın daxili dənizi olan Aralıq dənizinin (məkanın) xaricinə okeanlara çıxarmağı düşünməyə başlayacaqdılar. İlk olaraq Hollandlar, ardınca İspanlar və Portuqallar qurudan dənizlərə, okeana yelkən açdılar. Beləliklə orta əsr dünyasını ayaqda saxlayan doğmalara, inamlara əks arxeoloji qazıntılar aparılmağa başlandı. Modernizmin doğum mərhələsində elm adamlarının kilsə tərəfindən aforoz edilməsinin səbəbi də məkana dair elmi yanaşmanı durdurmaq təşəbbüsü olmuşdur. Məlum modern dövrün yeni elm adamlarının məkana dair nəzəriyyələri kilsənin məkan anlayışının əksinə idi. Din ortadan qalxmamaqla bərabər dinin anlayışları yeni məkan anlayışına uyğunlaşdırılaraq sekulyar bir görüntü qazanmış oldu.
Universal liberal narrativ əsasında inşa edilən modern dövrün əsas iddiası azadlıq (freedom) və bərabərlik (equality) iddiası idi. Bu proses Platonun dövlətində, Aristotelin politikasında qədim dövrün məkan anlayışının fərqliliyindən ötrü azadlıq və bərabərlik fərqli konteksdə şərh edilmişdir. Mülkiyyət toxunulmazlığı ilə də kollektiv həyatın təmin olunmasını mümkün etmişdir. Modern dünyada dövlətlərin vətəndaşlara vədi “azadlıq” və “bərabərlik” olduğu dövlətlər vətəndaşlarından suverenliklərini legitimləşdirməyi gözlədilər. Bir baxıma millətlərin funksiyası dövlətlərin suverenliyinin hüquqi mənbəyi olmaqdır. Bu baxımdan çəpər (fence) anlayışı modern suveren dövlətlərin sərhəd anlayışını ifadə etmək üçün ən uyğun termindir. Con Lokkun liberalizmin “incili” olaraq da ifadə edilən İki traktatında istifadə edilən terminlər arasında çəpər (fence) termininə diqqət etmək lazımdır. Çəpər çəkmək məkan üzərində modern siyasi hakimiyyəti ifadə edir. Bunun nəticəsində formalaşan hüquq tədricən milli-dövlətlərə çevrilən modern dövlətin suverenliyini toxunulmaz qıldı.
Ancaq ötən əsrin 70-ci illərindən etibarən ədəbiyyatda, sənətdə, fəlsəfədə ortaya çıxan postmodern yanaşma liberalizmin universal və meqa narrativini sarsırtmağa başladı. Belə olan halda modern cəmiyyətlərdə universal liberal narrativ çərçivəsində formalaşdırılmış siyasi bölgü sarsılmağa başladı. Bununla bağlı Anglo-Sakson ölkələrdə, xüsusilə ABŞ-da ağların üstünlüyünün sarsıldığına dair kifayət qədər tədqiqatlar ortaya çıxdı. Digər tərəfdən Azərbaycanın da əsas tərəfdaşlarından biri olan Qoşulmama Hərəkatı (Non-Aligned Movement)-nın ortaya çıxması və BMT təhlükəsizlik şurasına Qoşulmama Hərəkatından daimi üzv verilməsinə dair təkliflərin səsələndirilməsi, dünyanın müxtəlif yerlərində davam edən müharibə və münaqişələr, qlobal xarakter alan miqrasiyasının modern dövlətin toxunulmazlığı sayılan suverenliyi sarsırtması, iqlim dəyişikliyi, süni intellekt və.s göstəricilər artıq modern məkan anlayışının siyasi etibarlılığının qalmadığını göstərir.
İqtisadi münasibətlərin modern dövlətlərin nəzarət imkanının daha çox olduğu istehsal iqtisadiyyatından neoliberal finans iqtisadiyyatına keçidi modern dövlətə kəskin bir zərbə olaraq görülə bilər. Neoliberalizmin yüksəlişini Vendi Braun kimi siyasət nəzəriyyəçiləri siyasi suverenlik və xalqın idarəetmə haqqında qərar vermə, iştirak haqqının əlindən alınması olaraq əsaslandırırlar. Xüsusilə ötən əsrin sonlarından ortaya çıxan trans-milli şirkətlər (overseas companies) dövlətlərin imtiyazlarını sarsıtmağa başladı. Bütün bunlarla bərabər modern dövlətlər Alman siyasi filosof Yürgen Habermasın (Jürgen Habermas) ötən əsrin sonlarında milli-dövlətlərin aqibətinə dair yazdığı əsərində qeyd etdiyi kimi millətləri yəni demokratiyanı fəda etmək bahasına güclənməni seçdilər.
Karl Şmitə əsaslanaraq belə demək mümkündürsə dünya yeni məkan inqilabının astanasındadır. Belə olan halda kəskin və gərgin dəyişikliklərin, böhranların mövcudluğu “anlaşılandır”. Xülasə artıq Avropada Volter, Azərbaycanda Axundzadə kimi aydınlanma aydınlarının müdafiə etdiyi modern narrativin artıq siyasi etibarlılığı qalmamışdır. İnsanlıq artıq yeni siyasi konfiqurasiyanın astanasındadır.